AMEA-nın Əsas binasının önündəki Elmlər Akademiyası parkında keçirilən III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (III LitBookFest) çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) 90 illiyinə həsr edilmiş panel baş tutub.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, AYB sədrinin müavini Elçin Hüseynbəyli, AYB-nin Türkiyə təmsilçisi İmdat Avşar, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Asif Rüstəmli, yazarlar, şairlər və elmi ictimaiyyət iştirak edib.
Panel AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Asif Rüstəmlinin moderatorluğu ilə keçirilib.
Tədbiri giriş nitqi ilə Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar açaraq AYB-nin ötən 90 ildə keçdiyi şərəfli yola nəzər salıb, rəhbərlik etdiyi qurumun ölkəmizdə ədəbiyyatın və ədəbiyyatşünaslığın inkişafında, eləcə də yazıçılar nəslinin yetişməsində müstəsna xidmətləri olduğunu bildirib.
Daha sonra çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Milli Elmlər Akademiyası ilə Azərbaycan Yazıçılar Birliyinin Azərbaycanın milli-mənəvi dəyərlərinin, Azərbaycan dili və ədəbiyyatının qorunub saxlanmasında uzun illərdir birgə fəaliyyət göstərdiyini söyləyib. Bildirib ki, Azərbaycan Yazıçılar Birliyi daim Azərbaycançılıq ideologiyasına şərəflə və məsuliyyətlə xidmət edib və xalqımızın ən görkəmli yazıçıları bu quruma rəhbərlik ediblər. Diqqətə çatdırıb ki, sovet hakimiyyətinin ən sərt illərində belə Azərbaycan Yazıçılar Birliyi ədəbiyyatımızı, milli kimliyimizi, ana dilimizi qorumaq üçün əsl qəhrəmanlıq nümayiş etdirib.
Xalq yazıçısı Anarın Azərbaycan Yazıçılar Birliyinə sədrliyini yüksək qiymətləndirən akademik İsa Həbibbəyli onun AYB-ni öz fəaliyyətində yeni mərhələyə qaldırdığını, Azərbaycan ədəbiyyatının keşiyində dayandığını, eləcə də yazıçı və şairlərimizin yeni nəslinin yetişməsində mühüm işlər gördüyünü vurğulayıb.
Akademik İsa Həbibbəyli hazırda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Azərbaycan Yazıçılar Birliyinin 90 illiyinə töhfə olaraq sanballı monoqrafiyanın hazırlandığını diqqətə çatdırıb.
Paneldə, həmçinin AYB sədrinin müavini Elçin Hüseynbəyli, AYB-nin Türkiyə təmsilçisi İmdat Avşar, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Asif Rüstəmli, “Qobustan” jurnalının baş redaktoru Pərvin və başqaları çıxış ediblər.
Qeyd edək ki, III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (III LitBookFest) Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı, AR Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TİKA və digər qurumların dəstəyi ilə təşkil olunur.
Bu dəfə 8 gün keçiriləcək festivalın hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib. III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı 31 may tarixinədək davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.