Alimlərimiz tərəfindən hazırlanan yeni silisium əsaslı fotoelektron gücləndirici strukturlarının tibbi qamma zondlarda tətbiqinin öyrənilməsi məqsədilə Avropa Komissiyasının maliyyələşdirdiyi “HORIZON-MSCA-2022-SE-01” çağırışı üzrə təqdim edilən DETMED 101129879 “Tibbi qamma zondu üçün yeni detektor konsepsiyası” adlı layihə 2023-cü ildə qalib elan olunub.
Təqdim edilən layihənin 48 ay müddətində yerinə yetirilməsi nəzərdə tutulub. Layihə müddətində beynəlxalq konsorsium tərəfindən yeni fotodiodların istehsalı, onların parametrlərinin təyin edilməsi, dəstəkləyici elektronika hissələrin hazırlanması və sınağı, detektor modulunun hazırlanması və sınağı planlaşdırılıb.
Bu layihə üzrə Dortmund Texniki Universitetinin alimi Dr. Elena Shornikova cari ilin may ayının 20-dən 1 ay müddətinə İRİA-nın Nüvə Tədqiqatlar Departamentində, ETN-nin Radiasiya Problemləri İnstitutunda və Strateji Elmi Tədqiqatları Mərkəzində (SETM) birgə tədqiqatlara cəlb ediliblər. Səfərin məqsədi DETMED layihəsi üzrə hazırlanmış yüksək piksel sıxlığına malik yeni detektorlarının parametrlərinin ölçülməsi, mövcud analoqları ilə müqayisəsi və HORIZON proqramı çərçivəsində növbəti elmi tədqiqat layihələrində tətbiq imkanlarının müəyyən edilməsidir. Bununla yanaşı, Dortmund Texniki Universiteti ilə Azərbaycanın elmi tədqiqat qurumlarının yeni əməkdaşlıq imkanları müzakirəsi nəzərdən keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.