Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Nur səltənətinin tacdarı
02.05.2024 14:43
  • A-
  • A
  • A+

Nur səltənətinin tacdarı

Cəmiyyət həyatının bütün sahələrində qibtəediləcək uğurları, dünyanın siyasi arenasında tutduğu mövqeyi, iqtisadi və hərbi gücü ilə seçilən müstəqil, suveren və demokratik Azərbaycan Respublika­sı bu gün tarixinin yeni, daha yüksək inkişaf dövrünə qədəm qoyub. Bu dövr bütün digər xüsusiyyətləri ilə yanaşı, qarşıya xalqın rifahı və sağlamlığı üçün çox böyük əhəmiyyət daşıyan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmaq kimi ciddi hədəfin qoyulması ilə də xa­rakterikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu məqsədin əldə edilməsi istiqamətində atılmış mühüm addımdır.

Bu il Azərbaycan həm də, tarixi əhəmiy­yət daşıyan və bəşəri əhəmiyyətli mühüm bir tədbirə evsahibliyi etməyə hazırlaşır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 2024-cü ilin no­yabr ayında ölkəmizdə keçirilməsi dövlət başçısının planetimizdə sülh və tərəqqi­nin, beynəlxalq ədalətin bərqərar olunması üçün əmək sərf edən güclü lider kimi şəx­si nüfuzunun, eləcə də onun rəhbərliyi ilə Azərbaycanın qlobal siyasi arenada etibar­lı tərəfdaş, birləşdirici güc, ideya və idrak mərkəzi kimi tanınmasının nəticəsidir. 

Xalqımızın tarixinə qızıl hərflərlə ya­zılacaq bu uğurların qazanılmasında, indi həyatda olmasa da, müstəqil Azərbaycan dövlətinin qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi Heydər Əliyevin – ümummilli liderin və­falı ömür-gün və əqidə yoldaşı, Azərbaycan Respublikasının hər qarışının tam suve­renliyini təmin etmək vədini şərəflə yerinə yetirmiş möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin bir insan və şəxsiyyət kimi təşəkkülündə həlledici rol oynamış qayğıkeş ana, ölkəmizdə oftalmo­logiyanın inkişafının əsasını qoymuş elm ko­rifeyi, akademik Zərifə Əziz qızı Əliyevanın da danılmaz payı vardır.

Görkəmli alim, Əməkdar elm xadimi, Azərbaycan EA-nın həqiqi üzvü, tibb elmlə­ri doktoru, professor Zərifə Əliyeva 28 ap­rel 1923-cü ildə qədim Naxçıvanın Şahtaxtı kəndində böyük alim, həkim və ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. 

1942-ci ildə Bakıda orta təhsilini bitirdiyi dövrdə II Dünya müharibəsi bütün dəhşəti ilə davam edir, ölkədə tibbi kadrlara ehtiyac gündən-günə artırdı. 

Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində təhsil aldığı illərdə fitri istedadı və dərin savadı, əmək­sevərliyi, elmi biliklərə və tədqiqatlara böyük maraq göstərməsi ilə seçilən Zərifə Əliyeva 1947-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra Moskva şəhərində Mərkə­zi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ikiillik ixtisas kursu keçir, SSRİ-nin bu nüfuzlu elm müəssisəsində öz biliklərini xeyli zənginləşdirir, təcrübə qazanır. 

Zərifə Əliyeva 1949-cu ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda ordinator kimi əmək fəaliyyətinə başlayır. 1953-cü ildə həmin ins­titutun aspiranturasını fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycanda traxoma ilə mübarizə üzrə müalicə-profilaktika tədbirlə­rinin təşkilində və həyata keçirilməsində fəal iştirak edir. 

Zərifə Əliyevanın müvafiq istiqamət­də apardığı tədqiqatların mühüm nəticələri 1959-cu ildə uğurla müdafiə etdiyi “Traxo­manın digər terapiya üsulları ilə birlikdə sin­tomisinlə müalicəsi” mövzusunda namizəd­lik dissertasiyasında öz əksini tapır.

Zərifə xanım 1960-1967-ci illərdə Göz Xəstəlikləri İnstitutunda böyük elmi işçi və­zifəsində çalışaraq, tədqiqatlarını daha da dərinləşdirir. 1963-cü ildə SSRİ Ali Attesta­siya Komissiyası tərəfindən “Oftalmologiya” ixtisası üzrə baş elmi işçi elmi adı verilmiş alimin hazırladığı, ciddi əsaslı tədqiqatlar­la effektivliyini həm nəzəri, həm də praktiki şəkildə isbat etdiyi müalicə metodu traxo­manın sosial xəstəlik kimi ləğv edilməsində əhəmiyyətli rol oynamışdır. Bu, Azərbaycan xalqı qarşısında onun ən böyük xidmətlərin­dən biri hesab edilə bilər.

Zərifə Əliyeva 1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmil­ləşdirmə İnstitutunun Göz xəstəlikləri ka­fedrasının dosenti vəzifəsinə dəvət olunur, 1969-cu ildən burada Görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, 1977-1979-cu illərdə kafedranın professor əvəzi, 1979-1982-ci illərdə professoru, 1982-1985-ci illərdə müdiri vəzifələrində çalışır. 

Zərifə Əliyeva 1976-cı ildə Moskvada, nüfuzlu elmi mərkəz kimi tanınan M.Helm­holts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının və­ziyyəti” mövzusunda doktorluq dissertasiya­sını müdafiə edir. 1977-ci ildə SSRİ Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiya­sı tərəfindən ona tibb elmləri doktoru elmi dərəcəsi, 1979-cu ildə Göz xəstəlikləri ka­fedrası üzrə professor elmi adı verilir.

Elmi və elmi-təşkilati fəaliyyətində və kadr hazırlığında əldə etdiyi mühüm nai­liyyətlər, onların sosial-iqtisadi əhəmiyyəti nəzərə alınaraq, professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmişdir.

Görkəmli alim 200-ə qədər elmi əsərin, o cümlədən oftalmoloqların stolüstü kitab­larına çevrilmiş 14 monoqrafiyanın, eləcə də geniş istifadə olunan 12 səmərələşdirici təklifin müəllifi kimi dünya tibb elminə dəyərli töhfələr vermişdir.

Yüksəkixtisaslı kadrların hazırlanmasına böyük əmək sərf etmiş, özünəməxsus mək­təb yaratmış akademik Zərifə Əliyevanın bir­başa rəhbərliyi ilə gənc alim və həkim-oftal­moloqların böyük bir nəsli yetişmişdir.

Zərifə Əliyevanın göz zədələrinin qarşı­sının alınması və onlara nəzarət imkanları ilə bağlı tədqiqatları da maraq doğurur. O, gözün zədələnməsinin nəticələrinin cərrahi müalicəsinə mövcud metodoloji yanaşma­ları təhlil etmiş və onların təkmilləşdirilməsi üçün bir sıra faydalı tövsiyələr vermişdir.

Zərifə xanımın gözün virus xəstəlikləri sahəsində əldə etdiyi elmi nailiyyətlərin tət­biqi bir çox xəstəliklərin differensial diaqnos­tikası və müalicəsində mühüm irəliləyişlərə səbəb olmuşdur. Alimin bu sahədə yazdığı “Herpetik göz xəstəliyi”, “Kəskin virus kon­yunktivitləri” və s. kimi kitabları və dərs və­saitləri tələbə və gənc həkim kadrlar üçün qiymətli bilik mənbəyidir. 

Görkəmli alim gözün bəzi bədxassəli şişlərinin diaqnostikası və müalicəsinə də diqqət göstərmiş, eyni zamanda göz mela­nomasının klinik gedişatının xüsusiyyətlə­rini öyrənmişdir. Onun daktriologiyaya dair monoqrafik əsərləri – “Göz yaşı drenajının fiziologiyası”, “Göz yaşı axmasının cərrahi müalicəsinin müasir üsulları”, “Göz yaşı yol­larının ehtiyatlı cərrahiyyəsi” təkcə oftalmo­loqların deyil, həm də fizioloqların stolüstü kitablarına çevrilmişdir. 

