Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elan etdiyi yeni tarixi dövr və milli ideya konsepsiyası və qarşıda duran məsələlər” mövzusunda məruzəsi dinlənilib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 yanvar 2024-cü il tarixində yerli televiziya kanallarına müsahibəsi zamanı dərin məzmunlu və milli konseptual dəyərlərə malik olan bir çox fikir irəli sürüb, dövlətimizin başçısı Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatı ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini müasir tariximizin yeni dövrü kimi xarakterizə edib.
AMEA rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyevin uzun illərdir apardığı uzaqgörən siyasəti və Ali Baş Komandanlığı nəticəsində Qarabağ problemi birdəfəlik həll olunmuş, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etmişdir: “Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində misli görünməmiş böyük missiyasıdır və onun adı Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuşdur”.
Prezident İlham Əliyevin müsahibə zamanı səsləndirdiyi - “Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə, gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır”, - sözlərini xatırladıb.
Dövlət başçısının bu çağırışının Azərbaycan ziyalıları və alimləri qarşısında xüsusi vəzifə müəyyənləşdirdiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli yeni tarixi dövr və milli ideya konsepsiyasının yaranan yeni tarixi şəraitin doğurduğu reallıqdan qaynaqlandığını deyib.
Akademik İsa Həbibbəyli ölkə başçısının irəli sürdüyü yeni konseptual yanaşmaya və çağırışlara dərhal alimlərimizin reaksiya verdiyini, AMEA-da humanitar və ictimai elmlərin görkəmli nümayəndələrinin və ziyalıların iştirakı ilə yanvar və aprel aylarında “Yeni tarixi dövr və milli ideya” mövzusunda geniş müzakirələrin keçirildiyini, bu mövzu ətrafında qiymətli təkliflərin irəli sürüldüyünü diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli bildirib ki, ideologiya ilə ideya bir-birinə yaxın olan anlayışlardır və dövlətimizin əsas ideologiyası Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş Azərbaycançılıq ideologiyasıdır: “Aparılan müzakirələrdə, səsləndirilən təkliflərdə gələcək milli ideyanın baza hissəsini bu ideologiyanın təşkil etməsinin zəruriliyi xüsusi vurğulanıb. Ümumilikdə müzakirələr zamanı güclü lider, güclü dövlət, güclü xalq, Böyük Qayıdış, milli birlik, sosial rifah, türk birliyi, modernləşmə, rəqəmsal inkişaf, dialoq mədəniyyəti və s. olmaqla 48 təklif səsləndirilib və onlar ümumiləşdirilərək 8 təklifə salınıb. Milli ideya məzmunu və hədəfyönümlülük baxımından konseptual olmaqla yanaşı, ifadə baxımından da dəqiq olmalıdır. Milli ideologiya milli ideya vasitəsi ilə gerçəkləşir və müəyyən toplumu tarixi keçmişi, milli mental xüsusiyyətləri və zamanın çağırışlarını nəzərə alaraq kollektiv gələcəyə doğru aparır. Dövlətin inkişafı prosesində milli ideologiya zamanın tələblərinə uyğun olaraq ortaya çıxan milli ideyalar vasitəsi ilə daha da təkmilləşir”.
Akademik İsa Həbibbəyli çıxışında ümumiləşdirilmiş 8 təklifi diqqətə çatdırıb və akademiklər – Arif Həşimov, İbrahim Quliyev, Rasim Əliquliyev, İradə Hüseynova, Nizami Cəfərov, Adil Qəribov, AMEA-nın müxbir üzvləri Musa Qasımlı, Ərtegin Salamzadə, professorlar – Kərim Şükürov, Nadir Məmmədli, İlham Məmmədzadə, Əbülhəsən Abbasov, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov və digər çıxışçıların iştirakı ilə geniş müzakirələr aparılıb.
Akademik İsa Həbibbəyli müzakirələr nəticəsində Azərbaycanın gələcək milli ideyası ilə bağlı alimlərimizin gəldiyi nəticənin - “Daha güclü Azərbaycan, türk birliyi, rəqəmsal inkişaf və strateji tərəfdaşlıq” - olduğunu diqqətə çatdırıb.
Rəyasət Heyətinin qərarı ilə qeyd olunan milli ideyanın Akademiyanın və alimlərimizin gələcək tədqiqat prosesində və təbliğat işində nəzərə alınmasının təmin edilməsi qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.