Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Abduləziz Xanəhmədoğlunun 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhid Ziyadxan İbrahim oğlu Əliyevin xatirəsinə həsr etdiyi "Ölməyən şəhid ömrü" adlı kitabının təqdimat mərasimi keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə muzeyin Aran filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində rəşadətli Azərbaycan ordusu yenilməz gücü və xalqımızın sarsılmaz birliyi nəticəsində düşməni diz çökdürüb, torpaqlarımızı işğalçılardan təmizləyib, ərazi bütövlüyümüzü bərpa edib. O, bu möhtəşəm Qələbənin müstəqillik tariximizin ən böyük zəfəri olduğunu qeyd edib.
Yaqut Bahadurqızı, həmçinin Vətən müharibəsi dövründə və ondan sonrakı quruculuq dövründə qələmi ilə müsəlləh əsgərə dönən ziyalılarımızın, şair və yazarlarımızın rolundan danışıb. Bildirib ki, şair Abduləziz Xanəhmədoğlunun yeni çapdan çıxmış “Ölməyən şəhid ömrü” kitabı şəhidlərimizin adlarının əbədiləşdirilməsi, həyat tarixçəsinin qan yaddaşına köçürülməsi məramı ilə qələmə alınıb. İstedadlı şairin oxuculara təqdim olunan kitabı gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində faydalı rol oynayacaq.
Sonra çıxış edən şəhid Ziyadxan Əliyevin anası Müşgünaz Əliyeva oğlunun qısa, lakin şərəfli ömür yolundan bəhs edən kitabın müəllifi Abduləziz Xanəhmədoğluna, nəşrin redaktoru və “Ön söz”ün müəllifi Yaqut Bahadurqızına minnətdarlığını bildirib. O, Vətən torpağının müdafiəçilərinin tanıdılması, xatirələrinin əbədiləşdirilməsi üçün nəşr olunan kitabların, çəkilən filmlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə Abıyeva, Kürdəmir rayon İcra Hakimiyyəti aparatının məsul işçisi Mirmahmud Mahmudov, şəhid anası Simuzər Bağıyeva, Cəmafət Əzizova, Vətən müharibəsi veteranı Vidadi Hüseynov, Cəbrayıl rayon Qazilər Birliyinin sədri İxtiyar Hüseynov, qazi Kənan Zülfüqarov, AYB-nin üzvləri Əlisəfa Azayev, Yadigar Təvəkkül çıxış edərək Vətən müharibəsində qazanılan qələbədən, Azərbaycan Ordusunun peşəkar döyüş bacarığından, igid, mərd oğullarımızın hərb tariximizdə açdığı yeni qəhrəmanlıq səhifələrindən, 30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızın azadlığa qovuşmasından, xalq-dövlət-ordu birliyindən, tarix yazan şəhidlərimizin adlarının, xatirələrinin xalqımızın qəlbində əbədi yaşayacağından danışıblar.
Tədbirdə şəhid Ziyadxan Əliyevə həsr olunan foto-slayd nümayiş etdirilib. Qarabağ Regional Təhsil İdarəsi Ağdam rayon 153 saylı tam orta məktəbin şagirdləri “Ölməyən şəhid ömrü” kitabından hazırladıqları kompazisiyanı tədbir iştirakçılarına təqdim ediblər.
Sonda “Ölməyən şəhid ömrü” kitabı şəhid ailələrinə hədiyyə verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.