Akademik Zərifə Əliyevanın həmmüəllifi olduğu “Oftalmologiyanın aktual problemlə­ri”, “Terapevtik oftalmologiya”, “İridodiaqnos­tikanın əsasları”, “Görmə orqanının vərəmi” nadir monoqrafik əsərləri həm praktiki oftal­moloqlar, həm də müəllim və tələbələr üçün bu gün də böyük maraq doğurur.

Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitab­lar ilk dəfə məhz akademik Zərifə Əliyeva tərəfindən və ya onun iştirakı ilə yazılmış­dır. Klassik təbabətin perspektiv, lakin az öyrənilmiş məsələlərinə həsr edilmiş “İrido­diaqnostikanın əsasları” monoqrafiyasın­da gözün bəbəyi, qüzehli qişanın stroması və xromatofor strukturların dəyişikliklərinə əsasən insan orqanları və sistemləri xəstə­liklərinin qeyri-spesifik topik diaqnostikası­nın yeni və olduqca perspektivli üsulunun – iridodiaqnostikanın mahiyyəti, məzmunu və metodik xüsusiyyətləri təqdim edilmişdir. 

Alimin “Keratitlər, gözün damarlı traktı­nın, torlu qişanın, görmə sinirinin xəstəliklə­ri, kataraktalar”, “Qlaukoma və gözün hiper­tenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histo­logiyası”, “Şəkərli diabetdə göz xəstəliklə­ri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiya­sı” və s. kimi qiymətli əsərlərində klinik di­aqnostik istiqamətdə apardığı tədqiqatların mühüm nəticələri əks olunmuşdur.

Tibb elmində “peşə oftalmologiyası”nın əsasını qoymuş Zərifə xanım Əliyeva keç­miş SSRİ-nin oftalmologiya elminə görmə orqanının peşə xəstəliklərinin öyrənilməsi və profilaktikası üçün yeni üsulların işlənmə­si kimi elmi yenilik gətirmişdir. 

Ümumiyyətlə, Zərifə xanım göz xəstəlik­lərinin profilaktikası, görmə orqanına ekoloji amillərin təsiri məsələlərinə böyük diqqət göstərirdi. O bilirdi ki, insanın sağlamlığı onu əhatə edən mühitlə sıx bağlıdır, bir sıra hal­larda ekologiyanın sağlamlaşdırılması, təmiz su və hava, keyfiyyətli, təbii qidalar xəstəlik­lərin qarşısının alınmasında mühüm, hətta həlledici rol oynayır. Xəstəliklərin, o cümlə­dən görmə orqanı ilə bağlı patologiyaların müalicəsi onların profilaktikasından qat-qat ağır olur, baha başa gəir, hətta bəzən nəticə də vermir. Bu baxımdan, Zərifə xanım Ulu öndərin Azərbaycana ilk dəfə hakimiyyətə gəldiyi andan başlatdığı ekoloji siyasətini ürəkdən dəstəkləyir, yeni yaşıllıq sahələri­nin, park və meşə zolaqlarının salınması və sahələrinin genişləndirilməsinin vacibliyinin təbliği ilə məşğul olur, bu istiqamətdə cəmiy­yətdəki nüfuzundan da istifadə edir, müvafiq işlərin həyata keçirilməsində şəxsən fəallıq göstərirdi. Zərifə xanım tədqiqat apardığı sə­naye müəssisələrinin zərərli tullantılarının, kənd təsərrüfatı istehsalında pestisidlərin istifadəsinin azaldılması, zavod və fabriklə­rin ətrafında yaşıllıq massivlərinin salınması üzrə verdiyi tövsiyələrin reallaşdırılmasında israr edir, özü də ömür-gün yoldaşı ilə birgə ağacəkmə kampaniyalarına həvəslə qoşul­maqla insanlara nümunə olmağa çalışırdı.

1977-ci ildə Bakıda keçirilmiş Ümumitti­faq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu Zərifə xanımın Azərbaycanda gör­mə orqanının peşə patologiyasının tədqiqi üzrə ilk ixtisaslaşmış elmi tədqiqat laborato­riyasının yaradılması təşəbbüsünü dəstək­ləmişdi. Bununla da, Bakı Məişət Kondisio­nerləri zavodunda unikal elmi laboratoriya yaradılmışdı.

Yuxarıda qeyd edilən tədqiqatlardan aldığı və monoqrafiyalarında dərc edilmiş uğurlu nəticələrə görə akademik Zərifə Əli­yeva keçmiş SSRİ-də qadın mütəxəssislər arasında ilk dəfə olaraq, 1981-ci ildə oftal­mologiya sahəsində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının M.İ.A­verbax adına mükafatına layiq görülmüşdür. 

Zərifə Əliyevanın elmi maraq dairəsin­də görmə orqanının, görmə analizatorunun yaşla bağlı dəyişikliklərinin tədqiqi də xüsusi yer tuturdu. Görkəmli rus oftalmoloq-alimi, akademik A.Brovkina Zərifə xanımın “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyi­şiklikləri: morfohistokimyəvi tədqiqatlar” kita­bı haqqında demişdi: “Bu elmi əsər mahiyyət etibarilə oftalmologiyada yeni bir istiqamətin – oftalmoloji herontologiyanın başlanğıcını qoyur”. 

Akademik Zərifə Əliyeva əsl ziyalılığın genetik yaddaşına malik bir insan idi. Ziyalı zəkası onun bilik və təhsilində, ətrafına yay­dığı işıqda, zəriflik, təmkin və nəcibliyində, insanlığa və insanlara sevgisində, sevim­li peşəsinə və ailəsinə bağlılığında özünü göstərirdi. 

Akademik Zərifə xanım Əliyevanın el­mi-ictimai fəaliyyəti də geniş və əhatəli ol­muş, sülh, insanlıq, əmin-amanlıq, ehtiyaclı insanlara dəstək istiqamətində gördüyü işlər ona cəmiyyətdə böyük nüfuz qazandırmış­dır. O, SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyətinin İdarə Heyətinin və Elmi Tədqiqatlar Komitəsinin Rəyasət Heyətinin, SSRİ Oftalmoloqlar Cə­miyyətinin Rəyasət Heyətinin üzvü, “Vestnık oftalmoloqii” jurnalının redaksiya heyətinin üzvü kimi dövlət və xalq qarşısında böyük xidmətlər göstərmişdir.

Görkəmli alim və şəxsiyyətin həkimlik, elmi və ictimai xidmətləri layiqincə qiymət­ləndirilmiş, o, orden və medallarla təltif edil­miş, Azərbaycanın Əməkdar elm xadimi fəx­ri adına layiq görülmüşdür.

30-31 oktyabr 2023-cü il tarixlərində AMEA Rəyasət Heyətinin, AMEA Biologi­ya və Tibb Elmləri Bölməsinin, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, AR ETN Abdulla Qarayev adı­na Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və akademik Zərifə Əliye­vanın 100 illik yubileylərinə həsr olunmuş “Görmənin fiziologiyası və peşə patologi­yaları: fundamental və tətbiqi aspektlər” mövzusunda beynəlxalq konfrans və Azər­baycan Fizioloqlarının VI Konqresi müvafiq elm sahələri üçün mühüm hadisə hesab edilə bilər. Konfransın əsas məramı Ulu ön­dərin və akademik Zərifə xanım Əliyevanın fəaliyyətlərinə diqqət çəkməklə, dünyada aparılan tədqiqatlarda alınmış mühüm nə­ticələrin, innovativ diaqnostika və müalicə üsullarının nümayiş və müzakirə etdirilmə­sindən, elmi əlaqələrin möhkəmlənməsinə, fiziologiyanın və oftalmologiyanın yeni sahələri üzrə birgə layihələrin işlənməsinə, ümumən elmin inkişafına təkan verilməsin­dən ibarət olmuşdur.

Qədirbilən Azərbaycan xalqı bu müqəd­dəs ana obrazı, bu nurlu ruh qarşısında böyük ehtiramla təzim edərək öz sədaqətli və xeyirli övladını hər zaman dərin sevgi və səmimiyyətlə xatırlayacaq, Vətən, xalq və elm üçün gördüyü işlər bir an belə unudul­mayacaqdır. 

İradə HÜSEYNOVA, AMEA-nin vitse-prezidenti, akademik

Xalq qəzeti

  • Paylaş: