AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyevin tövsiyələri əsasında sözügedən elm ocağının alimlərinin gənclərin elmi və ictimai məlumatlılığının artırılması məqsədilə şəhərdəki universitetlərin tələbələri üçün keçirdiyi seminarlar davam etdirilir.
Gəncə Dövlət Universiteti ilə əməkdaşlıq müqaviləsi əsasında Filologiya fakültəsinin Filologiya ixtisasının IV kurs tələbələri öz rəhbər müəllimləri - Azərbaycan dili kafedrasının dosenti Gülarə Məlikova və Filologiya fakültəsinin metodisti, pedaqoji - internaturanın üzvü Romella Nuriyeva ilə birgə Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsində təşkil olunan növbəti elmi seminarda iştirak ediblər. Görüşdə Bölmənin Nizami Gəncəvi Mərkəzinin direktoru f.ü.f.d. Əlimuxtar Muxtarov “Heydər Əliyev Fondu və Nizami Gəncəvi irsi” mövzusunda mühazirə oxuyub.
Mühazirəçinin əsas qayəsi dahi şair və mütəfəkkir Nizami Gəncəvinin öz əsərlərində yaratdığı, zamandan və dövrandan asılı olmayaraq, insanın və cəmiyyətin hüzur və xoşbəxtliyi naminə bizə və bütün bəşəriyyətə ünvanlanan fəlsəfəsinin müasir mürəkkəb dövrümüz üçün də bir açar ola bilməsi fikirlərini çatdırmaq olub. Bu baxımdan, beynəlxalq aləmdə artıq böyük nüfuz sahibi olan Azərbaycanın, onun Prezidenti, cənab İlham Əliyevin, eləcə də Ulu Öndərin adını daşıyan Fondun və onun rəhbəri Mehriban xanım Əliyevanın millətimizin adından, onun dahi övladı Nizami Gəncəvinin işıqlı ideyaları əsasında dünyada əmin-amanlıq və birgəyaşayış prinsiplərinin bərqərar edilməsi yönündə yorulmaz fəaliyyətlərinin tərəqqipərvər məqsədlərinin izah olunması da mühazirənin mahiyyətini təşkil edib.
Mühazirəçi Ulu Öndər Heydər Əlievin dahi mütəfəkkirimiz Nizaminin əsərlərinin öyrənilməsi, ölkə və dünyada təbliği məsələlərinə milli-ideoloji strategiya kimi baxdığını vurğulayıb. Həmçinin bu mənəvi impulsun onun layiqli varisi, Prezident İlham Əliyev tərəfindən davam etdirilərək, millətimizin daxili gücünə yönəltdiyini qeyd edib. Məruzənin məzmunu, mövzunun slaydla, fotoşəkillərlə təqdimatı tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Sonda tədris - istehsalat təcrübəsinin rəhbəri Gülarə Məlikova, Filologiya fakültəsinin metodisti, pedaqoji internaturanın üzvü Romella Nuriyeva və tələbələr adından Sevil Qasımova görüşün təşkil edilməsi və burada səslənən maraqlı məlumatlar üçün öz minnətdarlıqlarını bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.