Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

03.05.2024 10:12
  • A-
  • A
  • A+

İmpakt faktorlu jurnalda Azərbaycanın qlobal dialoq modeli mövzusu

İmpakt faktorlu jurnalda Azərbaycanın qlobal dialoq modeli mövzusu

22 fevral 2024-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA əməkdaşlarının impakt faktorlu jurnallarda nəşr olunan məqalələrə görə mükafatların verilməsi haqqında” qərarı humanitar və ictimai elmlər üzrə alim və  mütəxəssislərin stimullşadırılmasına istiqamətləndirilmişdir. Belə ki, uzun illər ölkəmizdə humanitar və ictimai elmlər istiqamətində alim və mütəxəssislərin elmi məqalə, tezis, kitab hissələrinin və s. elmi məhsulların beynəlxalq bazalarda indekslənən jurnallarda dərc olunması müxtəlif səbəblərdən irəli gələrək müvafiq səviyyəyə çatmamışdır. 

Müsahibimiz AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin aparıcı elmi işçisi kulturologiya  üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyevanın “XXI əsrdə Azərbaycan intellektuallarının kulturoloji baxışlarında qlobal dialoq modeli”  adlı məqaləsi (rus dilində) “Web of Science Core Collection`s Emerging Sources Citation Index” nüfuzlu beynəlxalq elmi bazasında indekslənən “Вестник Томского Государственного Университета. Культурология и Искусствоведение” elmi  jurnalının 53-cü sayında  dərc  edilmişdir. Məqalədə Azərbaycanın elmi və yaradıcı intellektuallarının dünya ictimaiyyətinə təklif etdikləri  mədəniyyətlərin qlobal dialoq modeli təhlil olunur. Müəllif qlobal dialoqun Azərbaycan modelinin azərbaycançılıq, multikulturalizm, türkçülük ideologiyalarına istinad etməsini və İslamın humanizm prinsiplərindən qaynaqlanmasını elmi dəlillərlə dünya ictimaiyyətinə çatdırmışdır. 

Tədqiqatçı-alim Yeganə Əliyeva ilə müsahibəni sizə təqdim edirik:

- Yeganə xanım, bəllidir ki, kulturologiya sahəsinin tədqiqində kifayət qədər təcrübəniz vardır, odur ki, elmi fəaliyyət istiqamətlərinizlə bizi tanış edərdiniz.

- Kulturoloji tədqiqatlarımın nəticəsi kimi 2007-ci ildə “Azərbaycan kulturoloji fikrinin tarixi inkişaf mərhələləri” adlı dissertasiya müdafiə etmişəm. Hazırda “Şərq kulturoloji fikri qlobal ideyalar dialoqunda” mövzusunda elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya üzərində çalışıram. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında on ildən yuxarı pedaqoji fəaliyyət göstərmişəm. Ümumiyyətlə, 100-ə yaxın elmi və publisistik məqalə, tezis, fənn proqramlarının, metodik vəsaitin, “Mədəni sahənin diplomatiyası” (2013) adlı dərs vəsaitinin  müəllifi, “Mədəniyyət tarixi və nəzəriyyəsi” (2010), “Beynəlxalq mədəni əlaqələr” (2 cilddə, 2008 - 2009) dərsliklərinin, “Tarixi mədəniyyətlərin modelləşdirilməsi əsasları” (rus dilində, 2005), “Sosial kulturologiya” (2010), “Qloballaşma və müasir dünya teatrı” (2020) dərs vəsaitlərinin həmmüəllifiyəm. Bunlarla yanaşı, "Musiqi dünyası" beynəlxalq elmi jurnalın baş redaktorunun müavini, “Sənət Akademiyası” beynəlxalq elmi-nəzəri jurnalının məsul katibiyəm. “Mirzə İbrahimov İrsinin Tədqiqi və Təbliği” Fondunun Elmi şurasının katibi, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının İntellektuallar Liqası – Beynəlxalq intellektual əməkdaşlıq  komitəsinin üzvüyəm.

- Məlumdur ki, humanitar elm sahəsi üzrə impakt faktorlu jurnallarda Azərbaycan alimlərinin  dərc olunan məqalə payının həcmi yetərli deyildir. Bunun obyektiv və subyektiv səbəbləri vardır. Necə oldu ki, Siz kulturologiya üzrə nüfuzlu beynəlxalq elmi bazada indekslənən jurnalda dərc olunmağa nail oldunuz?  

Təşəkkür edirəm. Siz sualınızda humanitar və ictimai elm sahəsi mütəxəssisləri üçün olduqca aktual olan bir məsələyə toxundunuz. İmpakt faktorlu jurnalda dərc olunmağa həvəs göstərməyimin  əsas səbəbi Azərbaycan intellektuallarının qlobal ideyalar dialoquna verdiyi töhfəni dünya ictimaiyyətinə çatdırmaq və eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya  Komissiyasının  elmlər doktoru elmi dərəcəsi almaq üçün tədqiqatdan alınan əsas elmi nəticələrinin dərc olunması zərurətindən irəli gəldi. Belə ki, hazırda “Şərq kulturoloji fikrin qlobal ideyalar dialoqunda” mövzusunda  dissertasiya üzərində çalışıram, Həmin məqalə uzun müddət apardığım araşdırmalarımın, bu istiqamətdə  mütaliə və  müqayisəli təhlillərimin nəticəsidr. Onu da qeyd edim ki, bu gün impakt faktorlu jurnalda dərc olunmaq həm asan və eyni zamanda çox  çətindir. İşin asan tərəfi ondan ibarətdir ki, informasiya və sürətli internet dövründə “Web of Science”, “Scopus”, “Springer” kimi  qlobal məlumatlar bazasına daxil olan jurnallar barədə  informasiya əldə etmək, gərəkli olan elm sahəsi üzrə indekslənən jurnalları seçmək, daha sonra jurnalların saytlarına daxil olaraq birbaşa məqaləni redaksiyaya təqdim etmək üçün geniş imkanlar vardır. İşin çətin tərəfi isə məhz məqalənin  dərc olunması üçün profil üzrə uyğun jurnalın müəyyən edilməsindən sonra başlanır. Zənnimcə, burada ən əsas çətinlik xarici dili bilmə səviyyəsi, xüsusilə də  təmsil etdiyim elmi bilik sahəsinin spesifik  terminlərinin və anlayışlarının həmin dildə yerində işlədilməsi və məqalənin  hər jurnalın siyasətinə uyğun akademik yazı üslubundan istifadə etmək bacarıqları həlliedici rol oynayır. Tərtibat qaydalarına uyğun olan məqalə daha sonra resenziya mərhələsindən keçir. Bu mərhələdə məqalə redaksiyaya olduqca maraqlı görünsə belə ciddi, bəzən hətta gizli ikili  resenziyaya  göndərilir. Qeyd edim ki, heç də hər zaman müəllifin mövqeyi, məsələyə yanaşması, onun şərhi və təhlil səviyyəsi rəyçini qane etmir və məqalə təkrar-təkrar düzəliş olunmaq üçün geri göndərilir. Düzəlişlər rəyçini və redaksiya heyətini qane etdikdən sonra məqalə jurnalda çap üçün növbəyə salınır, bu barədə digər mərhələlərdə olduğu kimi elektron bildiriş jurnalın saytında açılan şəxsi kabinetə daxil olur.  

- Siz  qlobal dialoqun Azərbaycan modelinin araşdırılmasına həsr olunanXXI əsrdə Azərbaycan intellektuallarının kulturoloji baxışlarında qlobal dialoq modeli” adlı məqalənizi redaksiyaya təqdim edərkən hansı çətinliklərlə  rastlaşdınız?

- Məqaləmin mövzusu  Azərbaycan intellektuallarının dünya ictimaiyyətinə təklif etdiyi multikultural dəyərlərə arxalanan alternativ harmonik birgəyaşam modeli olduğundan həm maraqla, həm də eyni zamanda da gizli rəyçi tərəfindən  qısqanclıq ilə qarşılandı. İlk növbədə, gizli rəyçi mövzunun aktual və zəruru olduğunu bildirsə də rəyində  qırmızı xətlə aşağıdakı irad izlənilirdi: “Sübut edin ki, həqiqətən də Azərbaycanda multikulturalizm var? Deyilənlərlə əməldə olunanlar birdirmi?” Görünür ki, məqalədə Azərbaycanda mədəniyyətlərarası dialoq və multikultural cəmiyyətin formalaşması proseslərini şərtləndirən tədbirlərin müfəssəl şərhini versəm də belə, rəyçiyə bu kifayət etməmişdir. O, sadaladığım mexanizmlərin nə dərəcədə işlək olduğunun aydın olmamasını irad tuturdu. Həmin iradı cavablandırmaq üçün ictimai-siyasi, elm və incəsənət xadimlərinin multikultural birgəyaşama dəvət edən ideyalar ilə  qlobal dialoq və multikulturalizm  prinsiplərinin reallaşması arasında uyğunluğu elmi dəlillərlə nəzəri-metodoloji səviyyədə sübuta yetirməyə nail ola bildim.  

- Azərbaycan zəka adamlarının  multukultural dəyərlərə əsaslanan birgəyaşam və qlobal dialoq modelinin unikallığını və yeniliyini hansı arqumentlərlə əsaslandıra bildiniz?

- İlk növbədə, araşdırmamın əsas  məqsədindən çıxış edərək hədəfim  XXI əsrdə Azərbaycan intellektuallarının təklif etdikləri mədəniyyətlərarası dialoq modelinin dəqiq konseptual çərçivələrini müəyyən etmək idi.  Qlobal proseslər fonunda ölkəmizdə tolerant multikultural  cəmiyyətin identikliyinin formalaşması barədə aydın təsəvvür yaratmaq akkulturasiya və inkulturasiya problemlərinin  həlli mexanizmlərini araşdırmaqla mümkün oldu. Bu məsələdə mədəniyyət mərkəzlərinin fəaliyyətinin və incəsənətdə bədii obrazlar vasitəsilə ideyaların ötürülməsi proseslərinin şərhi mühüm rol oynadı. 

Bu gün Azərbaycan multikultural qloballaşmanı dövlət səviyyəsində təşkilatlanmış şəkildə həyata  keçirən ölkələr sırasında mühüm yer tutur. Multikulturalizmin prinsiplərini və müasir dünyada bu ideologiyanın təşviqinin zəruriliyini əsaslandıraraq, sanballı arqumentlər gətirərək həmin kontekstdə  Azərbaycan humanitar elm nümayəndələrinin unikal mövqeyinin  konseptual şərhini təqdim etdim.  Elmi diskurs çərçivəsində “beynəlxalq identiklik”, “vətəndaş identikliyi”, “transmilli identiklik” anlayışlarının açıqlamasını sosio-mədəni reallıq aspektindən təhlil edərək Azərbaycan elm və mədəniyyət xadimlərinin mövqeyini aydın şəkildə  nümayiş etdirməyə müvəffəq oldum.

- “Elmi fəaliyyətində uğur qazanan alimin başlıca müsbət insani keyfiyyətini nədə görürsünüz?”.

- Elmi fəaliyyətə ömrünü həsr etmiş insanın ən böyük uğuru həm digərlərini eşidib dinləmək bacarığına sahib olmaqda, həm də  digərləri tərəfindən eşidilmiş olmaqdadır. Cünki hər bir kəs – istər  alim, istər sivil vətəndaş, istərsə də qlobal miqyasda sivilizasiyaların, müxtəlif mədəniyyətlərin və ya sadəcə iki insanın ünsiyyəti zamanı baş tutan informasiya mübadiləsi prosesində  eşidilmək və dinlənilmək arzusunda olur. Bu da tədqiqatçısı olduğum XXI əsrdə qlobal ideyalar dialoqunun başlıca şərtidir.  

- Çox sağ olun. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Müsahibəni apardı: Rəfiqə AĞAKİŞİYEVA, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: