AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun monitorinq qrupu Yardımlı rayonunda fəaliyyət göstərən Azərbaycan-Amerika birgə ekspedisiyasının apardığı arxeoloji çöl-tədqiqat işləri ilə tanış olublar.
Səfər zamanı institutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev, tarix elmləri doktoru, professor Hidayət Cəfərov, əməkdaşlar Ceyhun İzmayılov, Şamil Əsgərovun iştirakı ilə təşkil olunmuş monitorinq komissiyası tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi altında “Azərbaycanın cənub-şərq dağlıq ərazilərinin Antik dövr abidələrinin tədqiqi” layihəsi çərçivəsində Urakəran kəndi ərazisində yerləşən Bilgə nekropolunda, eyni adlı kənd ərazisində yeni aşkara çıxarılmış antik dövr yaşayış yerində, həmçinin Gilar kəndi ərazisində aparılan çöl-tədqiqatlarını yerində yaxından izləyiblər. Beynəlxalq ekspedisiyaya Amerika tərəfdən Hamilton Kollecinin professor yardımçısı Dr. Hannah Lau rəhbərlik edir.
Bilgə nekropolunda ilk tədqiqatlar Ceyhun Eminlinin rəhbərliyi ilə 2019-cu ildə başlanıb. Sonrakı çöl tədqiqat illərində orada meqalit örtüklü daş qutu və küp qəbirlər aşkara çıxarılıb. Növbəti illərdə nekropolda torpaq qəbirlərin də mövcud olması dəqiqləşib. 1 hektardan böyük ərazisi olan nekropol e.ə. 3-cü əsrdən eramızın 3-cü əsrinə qədərki 600 illik xronoloji çərçivəni əhatə edir. Builki tədqiqat mövsümündə e.ə. 3-cü əsrə aid 1 torpaq qəbir, e.ə. 1 - eramızın 1-ci əsrlərinə aid 3 daş qutu qəbir və eramızın 2-3-cü əsrlərinə aid küp qəbirlər aşkar edilərək tədqiq olunmaqdadır. Diqqət çəkən məqamlardan biri nekropol daxilində eyni ardıcıllıqla və eyni istiqamətdə dəfn olunmuş 8 ədəd at qəbirlərinin üzə çıxmasıdır. Atların xüsusi ardıcıllıqla, eyni istiqamətdə və eyni formada dəfn edilməsi xüsusi ritualdan xəbər verir.
Bilgə nekropolundan təxmini 300 metr cənub-qərbdə aşkar edilmiş tikili qalıqları da xüsusi diqqət çəkir. Ətrafda yaşayış yerinin aşkar edilməsi istiqamətində görülən bu işlər kəşfiyyat xarakterli olsa da, uğurlu nəticə verib. Burada müxtəlif istiqamətlərə uzanan iri bina qalıqları müəyyən edilib. Bəzi yerlərdə iri bina qalıqlarının döşəmələrinin izləri də müəyyənləşib. Tədqiqatın gedişindən məlum olur ki, buradakı tikililər müxtəlif vaxtlarda modifikasiya olunub. Binanın aşkar edildiyi əsas qazıntı yerindən əlavə tikilinin kənarlarında yoxlama qazıntıları da qoyulub və nəticədə onun daha geniş ərazini əhatə edəcəyi məlum olub. Möhkəm özüllü fundamentləri və divarları olan bu tikililərin müdafiə istehkamı olması da istisna edilmir.
Sonuncu müşahidə edilən tədqiqat yeri Gilar kəndi ərazisi olub. Ceyhun Eminlinin verdiyi məlumata əsasən, əvvəlki illərdə burada təsərrüfat işləri zamanı Bilgə nekropolu materilları ilə həmdövr olan oxşar nümunələr tapılıb və əraziyə baxış keçirilərkən burada Antik dövr qəbirlərinin dağıdılması məlum olub. Bu səbəbdən Gilar ərazisində araşdırmalar ekspedisiyanın builki tədqiqat planına daxil olub. Sevindirici haldır ki, burada da Antik dövrə aid tikili qalıqları aşkara çıxarılaraq tədqiq olunmaqdadır. Çay daşlarından hörülmüş divar qalıqlarının qarşısında isə küp və daş qutu qəbirlər müəyyən edilib.
Qeyd edək ki, Yardımlı ərazisi Antik dövrdə mövcud olmuş Atropatena dövlətinin sərhədləri daxilində olub. Azərbaycan tarixi üçün mühüm əhəmiyyət kəsb edən Atropatena dövləti arxeoloji cəhətdən zəif öyrənilib. Bu səbəbdən ekspedisiyanın aşkara çıxartdığı və tədqiq etdiyi yaşayış yerləri və qəbir abidələri Atropatenanın arxeoloji cəhətdən öyrənilməsi üçün olduqca vacibdir. Bundan əlavə, regionun turizm potensialı da diqqətdən yayınmayıb. Aşkar edilmiş abidələri konservasiya etməklə burada gələcəkdə arxeoloji turizmin inkişafı üçün real imkanlar vardır. Ekspedisiyanın verdiyi məlumata əsasən, tədqiqat mövsümü bitdikdən sonra aşkar edilmiş tikili qalıqları və daş qutu qəbirlərinin kənar divarları yerində saxlanılmaqla, tədqiqat yerləri torpaqlanacaq və torpaq sahiblərinə təhvil veriləcək. Abidənin ilkin qorunması üçün torpaqla örtülməsi yaxşı olsa da, digər tərəfdən tikili qalıqları təsərrüfat işləri səbəbilə ciddi təhlükə ilə qarşı-qarşıyadır.
Monitorinq komissiyası ekspedisiyanın fəaliyyətini yüksək qiymətləndirib, ekspedisiyanın işinə uğurlar arzu edib.
Qeyd edək ki, tədqiqatlar iyul ayının 24-ə kimi davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.