Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

06.05.2024 12:31
  • A-
  • A
  • A+

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr dünyada sülhə və tərəqqiyə xidmət edir

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr dünyada sülhə və tərəqqiyə xidmət edir

Ötən əsrin 90-cı illərində müstəqilliyini qazanan gənc Azərbaycan dövlətinin qarşısında duran əsas prioritetlər ölkənin dövlətçiliyinin, suverenliyinin möhkəmləndirilməsi, siyasi təsisatların qurulması, regional və qlobal miqyaslı təşkilatlarla əlaqələr yaradılması olmuşdur. Bu gün əminliklə demək mümkündür ki, müstəqilliyinin ilk illərində bir sıra ciddi çətinliklərə üzləşən Azərbaycan qısa müddətdə siyasi və iqtisadi sahələrdə qarşısına qoyduğu əsas hədəflərə çatmağa nail olub.

Dünyanın aparıcı dövlətlərinin maraqlarının toqquşduğu Cənubi Qafqaz regionunda iqtisadi inkişafa və siyasi sabitliyə nail olmaq üçün dünya birliyinə inteqrasiya etmək ciddi əhəmiyyət kəsb edir. Azərbaycanın region, eləcə də dünya ölkələri və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı ölkənin etibarlı və dayanıqlı tərəfdaş olduğundan xəbər verir. 

Azərbaycanın müasir iqtisadi, siyasi və mədəni inkişaf səviyyəsi, demək olar ki, dünya dəyərlərinə tam adekvatdır. Ölkə Konstitusiyasına uyğun olaraq bu gün Azərbaycan dünyəvi, hüquqi və demokratiya yolunda irəliləyən dövlət olaraq bu istiqamətdə mühüm inkişaf yolu keçmişdir.

Azərbaycan bir sıra beynəlxalq təşkilatların, məsələn, BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, Türk Dövlətlər Təşkilatı, UNESCO və s. təşkilatların üzvüdür. Mövcud əməkdaşlıqlar Azərbaycanın dünyaya inteqrasiyasını göstərən başlıca məqamlardandır.

Bu gün Azərbaycan ölkədə təbliğ olunan multikulturalizm və tolerantlıq ideyaları, inkişaf xətti keçmiş iqtisadi səviyyəsi, eləcə də dünya ilə ayaqlaşa biləcək mədəni proseslərdə aktivliyi ilə dünya birliyində öz yerini müəyyən etmiş ölkədir. Azərbaycanda dünya standartlarına cavab verən siyasi və iqtisadi sistem bərqərar edilib.

Qısa müstəqillik tarixində Azərbaycan dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illərdə qeyri-daimi üzvü seçilməsi bunun parlaq təzahürüdür. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə iki dəfə quruma uğurla sədrlik edib.

Prezident İlham Əliyev ölkəmizin BMT TŞ-yə qeyri-daimi üzv seçilməsini beynəlxalq ictimaiyyətin Azərbaycanın həyata keçirdiyi siyasətə verdiyi hərtərəfli dəstəyin ifadəsi kimi dəyərləndirib: “BMT-nin Təhlükəsizlik Şurasının üzvü olmaq Azərbaycanın beynəlxalq səhnədə ən böyük diplomatik və siyasi qələbəsi idi. Əslində, bu, göstərir ki, ölkə daxilində atılan addımlar, qonşularla və tərəfdaşlara aid siyasət dünyada yüksək qiymətləndirilir”.

Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən Azərbaycan sivilizasiyaların dialoqunda da mühüm rol oynayır.

Rəsmi Bakı etibarlı nəqliyyat dəhlizlərinin təmin edilməsi və karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasının şaxələndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Zamanın da göstərdiyi kimi, belə bir strategiya ölkəyə qlobal enerji bazarında mühüm oyunçulardan birinə çevrilməyə imkan verməklə yanaşı, dünyanın hazırkı enerji təhlükəsizliyinə mühüm töhfələr vermiş oldu.

Əgər əvvəllər Azərbaycan Cənub Qaz Dəhlizi (CQD) layihəsini həyata keçirməyə yeni başlayanda ölkənin qaz mənbələrinin şaxələndirilməsinə və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verə biləcəyinə şübhə ilə yanaşan müəyyən dairələr var idisə, bu gün vəziyyət kəskin şəkildə dəyişib.

Avropa İttifaqının qaz və neft idxalından kritik asılılığı kontekstində Azərbaycan faktiki olaraq enerji resurslarının azsaylı etibarlı təchizatçılarından birinə çevrilib və Cənub Qaz Dəhlizində öz rolunu artırmaq imkanlarını əldə edib.

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artırıb. Təxminən 45 milyard dollar həcmində sərmayə qoyuluşu tələb edən yeni dəhliz vasitəsilə Xəzərin qaz ehtiyatları Avropa İttifaqının mərkəzi ölkələrinə çatdırılacaq.

Hazırda getdikcə daha çox Avropa dövləti Azərbaycan qazının tədarükünə maraq göstərir.

Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi və çoxkonfesiyalı cəmiyyətə malik olması ölkənin sivilizasiyalararası dialoqda rolunun artmasını şərtləndirir. Hazırda əksər Avropa təsisatlarının üzvü olan Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının da üzvüdür.

Bildiyimiz kimi, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasəti həyata keçirən, bütün dünyanın gözü qarşısında onun ərazilərinin iyirmi faizini işğal edən, bir milyon azərbaycanlını öz ərazilərindən qovan və etnik təmizləmə aparan Ermənistan 30 ilə yaxın Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazilərini işğal altında saxlamışdır.

Ermənistanın Azərbaycana qarşı bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşan dünya birliyi, xüsusilə onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr icrasız, kağız üzərində qalmışdır. Halbuki bu mühüm sənədlərdə Ermənistanın öz silahlı birləşmələrini işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını birmənalı şəkildə tələb edilirdi.

Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının işğalçı Ermənistan qoşunlarının ərazisindən çıxarılmasına dair 4 qətnaməsinin icrasını özü həyata keçirib, dünya birliyi tərəfindən tanınan öz ərazilərində suveren hüququnu təmin edib.  

Hazırda Azərbaycan məğlub etdiyi dövlətə əməkdaşlıq əlini uzadır. Onunla iqtisadi, nəqliyyat əlaqələrinin, kommunikasiya xətlərinin bərpasını, Zəngəzur dəhlizinin işə salınmasını, sərhədlərin demarkasiyası və delimitasiyasını təklif edib. Azərbaycan elə bir siyasət həyata keçirir ki, regionda hər şey kökündən dəyişsin, əbədi düşmənçilik siyasətinə son qoyulsun.

Bu gün Ermənistan işğalı nəticəsində tamamilə dağıdılmış, bütün infrastrukturu məhv edilmiş Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində  bərpa-quruculuq işlər geniş şəkildə aparılır. Ərazidə yeni yollar çəkilir, aeroportlar tikilir, elektrik yarımstansiyalar, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri reallaşdırılır. 

Tezliklə işğal zamanı tamamilə minalanmış bu ərazilər minalardan təmizləndikdən sonra insanlar, bu qədim diyarın əsl sakinləri yenidən öz doğma ocaqlarına qayıdacaq, firavan həyat yenidən təmin ediləcək, insanlar əvvəl olduğu kimi öz doğma yurdlarından qurub yaradacaqlar. Artıq Zəngilan, Laçın, Füzuli kimi rayonların əhalisi yeni salınmış şəhərlərə qayıdışına başlanılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Azərbaycan torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

2024-cü ildə daha bir qlobal tədbir - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il Azərbaycanda keçirilməsinə dair qərar verilib. Bununla bağlı qərar COP28-in dekabrın 11-də keçirilən plenar iclasında verilib. Azərbaycanı COP29-un ev sahibi ölkəsi kimi qərarına əsas dəstək Şərqi Avropa Qrupu dövlətlərindən gəlib. 

Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, Bakıda keçiriləcək COP29 sadəcə ekoloji problemlərin müzakirəsi üçün konfrans deyil, ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılacağı böyük qlobal forum olacaq. Azərbaycanın aktual ekoloji problemləri həll etmək və davamlı həll yolları tapmağa dair digər ölkələrlə işləmək üçün böyük imkanları var. COP29 Azərbaycanda iqlim dəyişikliyinin azaldılmasına və yaşıl təcrübələrin təşviqinə yönəlmiş qlobal təşəbbüslərin təşviqində özünün ciddi töhfələrini verəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi elan edib ki, “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir və Prezidentin bu Sərəncamı bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq. Nazirliyin məlumatına görə, Azərbaycanın neft-qaz şirkəti olan “SOCAR-ın Dubaydakı COP28 tədbirində metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürməsi ölkəmizin iqlim problemlərinə həssaslığının təzahürüdür”.

Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir və bununla da dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirir. COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya ölkələri tərəfindən qəbul edilmiş qərar beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutudur. Bu, ölkənin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş statusunu təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ölkənin COP29-da ətraf mühitin dayanıqlılığı üçün vacib olan müzakirələrin və tədbirlərin irəliləyişində əsas rola sahib olduğunun göstəricisidir.

Qeyd etmək lazımdır ki, Özbəkistan da digər dünya dövlətləri kimi iqlim dəyişiklikləri, ekoloji problemləri hiss edən və onun həllinə çalışan dövlət olaraq Azərbaycanın bu təşəbbüslərinə xüsusi dəstək göstərməkdədir.  

Buraya əsasən  insan təsiri nəticəsində havanın çirklənməsi, atmosferə buraxılan karbon qazlarının miqdarının artıq olması, su ehtiyatlarının azalması, kəskin qlobal dəyişikliklər kimi ciddi iqlim problemləri daxildir.

İnanırıq ki, Türk Dövlətlər Təşkilatının aparıcı üzvü olan Özbəkistan və Azərbaycan dövlətlərinin bu istiqamətdə həyata keçirdikləri siyasət, onların təşəbbüsləri və dünyadakı qlobal çağırışlara cavab verərək ekoloji problemlərin həlli yolunda ciddi addımlar atmış olacaqlar. Bütün sferalarda əhəmiyyətli əməkdaşlıq sərgiləyən Özbəkistan və Azərbaycan dövlətləri ekoloji məsələlərin həllində də böyük əməkdaşlıq və təcrübə mübadiləsi edərək, dünyanın qlobal problemlərinin həllinə öz töhfələrini verəcəklər.

Yusif MƏMMƏDOV, Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: