AMEA Rəyasət Heyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Akademiyanın bir sıra elmi müəssisələrində YAP ilk ərazi partiya təşkilatlarının sədri vəzifəsinə seçki keçirilib.
İclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın birinci vitse-prezidenti v.i.e. akademik Arif Həşimov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə, AMEA-nın Rəyasət Heyəti aparatının məsul əməkdaşları, partiya fəalları və aidiyyəti şəxslər iştirak ediblər.
İclası giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Yeni Azərbaycan Partiyasının müasir və müstəqil Azərbaycan dövlətinin tarixində mühüm yer tutduğunu, ötən əsrin 90-cı illərində dövlət müstəqilliyimizin qorunması və möhkəmlənməsində partiyanın ideya və məramının, həmçinin fəallarının Ulu Öndər Heydər Əliyevin liderliyində xüsusi rol oynadıqlarını söyləyib. AMEA rəhbəri bildirib ki, Yeni Azərbaycan Partiyası və onun fəalları hər zaman dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdə öndə gedib və bu gün Milli Elmlər Akademiyasının ilk ərazi partiya təşkilatları da bu prosesə özlərinin töhfələrini verməkdədirlər.
AMEA-nın bütün elmi müəssisə və təşkilatlarında YAP ilk ərazi partiya təşkilatlarının yaradıldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli Akademiyanın YAP Yasamal rayon təşkilatı ilə sıx əməkdaşlıq etdiyini, mütəmadi olaraq birgə dövlət əhəmiyyətli tədbirlərin həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, AMEA-nın YAP ilk ərazi partiya təşkilatları ideoloji məsələlərdə daim öz mövqelərini meydana qoyur, Prezident İlham Əliyevin liderliyində 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm qələbəni, eləcə də bir gündən də az müddətə dövlət suverenliyimizin tam bərpası ilə başa çatdırılmış antiterror tədbirlərini, həmçinin Xankəndi, Xocalı və digər işğaldan azad olunmuş ərazilərimizdə Dövlət Bayrağımızın ucaldılmasını elmi əsaslarla tədqiq edərək gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında fəal mövqe ilə çıxış edirlər.
“Torpaqlarımızın işğaldan azad edilməsi və tarixi ədalətin bərpa olunması ilə Ali Baş Komandan İlham Əliyevin adı Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı. Elm xadimləri mediada, sosial şəbəkələrdə və iştirak etdikləri konfranslarda Prezident İlham Əliyevin liderliyində əldə etdiyimiz möhtəşəm zəfərləri təbliğ etməklə ideoloji cəbhədə aktiv rol oynayırlar”, - deyə akademik İsa Həbibbəyli bildirib.
Həmçinin qeyd edib ki, Yeni Azərbaycan Partiyasının ideologiyasında yetişmiş və Akademiyada siyasi-ideoloji işin təşkilində mühüm rol oynamış siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov AMEA Azad Həmkarlar İttifaqının sədri, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov isə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təyin olunublar və vəzifələrinin öhdəsindən layiqincə gəlirlər.
Akademik İsa Həbibbəyli Yeni Azərbaycan Partiyasının işində fəallığı ilə seçilən elm adamları və mütəxəssislərin önə çəkilməsi prosesinin bundan sonra da davam etdiriləcəyini söyləyib.
Sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev partiyanın təşkilatlanmasında və siyasi-ideoloji cəbhədə AMEA-nın ərazi ilk təşkilatlarının və tanınmış alimlərin fəal və ardıcılı iş apardıqlarını diqqətə çatdırıb. Milli Elmlər Akademiyasının ilk ərazi partiya təşkilatlarının YAP Yasamal rayon təşkilatının tədbirlərində fəal iştirak etdiklərini, birgə tədbirlərin keçirildiyini söyləyib. Qeyd edib ki, 2023-cü ildə “Heydər Əliyev İli” ilə əlaqədar Akademiyada da keçirilən tədbirlər və çap olunan kitablar ölkə miqyasında rəğbətlə qarşılanıb.
Daha sonra iclasda YAP Yasamal rayon AMEA Rəyasət Heyəti üzrə ilk ərazi partiya təşkilatının, YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının və YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ilk ərazi partiya təşkilatının sədri vəzifəsinə seçkilər keçirilib.
YAP Yasamal rayon AMEA Rəyasət Heyəti üzrə ilk ərazi partiya təşkilatının sədri vəzifəsinə AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsi müdirinin müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarovun, YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədri vəzifəsinə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynovun və YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ilk ərazi partiya təşkilatının sədri vəzifəsinə isə Fəlsəfə və Sosiologiya İnstitutunun Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalovun namizədliyi irəli sürülüb.
Akademik İsa Həbibbəyli namizədlikləri irəli sürülmüş şəxslərin tərcümeyi-hallarını tədbir iştirakçılarının diqqətinə çatdırıb və onların vəzifələrinin öhdəsindən layiqincə gələcəklərinə inamını ifadə edib.
Həmçinin AMEA-nın birinci vitse-prezidenti v.i.e. akademik Arif Həşimov, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə çıxış edərək namizədlərin yüksək ideya-siyasi və mənəvi keyfiyyətlərindən danışıb, Akademiyada partiya işinin təşkilinə mühüm töhfə verəcəklərini bildiriblər.
Daha sonra açıq səsvermə keçirilib və qeyd olunan namizədlər YAP ilk ərazi partiya təşkilatlarının sədri vəzifələrinə seçiliblər.
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ilk ərazi partiya təşkilatının sədri seçilən fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov göstərilən yüksək etimada görə minnətdarlığını bildirib və yeni sədr seçilənlərin vəzifələrinin öhdəsindən layiqincə gəlmək üçün var qüvvə ilə çalışacaqlarını bildirib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev isə yeni sədr seçilmiş şəxslərə uğurlar arzulayıb və onların fəaliyyətinə bundan sonra da zəruri dəstəyin göstəriləcəyini söyləyib.
Sonda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli rəhbərlik etdiyi akademik qurumda elmi-tədqiqat işləri ilə birlikdə siyasi-ideoloji işin də daim diqqət mərkəzində saxlanılacağını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.