Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanda elm və təhsilin inteqrasiyası yeni mərhələdə
27.03.2024 15:36
  • A-
  • A
  • A+

Azərbaycanda elm və təhsilin inteqrasiyası yeni mərhələdə

Bu gün Azərbaycan elminin inkişafı, dünya elminə inteqrasiyası istiqamətində həm dövlət, həm də elmi-tədqiqat və ali təhsil müəssisələrində çalışan elm adamları, ziyalılar tərəfindən məqsədyönlü, kompleks tədbirlər həyata keçirilir. Alimlər beynəlxalq elmi layihələrdə fəal iştirak edir, müasir çağırışları diqqətdə saxlayır, əldə etdikləri mühüm elmi nəticələrlə dünyanın nüfuzlu reytinq siyahılarında layiqincə təmsil olunurlar. Elm və təhsilin inteqrasiyası şəraitində yetişmiş gənclər elmimizin inkişafına mühüm töhfələr verirlər.

Bu fikirləri açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova 27 Mart – Azərbaycanda Elm Günü haqqında danışarkən deyib. O bildirib ki, bu gün hər kəsin diqqətinin elm sahəsinə yönəlməsi, uğurlu əməkdaşlıq əlaqələrinin qurulması, elmin problem və vəzifələrinin yenidən müəyyənləşdirilməsi, həmçinin ölkəmizin gələcək inkişafı və alimlərin bu inkişafda rolunun artırılması üçün geniş imkanlar yaradılıb: “Elmin maliyyələşdirilməsinin optimallaşdırılması, elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının dərinləşdirilməsi, beynəlxalq əlaqələrin inkişafı, elmi infrastrukturun modernləşdirilməsi, xüsusən süni intellekt texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi, ictimai həyatın bütün sferalarında elmi potensialdan səmərəli istifadənin təmin edilməsi hazırda elm sahəsində dövlət siyasətinin əsas məqsədləri və prioritetləridir.

Prezident İlham Əliyev bu sahənin inkişafını hər zaman diqqətdə saxlayıb. Dövlətimizin başçısının “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanı ölkəmizdə elm sahəsinə göstərilən diqqətin daha bir nümunəsidir. Bu Fərmanla Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb. AMEA ilə Elm və Təhsil Nazirliyinin ölkəmizdə elm siyasətinin həyata keçirilməsində birgə fəaliyyət göstərməyə başlaması Azərbaycan elminin yeni mərhələdə inkişafının əsasını qoyub, elm və təhsilin inteqrasiyası istiqamətində mühüm vəzifələr müəyyənləşdirib. AMEA-nın tərkibindəki elmi müəssisələrin bir qismi Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Humanitar və İctimai Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatlar və digər bir neçə qurum isə AMEA-nın tabeliyində fəaliyyətini davam etdirib.

Ölkə rəhbərinin 2023-cü il 3 noyabr tarixli Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi təsdiq edilib. Nizamnamədə Azərbaycan Milli Elmlər Akademiyasının hüquqi statusu “Azərbaycan Respublikasında elmin inkişafının təmin edilməsində və elm sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən dövlət ali elmi təşkilatı” olaraq müəyyən edilib.

Səksən illik şərəfli bir tarixi olan AMEA bu gün akademik İsa Həbibbəylinin rəhbərliyi altında öz fəaliyyətini davam etdirir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin sentyabr ayında Qarabağda həyata keçirilən lokal xarakterli birgünlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ötən ilin ən əlamətdar hadisəsi olub. Azərbaycanın tarixi qələbəsi ilə AMEA da növbəti mərhələyə qədəm qoyub, Azərbaycan elmi üçün yeni istiqamətlər müəyyənləşdirilib. İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı tədqiqatlar daha da aktuallaşıb”.

Nərgiz Qəhrəmanova qeyd edib ki, Prezident İlham Əliyevin Qarabağ Universitetinin yaradılması haqqında 2023-cü il 28 noyabr tarixli Sərəncamı işğaldan azad edilmiş ərazilərə elm və təhsilin qayıdışının daha bir nümunəsidir: “Bu qərar milli layihənin həyata keçirilməsi üçün bu işə məsul olan hər kəsdən öz səylərini birləşdirməyi tələb edir.

2023-cü ilin ən mühüm hadisələri sırasında “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən tədbirlər xüsusi yer tutur. Ulu Öndərin zəngin irsinin tədqiqi və təbliği, müdrik dövlətçilik fəaliyyətinin öyrənilməsi istiqamətində AMEA-da çoxsaylı tədbirlər – konfrans, simpozium və seminarlar keçirilib, məqalələr, kitab və monoqrafiyalar hazırlanıb, sərgilər təşkil edilib. Ötən il həm də Türk dünyası ilə əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) ilə AMEA arasında əməkdaşlıq müxtəlif sahələr üzrə inkişaf etdirilib.

Bu il fevralın 29-da keçirilən Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında 2023-cü ilin AMEA üçün yeni yüksəliş mərhələsi kimi xarakterizə olunduğu vurğulanıb. Bildirilib ki, 2023-cü ildə akademiyanın alimləri tərəfindən 500-ə yaxın kitab və monoqrafiya, 3000-ə yaxını xaricdə olmaqla 9500-ə yaxın məqalə və tezis çap etdirilib. Alim və tədqiqatçıların əsərlərinə 31 minə yaxın istinad qeydə alınıb.

Əldə etdiyi mühüm elmi nailiyyətlərinə görə Azərbaycan alimləri Stenford Universitetinin 2023-cü il reytinq siyahısına daxil ediliblər. Ölkəmizdən müxtəlif elm sahələri üzrə bu siyahıya 2020-ci ildə 2 alimin, 2021-ci ildə 8, 2022-ci ildə 14, 2023-cü ildə isə 13 alimin adı daxil edilib.

AMEA-da gənclərin elmə cəlb olunması, onların əməyinin stimullaşdırılması istiqamətində mühüm addımlar atılır, gələcək elmi nəsillərin formalaşdırılması məqsədilə doktorantura təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı işlər görülür”.

N.Qəhrəmanova 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi qərarının dünya ölkələrinin Azərbaycan dövlətinə və xalqına, dövlətimizin başçısının siyasətinə etimadının göstəricisi olduğunu diqqətə çatdırıb: “COP29 kimi mötəbər konfransın ölkəmizdə keçirilməsi, həmçinin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Prezidentin Sərəncamı müvafiq qurumlar, alimlər qarşısında mühüm vəzifələr qoyur.

Elm inkişaf etmədən cəmiyyətin inkişafını təsəvvür etmək mümkün deyil. Bu gün Azərbaycanda elmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə göstərilən diqqət və qayğı, xüsusən gənclərin elm sahəsində fəallığı Azərbaycan üçün böyük və işıqlı gələcək vəd edir.

İnanırıq ki, alim və ziyalılarımız bundan sonra da Azərbaycan elminin inkişafı və ölkəmizin çiçəklənməsi naminə öz töhfələrini verməyə, yüksək nailiyyətlər əldə etməyə davam edəcəklər.

Azərbaycan elminin davamlı və dayanıqlı inkişafı naminə elmlə məşğul olan hər kəsi təbrik edir, onlara bu yolda yeni zirvələri fəth etməyi arzu edirik”.

AzərTac

  • Paylaş: