Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.03.2024 14:45
  • A-
  • A
  • A+

Folklor İnstitutunun əməkdaşı İctimai radionun “Can, Azərbaycan” verilişinin qonağı olub

Folklor İnstitutunun əməkdaşı İctimai radionun “Can, Azərbaycan” verilişinin qonağı olub

AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu İctimai radionun “Can, Azərbaycan” verilişinin qonağı olub.

Tanınmış aparıcı Pərvanə Nadirqızının müəllif proqramı olan verilişdə vurğulanıb ki, insan təbiətsiz, təbiət insansız yaşaya bilməz. Təbiət başqa canlılarla insana mahiyyətcə fərq qoymur, yəni təbiətdəkilərin insan kimi dünyanı dərk etmək imkanı yoxdur. Ancaq insan təbiətin səhvini düzəldir, başqa canlılardan fərqi olduğunu nəzərə çarpdırır. Minillər öncə dünya indiki deyildi. Təbiətin indiki formaya, hala gəlməsi birdən-birə olmayıb. Minillər öncə dünyadakı insanların ağıl səviyyəsi də şübhəsiz, indiki kimi deyildi. Təbiət insana qoynunda səxavətlə yer vermişdi.  İnsan dünyaya heyran idi: təiətin nemətlərindən faydalanırdı. Gördüyü nə varsa, anlamağa çalışırdı. Günəşin doğması, batması, yağışın yağması, ildırımın çaxması ona qəribə gəlirdi, bunun səbəbini tapmağa çalışırdı. Ağlının gözü açıldıqca qarın yağmasını möcüzə sayırdı, çayın axmasını mənalandırırdı. Əcdad insana səma – göy çox uca, əlçatmaz gəlirdi, dağda isə nəsə qəribə bir həyanlıq, vüqar duyurdu.

Dünyada çoxlu xalqlar, bunların hər birinin yaranışla, təbiətlə bağlı təsəvvürləri var. Xalqımızın qədimdən bəri təbiətlə bağlı formalaşan qənaəti bu gün də canlıdır, yaşarıdır, örnək sayıla bilər.

Bu gün təbiətin qorunması ilə bağlı çağırışlar artdıqca insanın acınacaqlı durumu düzəldəcəyi ümidləri də artır. İnsan-təbiət münasibətləri pozulub: ümumən dünyada insanın təbiətə yad, amansız münasibəti səngiməyincə, azalmayınca, yox olmayınca fəlakət qaçılmaz olacaq. Deməli, insanın içində təbiətə öncəki dönəmlərdəki kimi doğma, yaradıcı münasibət formalaşmalıdır. Azərbaycan insanı əcdaddan gələn doğaya (təbiətə) münasibəti yaradıcı inkişaf etdirməklə dünyaya örnək ola bilər. Bu, bizim mənəvi borcumuzdur. Həm də meşə fondunun, içməli su imkanının az olduğu ölkəmizdə təbiətə ruhsal (mənəvi) münasibət bəsləməyimiz təbii sayılmalıdır. Qloballaşan (kürəsəlləşən) dünyada bu və başqa problemlər isə artmaqdadır.

İlkin mifoloji düşüncədə Tanrıçılıq görüşləri əcdadın dünyaya, həyata, insana, təbiətə münasibətini formalaşdırdı. Qədim türk panteonu (allahlar sistemi) Xeyirlə Şərin  savaşı, Şərin gec-tez məhv olacağına inam ideyası üzərində qurulub. Əcdad ətrafda – təbiətdə nə görürsə, ağlının imkanları açıldıqca, artdıqca mənalandırmağa çalışırdı. Səhərin cəzbində, Çayın axarında, Dağların vüqarında, Səmanın ucalığında, Günəşin doğuluşunda – şəfqətində, Qürubun qubarında (Günəşin batmasında), Gecənin sehrində mənliyini görürdü, duyurdu, bu hissi fitrətən yaşayırdı. Bu, insan yaradıcılığının elə bir səviyyəsidir ki, zaman-zaman əcdadın soy daşıyıcılarının xalq olmaq, dövlət qurmaq, bir sözlə, hər mənada var olmaq imkanlarını yaradıb, təsdiq edib. Azərbaycan insanının təbiətə səcdəli olması – fitrət işidir, milli olduğu dərəcədə bəşəri keyfiyyətdir. Bu ilahi-insançı duyğu Azərbaycan folklorundan əsas xətlə keçir.

Təbiətə fitrətən doğma, yaradıcı münasibətimiz bu torpaqların köklü-köməcli, qədim sakinləri olduğumuzu sübut edir: ana dilimizin, adət-ənənələrimizin, folklor düşüncəmizin zənginliyi həm də təbiətə ilahi münasibətimizlə bağlıdır. Əcdad düşüncəmizdə torpaq – müqəddəsləşən məkandır; torpaqda yaranan nə varsa, mənalandırılıb, dəyərləndirilib. Bu duyğu-düşüncənin yaradıcı inkişaf etdirilməsi çağımızda olduqca gərəklidir.

Verilişdə Azərbaycan folklorunun müxtəlif janrlarında insan-təbiət mövzusu ilə bağlı örnəklərdən misallar gətirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: