Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Rəyasət Heyətinin Elmi irs şöbəsi maddi-mədəni irsimizin ayrılmaz tərkib hissəsidir
29.03.2024 12:44
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin Elmi irs şöbəsi maddi-mədəni irsimizin ayrılmaz tərkib hissəsidir

Elmi irsin öyrənilməsi istiqamətində aparılan işlər Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və əhatə etdiyi elmi müəssisələrin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatının I cildində öz əksini tapıb. Hesabat ilində “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn vəzifələr yerinə yetirilib.

Arxiv sənədlərinin etibarlı mühafizəsi, arxiv xidmətinin dövrün tələblərinə uyğun modernləşdirilməsi və səmərəli fəaliyyətin təşkil olunması məqsədilə AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin İnformasiya Təminatı və Elektron Xidmətlər Mərkəzi, Azərbaycanda “DİVİ Corporation” MMC, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elektron Resurslar şöbəsi, o cümlədən Rusiya Elmlər Akademiyasının Arxiv İdarəsi ilə əməkdaşlıq əlaqələri qurub.

2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması və akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi, o cümlədən akademiklər – Ziya Bünyadov və Cahangir Kərimovun 100, akademiklər – Mirəsədulla Mirqasımovun 130 və Püstə Əzizbəyovanın 95 illik yubileylərilə əlaqədar Elmi irs şöbəsinin fondlarında qorunan çoxsaylı arxiv sənədləri və fotoşəkillər Rəyasət Heyətinə təqdim edilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin 2021-ci ildə yaradılmış 41 nömrəli şəxsi fonduna yaradıcılıq, xidməti və illüstrativ materiallar əlavə edilib. Tarix elmləri doktoru, dosent Zemfira Hacıyevanın şəxsi fondu yaradıcılıq materialları ilə zənginləşdirilib.

Bundan əlavə, Ümumittifaq Torpaqşünaslıq və Ümumittifaq Coğrafiya cəmiyyətlərinin üzvü, 1950-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Partiya Komitəsinin katibi, 1952-1957-ci illərdə AMEA-nın akademik-katibi, Dünya Universitetinin elm və mədəniyyət üzrə doktoru (ABŞ), İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü, eləcə də 1968-1987-ci illərdə Azərbaycan SSR EA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru olmuş AMEA-nın həqiqi üzvü Həsən Əliyevin şəxsi fondunun zənginləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Akademik Həsən Əliyevə məxsus çoxsaylı sənədlər elmi ekspertizadan keçirilərək arxiv siyahılarına uyğun fonda daxil edilib. Azərbaycanın təbii sərvətlərindən səmərəli istifadə olunması və onların mühafizəsi, müxtəlif rayonların torpaq xəritələrinin tədqiqi, təbiətdən və təbii sərvətlərdən istifadənin elmi əsaslandırılması ilə bağlı Azərbaycan elminin dəyərli tədqiqat əsərləri Elmi irs şöbəsində daimi mühafizəyə cəlb edilib. Fondda görkəmli coğrafiyaşünas alimin elmi-populyar məqalələri, xəritələr, redaktə etdiyi əsərlər, beynəlxalq və ümumittifaq konfranslardakı giriş nitqləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinə dair sənədlər, səfər təəssüratları və xatirələri yer alıb. Akademikə məxsus fondda, həmçinin ətraf mühitə dair elmlər, kənd təsərrüfatı, ekologiya, bitkiçilik və coğrafiyanın inkişafına töhfələr verəcək araşdırmalar siyahılara uyğun olaraq yerləşdirilib.

Azərbaycanın görkəmli alimlərinin şəxsi fondlarının zənginləşdirilməsi işi davam etdirilir. Belə ki, hesabat ili ərzində tarix elmləri doktoru, professor Süleyman Əliyarlıya məxsus zəngin materiallar elmi ekspertizaya cəlb edilərək şöbəyə qəbul olunub.

Akademik İsa Həbibbəylinin rəhbərliyi ilə tarix elmləri doktoru, dosent Zemfira Hacıyevanın Elmi irş şöbəsində mühafizə edilən unikal arxiv materialları, Rusiya və digər ölkələrdən gətirilmiş sənədlər əsasında aparılan yeddiillik tədqiqatlar nəticəsində “Azərbaycan Milli Elmlər Akademiyasının yaranma tarixi (1920-1945-ci illər)” adlı əsər 2023-cü ildə ərsəyə gəlib. Azərbaycanda elmin inkişaf tarixindən bəhs edən və Akademiyanın 75 illik yubileyinə həsr edilən fundamental əsər Moskvada “İqtisadiyyat” nəşriyyatında çap olunub. Monoqrafiyaya Vatikanın və Rusiyanın arxivlərində mühafizə edilən fotoşəkillər, eləcə də 34 alimin fotosu, sənədlərin əsli, ilk dəfə sektor, bölmə və institutların yaranma tarixlərinin qeyd olunduğu 23 cədvəl tərtib edilib.

Elmi irs şöbəsi hesabat ili ərzində Ekspert yoxlama komissiyasının işini davam etdirib. Ümumilikdə Ekspert yoxlama komissiyası tərəfindən ləğv edilmiş Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosu, Kimya Elmləri Bölməsi, Maliyyə və mühasibat şöbəsinə aid tarixi, elmi və praktiki əhəmiyyətini itirmiş sənədlər qanunauyğun aktla məhv edilib.

Həmçinin arxiv işinin səmərəli təşkilini təmin etmək məqsədilə AMEA-nın, eləcə də Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən müəssisələrə arxiv işinə və kargüzarlığa dair metodiki yardım göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: