Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elm və təhsilin inteqrasiyası istiqamətində tədbirləri davam etdirir. Belə ki, dekabrın 8-də 132-134 saylı təhsil kompleksinin müəllim və şagirdləri AMEA-nın 70 illik yubileyi çərçivəsində akademiyanın əsas binasında təşkil edilən sərgi ilə tanış olublar.
Akademiyanın yeddi elmi bölməsinin tərkibindəki institut və təşkilatlar, regional elmi mərkəz və bölmələr, o cümlədən Rəyasət Heyətinin guşələrinə qoyulan eksponatlar məktəblilərin marağına səbəb olub. Bölmənin pavilyonunda şagirdlərə bu elmi müəssisələrin strukturu, yaranma tarixi ilə bağlı ətraflı məlumat verilib. Həmçinin AMEA-nın elmi müəssisələrinin uzun illər boyu əldə etdiyi nailiyyətlər, önəmli araşdırma nəticələri, elm sahələrinin müxtəlif tipli problemləri ilə əlaqədar aparılan tədqiqatlar, o cümlədən institut və təşkilatların fəaliyyətini əks etdirən Azərbaycan, rus və ingilis dillərində bukletlər, kitablar və dəyərli nəşrlər barədə danışılıb.
Sərgidə şagirdlərə akademiyanın əldə etdiyi mühüm elmi nəticələr və uğurlu yeniliklərdən bəhs olunub, AMEA-nın Təcrübə-Sənaye Zavodunun məhsulları nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir