Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.05.2024 16:00
  • A-
  • A
  • A+

“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən konfransın iştirakçılarının Altıağac Milli Parkına səfəri təşkil edilib

“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən konfransın iştirakçılarının Altıağac Milli Parkına səfəri təşkil edilib

AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 23-24 may 2024-cü il tarixlərində keçirilmiş “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfransın proqramına uyğun olaraq, bağlanış mərasimindən sonra iştirakçıların Altıağac Milli Parkına səfəri təşkil edilib.

Səfər gedişində Milli Parkın direktoru Dərgah Rüstəmov və əməkdaşlar konfrans iştirakçılarını müvafiq marşrutlarla gəzdirərək, onlara parkın tarixi, əhatə etdiyi ərazilər, iqlim və landşaftları, burada mühafizə edilən flora və fauna elementləri barədə geniş məlumatlar veriblər.

Qeyd edilib ki, Altıağac Milli Parkı Altıağac Dövlət Təbiət Qoruğu və ona həmsərhəd olan dövlət meşə fondu torpaqlarının bazasında 11035 hektar ərazidə 2004-cü ildə yaradılıb. Ərazisinin 90.5%-ni enliyarpaqlı meşələr təşkil edir. Milli Parkın yaradılmasının başlıca məqsədi Böyük Qafqazın cənub-şərqi yamaclarının təbii landşaftlarının qorunub saxlanılması, flora və fauna növlərinin bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi, eləcə də, turizm və istirahət (rekreasiya) üçün şərait yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etmək olmuşdur.

Milli Parkın ərazisinin 3585 hektarını meşə əhatə edir. Buradakı meşələri əmələ gətirən əsas ağac növləri Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fısdığı, adi göyrüş, itiyarpaqlı ağcaqayındır. Ərazidə yemişan, böyürtkən, əzgil, qaratikan, itburnu və s. kimi kol bitkiləri üstünlük təşkil edir.

Altıağac Milli Parkının ərazisində məməlilərdən cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar, quşlardan qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartalı, kəklik, qaratoyuq və s. növlərə rast gəlinir. Ərazidə adları Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmiş qonur ayı, çöl qartalı kimi məməli heyvan və quş növləri diqqəti daha çox cəlb edir.

Səfərin gedişində Milli Parkın əməkdaşları və konfrans iştirakçıları ümumi maraq doğuran məsələlər haqqında fikir mübadiləsi və müzakirələr aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: