Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İlqar Orucov: Qalib Azərbaycan dövləti elm adamlarının üzərinə böyük vəzifələr qoyur
27.03.2024 10:20
  • A-
  • A
  • A+

İlqar Orucov: Qalib Azərbaycan dövləti elm adamlarının üzərinə böyük vəzifələr qoyur

Martın 27-si Azərbaycanda Elm Günüdür. Bu əlamətdar gün Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən təsis edilib. Bu tarix, eyni zamanda, Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) yarandığı (1945-ci il, 27 mart) günə təsadüf edir. Fikrimcə, martın 27-si təkcə Azərbaycan Milli Elmlər Akademiyasının yaranma günü deyil, həm də elm ictimaiyyətinin hesabat günüdür. Elm Günü bu sahədə aktiv fəaliyyət göstərən şəxsin özünə hesabat verdiyi gündür. Məsələn, ötən dövrdən bu günə qədər hansı nailiyyətlər əldə edilib, nəyə müvəffəq olunub və s. Eyni zamanda, elm adamı bu gündə növbəti il ərzində görəcəyi işləri planlaşdırır və qarşısındakı hədəfləri bir daha müəyyənləşdirir.

Bu fikirləri açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov söyləyib. O bildirib ki, Azərbaycan elminə qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində çox vacib prioritetlərdən birini təşkil edir.

“Müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən başlayaraq respublikamızda elmə qayğı, elm adamlarını narahat edən problemlərin həlli, eləcə də onların daha effektiv fəaliyyət göstərməsi istiqamətində davamlı işlər görülüb. Bu gün həmin işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda elmə münasibət, dövlətin inkişafında elmin rolu düzgün müəyyənləşdirilib və elmin inkişafı üçün münbit şərait yaradılıb.

Azərbaycanda elmə göstərilən diqqət və qayğını əks etdirən məqamlar elm adamlarına bəllidir. Bu istiqamətdə dövlətin atdığı addımlardan konkret faktlarla danışmışıq. Hesab edirəm ki, bundan sonrakı dövrdə Azərbaycan elminin qarşısında hansı vəzifələrin durması ilə bağlı fikir və düşüncələri paylaşmaq yerinə düşər. Dövlətimizin başçısı hər zaman elm adamları ilə görüşündə, onlara müraciətində ölkənin inkişafında elmin rolunu hansı məqamda görmək istədiyini dilə gətirib. Dövlət büdcəsində elmin maliyyələşdirilməsi ilə bağlı məsələ hər zaman Prezidentin diqqət və qayğısı ilə əhatələnib. Azərbaycan elminin dünya səviyyəsində inkişafı ilə bağlı düşüncələr və baxışlar ortaya qoyulub”.

İlqar Orucov Azərbaycanda elmi işlərin maliyyələşdirilməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən Elm Fondunun yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, bu gün Azərbaycanda elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazası xeyli gücləndirilib, onlar ən müasir avadanlıqla təmin edilib: “Azərbaycanda, həmçinin elmi kadrların hazırlığı məsələsi diqqət mərkəzindədir. Xatırladaq ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ikili diplom proqramları həyata keçirilir. Dövlətimizin başçısı Azərbaycan ali təhsil müəssisələrinin elmi potensialını gücləndirmək istiqamətində konkret işləri ortaya qoyur. Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, elmtutumlu ölkələrdə universitetlər təkcə ali təhsil verən müəssisələr deyil, həm də elmi müəssisələr rolunda çıxış edir. Əslində onların istehsal etdikləri məhsullar yeni texnologiyalar, innovasiya məhsullarıdır.

Hesab edirəm ki, Azərbaycanda elmin idarə edilməsinin yüksəldilməsi, səmərəliliyinin artırılması məqsədilə Elm və Təhsil Nazirliyinin yaradılması çox mühüm qərarlardan biridir. Nazirliyin yanında məhz bu sahəyə cavabdeh olan və idarəetməni şaxələndirmək məqsədilə yaradılmış Elm və Ali Təhsil üzrə Dövlət Agentliyini buna nümunə göstərmək olar. İdarəetmədə olan bu islahatlar yaxın gələcəkdə öz töhfələrini verəcək”. 

Təhsil eksperti hər il ən mühüm elmi nailiyyətlərinə görə alimlərin əməyinin stimullaşdırılması istiqamətində addımlar atıldığını vurğulayıb. Qeyd edib ki, həmin işlərin Dövlət Mükafatına layiq görülməsi həm də bir motivasiyadır: “Qalib Azərbaycan dövləti elm adamlarının üzərinə böyük vəzifələr qoyur. Otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız bu gün azaddır. Həmin ərazilərdə “ağıllı” şəhərlər, kəndlər yaradılır, ən müasir məktəblər tikilir. İşğaldan azad olunmuş ərazilərdə ali təhsillə bağlı mühüm qərarlar verilir. Qarabağ Universitetinin yaradılması haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamı işğaldan azad olunmuş ərazilərə elm və təhsilin qayıdışının nümunəsidir. Bizi yeni çağırışlar gözləyir. Dördüncü Sənaye İnqilabının çağırışları, qlobal müstəvidə rəqabətə davam gətirmək üçün elm və texnologiyanın, təhsil imkanlarının səfərbər edilməsi təhsilin inkişafına qayğının nəticəsidir.

Azərbaycan elminin gələcəyi ilə bağlı nikbin danışmaq olar. Azərbaycanda mövcud olmuş elmi məktəblər yeni nümunələr yaratmağa qadirdir”.

AzərTac

  • Paylaş: