Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.06.2024 09:30
  • A-
  • A
  • A+

Avropa Komissiyasının ERASMUS+ proqramına həsr olunan seminar keçirilib

Avropa Komissiyasının ERASMUS+ proqramına həsr olunan seminar keçirilib

AMEA-da Avropa Komissiyasının (AK) ERASMUS+ proqramına həsr edilmiş seminar keçirilib. 

Tədbirdə AMEA-nın elmi müəssisələrinin beynəlxalq əlaqələr üzrə mütəxəssisləri, təcrübəli və gənc alimlər iştirak edib.

Tədbiri AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri dosent Esmira Əlirzayeva giriş sözü ilə açaraq AK-nın Horizon Avropa və ERASMUS+ proqramları, onların geniş imkanları haqqında ümumi məlumat verib və iştirakçıları bu proqramlardan istifadəyə təşviq edib. O, ERASMUS+ Azərbaycan ofisinin direktoru Pərviz Bağırovu təqdim edib və bu proqram haqqında ətraflı məlumat üçün sözü ona verib.

Pərviz Bağırov təqdimatında təhsil, treyninq, gənclik və idmanı dəstəkləyən ERASMUS+ proqramının institusional və fərdi klasterlərinə yer ayırıb. Qeyd edilib ki, proqram beynəlxalq kredit mobilliyi, Erasmus Mundus, ali təhsildə potensialın gücləndirilməsi, Jan Mone fəaliyyətlərini dəstəkləyir. Proqramın imkanlarından tələbələr, akademik və administrativ heyətlər yararlana bilər. Hər bir istiqamət üzrə tələblər, imkanlar, büdcə, müraciət qaydaları və müddəti haqqında ətraflı məlumat verilib. P.Bağırov bildirib ki, bu proqram Avropa təcrübəsinin öyrənilməsi və qabaqcıl təcrübənin tətbiqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və daha böyük layihələrə qoşulmaq üçün geniş imkanlar açır. Bu istiqamətdə ADA Universiteti, Xəzər Universiteti, Bakı Mühəndislik Universitetinin və s. uğurlu təcrübəsini diqqətə çatdırıb.

Məruzəçi Azərbaycanın elm və təhsil müəssisələrinin qoşulduğu konsorsiumlar və həyata keçirilən çoxtərəfli layihələr haqqında məlumat verib. Bu istiqamətdə AMEA-nın uğurla iştirak etdiyi layihələri nümunə kimi göstərərək iştirakçıları ERASMUS+ proqramından istifadədə fəal olmağa təşviq edib. P.Bağırov proqramdan istifadə üzrə əyani təlimatlar da təqdim edib. 

Seminar interaktiv formatda həyata keçirilib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb. ERASMUS+ proqramı ilə əlaqəli yeniliklərin mütəmadi olaraq paylaşılması üçün AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsi ilə birlikdə AMEA-nın elmi müəssisələrinin beynəlxalq əlaqələr üzrə mütəxəssislərindən ibarət şəbəkənin yaradılması təklif edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: