Hazırkı dövr həm qlobal, həm də milli-regional səviyyədə cəmiyyətin, iqtisadiyyatın, sosial-mədəni sferaların “yaşıl” transformasiyaları ilə xarakterizə olunur. Ona görə də müvafiq dövlət idarəetmə orqanlarının mühüm vəzifələrindən biri də “yaşıl” transformasiyalara və ya iqtisadiyyatın yaşıllaşdırılmasına keçidin mərhələlərini, səbəblərini və vəzifələrini daha dəqiq müəyyənləşdirərək cəmiyyət üzvlərini məlumatlandırmaqdır.
Artıq davamlı və insan potensialına əsaslanan cəmiyyətin və iqtisadiyyatın inkişaf istiqamətində yeni tendensiyalar və yeni çağırışlar əmələ gəlmişdir. Bunlar rəqəmsal və “yaşıl” transformasiyalar fonunda insanların yeni “yaşıl” innovativ davranışı kimi də səciyyələndirilə bilər. Belə bir şəraitdə formalaşan “yaşıl” cəmiyyət, iqtisadiyyat və istehsal dedikdə, ilk növbədə, təbiətin qanunlarını nəzərə alan, ətraf mühitə heç bir mənfi təsir göstərməyən və təbii ehtiyatlardan səmərəli və yüksək qənaətlə istifadə edən insanın sənaye və kənd təsərrüfatındakı fəaliyyəti nəzərdə tutulur. Bu mərhələdə “yaşıl” bilik və bacarıqlar xüsusi əhəmiyyət daşıyır. Gələcək əmək bazarı üçün hazırlanan mütəxəssislər də həm peşəkar, həm də vətəndaş kimi bu çağırışlara cavab verməlidirlər.
Yer kürəsinin uzunmüddətli inkişafının təmin edilməsi insanın iqtisadi fəaliyyətində və həyat tərzində yeni “yaşıl” prioritetlərin formalaşmasını tələb edir. Ona görə də dünya iqtisadiyyatına inteqrasiya edən Azərbaycan iqtisadiyyatı və cəmiyyəti paralel olaraq həm postsənaye iqtisadiyyatının “yaşıllaşdırılması” texnologiyalarından ən səmərəli formada istifadə etməklə qeyri-neft sektorunun inkişafına nail olmalı, həm də ən müasir texnologiyaları izləmək və tətbiq etməklə informasiya cəmiyyəti iqtisadiyyatının özünün də yaşıllaşdırılmasına nail olmalıdır. Ümumi halda “yaşıl” iqtisadiyyatın bəzi mənfi tərəfləri olsa da, onun üstünlükləri çatışmayan tərəflərindən daha çoxdur. Buna görə də “yaşıl” iqtisadiyyata davamlı inkişafa aparan alternativsiz yol kimi baxmaq lazımdır.
Məlum olduğu kimi, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həm müasir dövr, həm də yaxın və uzaq gələcək üçün çox böyük əhəmiyyətə malik olan bu prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, eləcə də su ehtiyatlarından, dayanıqlı və alternativ enerji mənbələrindən, təbii və material resurslarından səmərəli istifadənin təmin edilməsi və s. ölkə qarşısında həllini gözləyən təxirəsalınmaz tədbirlərdəndir.
Yeri gəlmişkən, hazırda ölkəmizdə mükəmməl ekoloji siyasətin yürüdülməsi üçün əlverişli zəmin var. Ümumdünya Rio+20 və Yohannesburq sammitlərinin qərarlarına uyğun olaraq Azərbaycan ekoloji siyasətin və qanunvericiliyin təkmilləşdirilməsini həyata keçirir. Ekoloji tədbirlər sırasına dövlət proqramlarının və qanunların qəbul edilməsi, yeni idarəçilik prinsiplərinin tətbiqi, milli park şəbəkələrinin genişləndirilməsi, insanların su ilə təminatının daha da yaxşılaşdırılması, tullantıların idarə olunması və ətraf mühitin qorunması kimi vacib işlər daxildir.
Rəsmi dövlət sənədlərinin təhlilindən göründüyü kimi, ətraf mühitin “yaşıllaşdırılmasında”, ekoloji balansın bərpasında, “yaşıl” texnologiyaların işlənilməsində və tətbiqində əsas rollardan biri İKT sektorunun inkişaf etdirilməsidir. Odur ki, ölkənin milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində İKT sektorunun 2025-ci ilədək və sonrakı dövr üçün uzunmüddətli inkişafı nəzərdə tutulmuşdur. İKT sferasına uzunmüddətli baxışın mahiyyəti bu sektorda innovasiyayönümlü islahatları davam etdirmək, müasir xidmətlərin çeşidini və həcmini artırmaq, sürətli genişzolaqlı şəbəkənin əhatə dairəsini genişləndirmək, telekommunikasiya sektorunda mühüm beynəlxalq tələblərə cavab verən standartların tətbiqini təmin etmək yolu ilə ölkənin “yaşıl” inkişafına, cəmiyyətin ekoloji-texniki savadlılıq səviyyəsinin yüksəldilməsinə və ümumən “yaşıl” rəqəmsal iqtisadiyyatın formalaşmasına nail olmaqdır.
İnformasiya cəmiyyətinin yaranması və onun “yaşıllaşdırılması” əlavə innovasiyalı hədəflər müəyyən edəcək. Startapların və innovasiyalı müəssisələrin “yaşıl” inkişafını stimullaşdırmaq məqsədilə klasterlər və yüksək texnologiyalar parkları yaradılacaq. Bu işdə dövlətin və digər maraqlı tərəflərin müvafiq investisiya qoyuluşları əsas dəstəkverici qüvvə rolunu oynayacaq. Belə parklara və innovasiya mərkəzlərinə innovasiyaya təkan verən startapları daha çox cəlb etmək üçün onların geniş əhatə dairəsində tətbiqi reallaşdırılacaq. Bu yanaşma həmin parklarda olan müəssisələrin Azərbaycanın “yaşıl” və rəqəmsal iqtisadiyyata keçidi üçün əsas hərəkətverici qüvvə olmasına şərait yaradacaq. Beləliklə, ekoloji-texnoloji savadlılıq, yüksək “yaşıl” texnologiya vasitələrinin tətbiqində artım və keyfiyyətli genişzolaqlı şəbəkəyə çıxış nəticəsində ümumi “yaşıl” ətraf mühitin, “yaşıl” dünyanın, əlverişli “yaşıl” biznes mühitinin inkişafına nail olunacaq.
Bu cür “yaşıl” yönümlü yanaşma sektor üzrə uzunmüddətli perspektivdə, həm də İKT sahəsində regionda lider ölkəyə çevrilmək, güclü potensialı olan İKT sənayesi, cəmiyyətin ekoloji tələbatını da təmin edən telekommunikasiya infrastrukturu yaratmaq, təhsil sistemində “yaşıl” rəqəmsal texnologiya yönümlü strukturlaşmanın, o cümlədən “yaşıl” rəqəmsal iqtisadiyyatın daha da inkişafına şərait yaratmaq, ölkənin sosial-ekoloji-iqtisadi inkişafına təkan vermək və əhaliyə göstərilən elektron xidmətlərin daha geniş tətbiqinə nail olmaq əsas vəzifələrdəndir.
Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Məişət və bərk tullantıların, həmçinin elektron tullantıların təkrar istifadə və emalına ciddi diqqət yetirilməlidir. Bu prioritetlər daxilində strateji dövrdə həm yüksək keyfiyyətli ekoloji mühitin formalaşmasına, həm də “yaşıl enerji” məkanının yaradılmasına və onların effektiv reallaşdırılmasına nail olunmalıdır.
Ölkədə, həmçinin keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olmalıdır. Gələcəkdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə dəyə bilən risklər azaldılmalıdır. Bu məqsədlə ölkədə ümumi yaşıllıqların payı artırılmalıdır. Eyni zamanda, iqtisadi artımla ekoloji mühit tarazlı inkişafda olmalıdır. Ölkədə yararsız torpaq sahələri dövriyyəyə cəlb edilməklə mövcud resurslar bərpa edilməlidir. Əhalinin keyfiyyətli suya tələbatı, ilk növbədə, su resurslarından səmərəli istifadə etməklə ödənilməlidir.
İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payı artırılılmalı və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Bununla yanaşı, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək.
Göründüyü kimi, yeni iqtisadi şəraitdə rəqəmsal və “yaşıl” iqtisadiyyatın üstünlükləri və faydaları çoxdur. Buna görə də rəqəmsal “yaşıl” iqtisadiyyata informasiya və bilik iqtisadiyyatının yeni mərhələsi kimi davamlı inkişafa aparan alternativsiz yol kimi baxmaq və ümumən həm cəmiyyətin, həm də iqtisadiyyatın rəqəmsal və “yaşıl” transformasiyasına nail olmaq lazımdır.
Əlövsət ƏLİYEV, ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru