Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.06.2024 09:34
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim palinoloq və paleobotaniklərin beynəlxalq tədbirində iştirak edib

Coğrafiyaçı alim palinoloq və paleobotaniklərin beynəlxalq tədbirində iştirak edib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin müdiri coğrafiya elmləri doktoru Yelena Tağıyeva Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən XV Beynəlxalq Palinoloji Konqresin və XI Beynəlxalq Paleobotanika Konfransının (IPC/IOPC) birgə iclasının iştirakçısı olub.

Tərəqqi və innovativ tədqiqatların mübadiləsi məqsədilə dörd ildən bir toplaşan Beynəlxalq Palinoloqlar və Paleobotaniklər Birliyinin builki konfransında 51 ölkədən 520 tədqiqatçı iştirak edib.

Konfransda məruzə ilə çıxış edən Y.Tağıyeva Mərkəzi Azərbaycanın Qarabağ düzündə İsmayılbəytəpə neolit məskəni üçün palinologiya, fitolit analizi və qeyri-tozcuqlu palinomorflar (AES) sahəsində əldə olunan nəticələri təqdim edib. O göstərib ki, tədqiqatlar arxeoloji abidənin formalaşması zamanı onun məskunlaşmasının müxtəlif mərhələlərində baş verən prosesləri başa düşməyə imkan verib. Qazıntı zamanı aşkar edilən fosil sporlar, polen və bitkilər Yerdəki həyatın təkamülünü göstərir, keçmişin ekologiyası və paleoiqlimi haqqında mühüm məlumatlar verir.

Coğrafiyaçı alim palinoloqlar və paleobotaniklərin yüz milyonlarla il ərzində baş verən iqlim dəyişikliklərinin əla məlumat bazasına malik olduğunu diqqətə çatdırıb. O bildirib ki, floristik dəyişikliklər qlobal miqyasda regionun ekologiyasını və iqlimini yüksək dərəcədə dəqiqliklə göstərir.

Sonda alim iqlim dəyişikliklərinin davam etdiyi zamanda gələcəkdə nələrin baş verə biləcəyini görmək üçün keçmişi öyrənməyin vacib olduğuna diqqət çəkib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: