Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.06.2024 10:28
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində Zakir Nəsirovla görüş keçirilib

Hüseyn Cavidin Ev Muzeyində Zakir Nəsirovla görüş keçirilib

...Səni ürkütdümü halım?

Keçmişdə xayır, böylə deyildim.

Bilsən nə gözəl, ah nə gözəldim...

Gözlər məni həsrətlə arardı,

Hüsnümdə səhər cilvəsi vardı.

Birdən – birə soldum da dəyişdim,

Issız, əbədi heçliyə keçdim.

Cismim qarışıb torpağa, ondan

Güllər və tikanlar bitər əlan.

... Çirkinliyim etdirməsin ikrah,

Könlüm səni öpmək dilər...

Bu misraları əyilib məzardan onun cisminə toxunmaq istəyən Zakir Nəsirova Hüseyn Cavid pıçıldamışdı...

1982-ci il Azərbaycan ədəbiyyatşünaslığının, muzeyşünaslığının tarixində Ümummilli Lider Heydər Əliyevin imzaladığı mühüm çoxsaylı sərəncamlarla yadda qaldı. Bu sərəncamlardan biri də böyük dramaturq şair Hüseyn Cavidin ev muzeylərinin yaradılması və cənazəsinin uzaq Sibirdən gətirilməsi haqqında idi. Bu gün Hüseyn Cavidin Ev Muzeyi Ümummilli Lider Heydər Əliyevin nüfuzu və qətiyyətli səyləri nəticəsində 1982-ci ildə böyük dramaturqun nəşinin uzaq Sibirdən ölkəmizə gətirilməsində yaxından iştirak etmiş Zakir Nəsirovla görüş keçirilib.

Tədbiri giriş sözü ilə Əməkdar mədəniyyət işçisi filologiya elmlər doktoru Gülbəniz Babaxanlı açaraq bildirib ki, 1937-ci illərin repressiya burulğanında Cavidi uzaq yerlərə məşəqqətli məhv üçün göndərənlər - yaşayaraq ölənlər, üzərindən 140 ildən artıq bir zaman keçməsinə rəğmən ölərək yaşayan Cavidin cənazəsinin vətənə gətirənlərdən biri ilə görüşürük. Həmin işin təşkilatçısı, ən önəmli təşəbbüskarı Ulu Öndər Heydər Əliyev idi. Bu dünyada analoqu olmayan bir hadisə idi. Gülbəniz Babaxanlı sözü bu önəmli işdə yaxından iştirak etmiş Hüseyn Cavidin mənəvi oğlu hesab etdiyi Zakir Nəsirova verib. Zakir Nəsirov çıxış edərək bildirib ki, 1982-ci ildə ömrünün gənclik illərinə təsadüf etmiş bu dünya miqyaslı işdə iştirak etmək onun üçün böyük şərəf idi. O, kövrək xatirələrini vərəqləyərək buzlu Sibir torpaqlarının Şevçenko kəndindəki axtarışlardan və nəhayət Vətəndən iraq, həsrət içində rəhmətə getmiş minlərlə soydaşımızdan birinin Vətəninə qaytarılmasından bəhs edib.

Sonda qonağa “Turan Cavid: ömür salnaməsi” və Gülbəniz Babaxanlının “Ümummilli lider Heydər Əliyev – Hüseyn Cavid irsinin böyük hamisi” adlı monoqrafiyası hədiyyə edilib və xatirə şəkli çəkilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: