AMEA-nın Folklor İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutun direktoru akademik Muxtar İmanov iclası açaraq, gündəlikdəki məsələləri diqqətə çatdırıb.
İclasın gündəliyindəki birinci məsələ Folklor İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik edilməsi barədə olub. İnstitutun elmi katibi, fil.ü.f.d., dos. Elçin Abbasov sözügedən məsələ ilə bağlı məlumat verib. Folklor İnstitutunun Həmkarlar Təşkilatının yeni sədri fil.ü.f.d., dos. Aynur İbrahimova, Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri fil.ü.f.d., dos. Əziz Ələkbərli Elmi şuranın tərkibinə daxil ediliblər.
Sonra gündəlikdəki ikinci məsələ - 2024-cü ilin I yarısı üzrə elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatların hazırlanması məsələsi müzakirə olunub. Cari məsələnin həlli üçün institut rəhbərliyi tərəfindən şöbə müdirlərinə tapşırıqlar verilib.
Cari məsələlər sırasında Folklor İnstitutunun böyük elmi işçisi fil.ü.f.d. Şəbnəm Məmmədovaya ixtisas üzrə dosent elmi adının verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması ilə bağlı məsələyə baxılıb. Gizli səsvermənin nəticələri müsbət hesab edilərək, iddiaçının dosent elmi adı alması üçün qərar verilib.
Eləcə də bir sıra kitabların çapı ilə bağlı məsələyə baxılıb.
Daha sonra institutun elmi işlər üzrə direktor müavini fil.ü.f.d., dos. Afaq Ramazanovanın 50 illik yubileyi qeyd edilib. İnstitutun direktoru akademik Muxtar İmanov yubilyarı təbrik edərkən bildirib ki, A.Ramazanova səmərəli elmi-ictimai fəaliyyəti, idarəçilik bacarığı, üzərinə düşən vəzifəyə məsuliyyətlə yanaşması, həmkarlarına olan səmimi münasibəti ilə kollektivin hörmətini qazanıb.
Yubilyarın elmi yaradıcılığından, yüksək insani keyfiyyətlərindən söz açan institut əməkdaşları da Afaq Ramazanovanı 50 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, ona möhkəm cansağlığı, ailə səadəti və uğurlar arzulayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.