Mayın 25-də Ulu Öndər Heydər Əliyevin 101 illiyi və 28 May – Müstəqillik Günü münasibəti ilə tədbir təşkil olunub.
“Modern İnkişaf və Ailə” İctimai Birliyinin və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər, Milli Məclisin deputatları, QHT sədrləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra 28 May – Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva çıxışında bildirib ki, 28 May - Müstəqillik Günü Azərbaycanın dövlətçilik tarixində xüsusi önəm daşıyır. Qeyd edib ki, 1918-ci ildə yaradılan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə ilk rüşeym oldu. Ancaq təəssüflər olsun ki, Cümhuriyyətin mövcudluğu uzun sürmədi, cəmi 23 ay yaşadı.
“Bu gün qürurla deyə bilərik ki, müstəqil və Azərbaycan dövlətinin yenidən möhkəm təməllər üzərində qurulmasında, dünyada tanıdılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri əvəzsizdir. Ulu Öndərin dediyi kimi, “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”.
Ümummilli Liderin Azərbaycanın müstəqilliyi və davamlı inkişafı üçün gördüyü işlərdən danışan Z.Quliyeva Ulu Öndərin zəngin irsinin yüksək səviyyədə davam etdirildiyini bildirib.
“Qürurvericidir ki, Ulu Öndərin siyasi kursuna sadiq qalan qalib xalqın Prezidenti İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirərək, Qarabağı xalq-iqtidar birliyi və “Dəmir Yumruğu” ilə geri qaytarıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzü tam təmin edib, vaxtilə Ermənistanın nəzarəti altında olan kəndlərimiz geri qaytarılır. Bütün bunlar qalib xalqın qalib lideri Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Biz müstəqil və qalib ölkənin vətəndaşları olduğumuz üçün fəxr edirik”, - deyə QHT sədri vurğulayıb.
“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək təşkilatının sədri Qalib Əliyev diqqətə çatdırıb ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kursun davam olaraq, Azərbaycan inkişafının yeni dövrünü yaşayır. QHT sədri bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Vətən oğullarının şücaəti sayəsində ölkəmizin ərazi bütövlüyü tam təmin edilib və torpaqlarımız erməni separatçılarından tam təmizlənib. Ermənistanın nəzarəti altında olan kəndlərin geri qaytarılması dövlətimizin başçısının qəti və siyasi iradəsinin nəticəsidir.
AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova ölkəmizin müstəqillik tarixindən və yolundan danışıb. O deyib: “Azərbaycan xalqı xoşbəxt xalqdır, ona görə ki, onu müstəqilliyə, Zəfərə aparan liderləri olub və var”.
Ölkəmizin müstəqilliyi əldə etdikdən sonra çox əziyyətlər çəkdiyini diqqətə çatdıran AMEA-nın vitse-prezidenti qeyd edib ki, xalqımız 2020-ci ildən bu yana bütün əlamətdar bayram və günlərini xüsusi coşqu və təntənə ilə qeyd edir. Əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilik siyasəti nəticəsində Azərbaycan nailiyyətlər qazanmaqda davam edəcək.
Müasir və müstəqil Azərbaycanın formalaşmasında Ulu Öndər Heydər Əliyevin zəngin fəaliyyətini qeyd edən YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdir əvəzi, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif İmaməliyev Ümummilli Liderin bizə zəngin irs qoyub getdiyini vurğulayıb. O bildirib ki, Ulu Öndərin dövlətçilik ənənələri uğurla davam etdirilir və Azərbaycanın qarşısında daha böyük hədəflər dayanır.
Milli Məclisin deputatları Aydın Mirzəzadə, Aydın Hüseynov və Vüqar İskəndərov çıxışlarında Azərbaycanın müstəqillik tarixindən danışıblar, xalqımızın bu yolda çəkdiyi əziyyətlərin sonunda öz hədəflərinə çatdığını qeyd ediblər. Vurğulayıblar ki, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan indi müstəqilliyinin ən gözəl günlərini yaşayır və uğurlar hələ irəlidədir.
Digər çıxış edənlər müasir və müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd ediblər.
Tədbirin sonunda ölkənin ictimai-siyasi və idman həyatında müəyyən xidmətləri olan bir qrup ictimai fəal şəxs mükafatlandırılıb, onlara fəxri fərman və hədiyyələr təqdim edilib.
Mükafatları Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva, Milli Məclisin deputatları Aydın Hüseynov və Vüqar İskəndərov təqdim ediblər.
Tədbir bədii hissə ilə davam edib. İncəsənət ustalarının ifasında milli, vətənpərvər ruhda mahnılar səsləndirilib.