Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə AR ETN-nin Biofizika İnstitutunda tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov Ulu Öndərin müasir Azərbaycan Respublikasının qurucusu olduğunu qeyd edib. O bildirib ki, məhz Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətçiliyi möhkəm təməl üzərində qurulub və bu günə qədər davamlı inkişaf yolundadır. O.Qasımov vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyası yalnız bir dövrü əhatə etməmiş, bugünkü Azərbaycan reallığında da öz aktuallığını qoruyub saxlamışdır. “Heydər Əliyev fenomeni təkcə siyasi lider kimi deyil, həm də dərin zəkası, zəngin həyat təcrübəsi və xalqına sonsuz sevgisi ilə tarixə həkk olunub,” - deyə o əlavə edib.
Daha sonra institutun Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının elmi işçisi Əfsanə Hüseynova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünün əlamətdar bir tarix olduğunu bildirib. O qeyd edib ki, hər il bu cür tədbirlərin keçirilməsi xalqımız üçün böyük əhəmiyyət daşıyır. “Bu gün biz Heydər Əliyev şəxsiyyətinə, onun dövlətçilik fəaliyyətinə və elmi-ictimai irsinə yenidən nəzər salırıq. Hər bir belə tədbir, əslində, xalqın yaddaşında onun irsinin yaşadılması, daha dərindən öyrənilməsi və gələcək nəsillərə ötürülməsi missiyasını daşıyır,” - deyə A. Hüseynova vurğulayıb.
Əfsanə Hüseynova çıxışı zamanı həmçinin Ulu Öndərin elmə və təhsilə verdiyi xüsusi önəmi qeyd edib. O bildirib ki, Heydər Əliyevin elmin inkişafı üçün yaratdığı münbit şərait, alimlərin rifahına və intellektual potensialının qorunub saxlanmasına yönəlmiş siyasəti bu sahənin bugünkü uğurlarının əsasını təşkil edir. AMEA-nın inkişafında, o cümlədən fundamental və tətbiqi tədqiqatların təşviqində, yeni laboratoriyaların yaradılmasında və gənc alimlərin elmi fəaliyyətə cəlb olunmasında Heydər Əliyevin xidmətləri əvəzsizdir.
Tədbirin sonunda çıxış edən baş direktor Oktay Qasımov qeyd edib ki, xalqın qəlbində daim yaşayan bu böyük şəxsiyyətin ruhu şaddır, çünki bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ölkəmizdə uğurlu və milli maraqlara əsaslanan siyasət həyata keçirir. “Bu gün Azərbaycan regionda və beynəlxalq aləmdə öz sözünü deyən, təhlükəsiz və sabit ölkə kimi tanınırsa, bu, Heydər Əliyev irsinin və onun davamı olan siyasi xəttin təntənəsidir,” - deyə O. Qasımov vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.