Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

30.04.2024 12:25
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb

Akademik İsa Həbibbəyli Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb.

Qonağı Akademiyada görməkdən məmnunluğunu dilə gətirən akademik İsa Həbibbəyli Filip Hamblın Mədəniyyətlərarası Dialoq Forumunun əsas məruzəçilərindən biri olduğunu və özünün təşəbbüsü əsasında AMEA-nı ziyarət etdiyini söyləyib.

Qeyd edib ki, alimin Orta əsr Azərbaycan ədəbiyyatına, xüsusilə İmadəddin Nəsimiyə dair mühüm tədqiqatları var və bu araşdırmalar Filip Hambl tərəfindən kitab halında çap olunub.

“Filip Hamblın Nəsimiyə dair tədqiqatları onun Azərbaycan ədəbiyyatına dərindən bələd olduğunu göstərir. Minnətdarıq ki, kitabınızda Nəsimidən Azərbaycan şairi kimi bəhs edirsiniz. Sizin bu addımınız Nizaminin, Nəsiminin və başqa şairlərimizin azərbaycanlı olduğunu Avropaya tanıtmaq baxımından olduqca önəmlidir”, - deyə akademik İsa Həbibbəyli bildirib.

Filip Hambl da öz növbəsində AMEA-da olmaqdan məmnunluğunu dilə gətirib, qonaqpərvərliyə görə təşəkkür edib, apardığı tədqiqatlar barədə məlumat verib.

Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Filip Hambl aprelin 29-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən “Məhəmməd Füzuli və Sultan Baho: Azərbaycan və Pakistan ədəbiyyatındakı ədəbi əlaqələr” mövzusunda elmi konfransda iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: