Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.05.2024 10:21
  • A-
  • A
  • A+

Qırğızıstan Respublikasının ölkəmizdəki səfiri Gəncə Bölməsində olub

Qırğızıstan Respublikasının ölkəmizdəki səfiri Gəncə Bölməsində olub

Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev AMEA-nın Gəncə Bölməsində olub.

Səfir, həmçinin sözügedən elm ocağının nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzinin fəaliyyəti ilə də tanış olub.

Görüş zamanı Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov dahi şair və mütəfəkkirin irsinin öyrənilməsi və təbliği üzrə fəaliyyət göstərən bu elmi qurumun tədqiqat istiqamətləri haqqında danışıb. O, həmçinin AMEA Gəncə Bölməsinin və onun Nizami Gəncəvi Mərkəzinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, eləcə də burada çap edilən elmi ədəbiyyat və dövri nəşrlər, o cümlədən “Nizamişünaslıq” jurnalı haqqında məlumat verib. Ə.Muxtarov Nizami Gəncəvi Mərkəzinin bu jurnalında digər ölkələrin alimlərinin olduğu kimi, Qırğızıstanlı həmkarlarının da elmi məqalələrinin çap edilməsini, eləcə də redaksiya heyətində iştiraklarını arzuladığını qeyd edib.

Əlimuxtar Muxtarov dahi şair Nizami Gəncəvinin bəşəri fəlsəfəsinin azərbaycanlılar üçün bir milli-ideoloji əhəmiyyət kəsb etdiyini qeyd edib. O, vurğulayıb ki, Nizaminin irsinin öyrənilməsi və dünya miqyasında tanıdılması və mənimsənilməsi Ulu Öndər Heydər Əliyevin milli strateji düşüncə və fəaliyyəti sayəsində mümkün olub və dahi mütəfəkkir Nizami Gəncəvinin yubileylərinin ən yüksək səviyyədə qeyd olunması Ümummili Liderin uzaqgörən düşüncəsinin nəticəsidir. Ə.Muxtarov müasir dövrümüzdə Ulu Öndərin layiqli davamçısı, ölkə rəhbəri Prezident cənab İlham Əliyevin müstəqil Azərbaycanın inkişafı və nüfuzu naminə bu strateji xətti yeni dünya münasibətlərinin tələbləri müstəvisində uğurla davam etdirir və bu ziddiyyətli beynəlxalq şəraitdə Nizami fikrinin bəşəri əhəmiyyət kəsb etməsi məsələlərini özünün təşkil etdiyi qlobal forumlarda vurğulayır.

Görüş zamanı səfir K.Osmonaliyev Azərbaycanın və ümumən Türk dünyasının böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin irsinin araşdırılması üzrə mərkəzin onun doğma yurdunda fəaliyyət göstərməsinin təqdirəlayiq hal olduğunu dilə gətirib. Qonaq Gəncədə fəaliyyət göstərən alim və tədqiqatçıların qırğız həmkarları ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi məsələlərinə də toxunub.

Fikir mübadilələrindən sonra səfirə AMEA Gəncə Bölməsi tərəfindən buraxılmış kitablar və Heydər Əliyev Fondunun nəşri olan “Nizami Gəncəvi Xəmsə miniatürləri” toplusu təqdim edilib. Bu kitablar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin oktyabr ayındakı Qırğızıstana dövlət səfəri zamanı Bişkek şəhərində açılışında iştirak etdiyi Nizami Gəncəvi adına 103 saylı orta məktəbə çatdırılacaq. 

Kayrat Osmonaliyev də Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinə qırğız xalqının təşəkkül tapması və onun mədəniyyəti mövzularından bəhs edən və Türksoy - Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı tərəfindən çap edilmiş “Qırğızlar” adlı ensiklopedik nəşr, eləcə də Qırğızıstanın tanınmış yazıçısı Alıkul Osmonovun “Zamandan zamana” kitabını  bağışlayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: