Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Parlaq İlham Əliyev
24.07.2024 11:30
  • A-
  • A
  • A+

Parlaq İlham Əliyev

Vur-tut dörd illik qısa vaxt məsafəsi və bunca heyrətamiz gerçəklik! Dörd il təqvim üçün nədir ki? Bir göz qırpımı qədər qısa vaxt! Bu qonaqları bu mərasimə gətirən təyyarənin endiyi Füzuli ərazisi dörd il öncə başdan-başa tar-mar olmuş bir xarabazar idi.

İndi hər qarışı həyat qazanıb dirçəlməyə, canlanmağa başlayan, erməni istilasından xilas olaraq ömründə yeni səhifə açılan Qarabağ torpağına biz də həsrət idik, bir əcnəbi də oralara səfəri yalnız oğurluq edə bilərdi - bizdən icazəsiz, qanunsuz yolla - Ermənistandan keçib gələrək və həmin andan da o şəxsin adı sərhədlərimiz üzünə bağlı olanların müvafiq siyahısına düşürdü.

Dörd il öncə ən xəyalpərvər bir insan da ehtimal edə bilərdimi ki, düşmən tapdağında qalan, arxası böyük qüvvələrə bağlı işğalçının bizə uzaqdan-uzağa yanıq verməklə rəqs etdiyi Şuşanın əsl sahibi haqqı bərqərar edəcək, burada və zəbt olunmuş yerlərimizin hər tərəfində bayrağımız dalğalanacaq, qovuşduğu xoşbəxtlikdən lap azacıqmüddət ötüncə çöhrəsi günü-gündən dəyişib göyçəkləşən bu Qala Şəhər bir-birindən mötəbər beynəlxalq məclislərə qucaq açan məkana çevriləcək?!

2024-cü ilin 20 iyulu ilə 2020-nin 20 iyulu arasındakı məsafənin cəmi dörd il olmasına, sonu görünməyən müharibə və münaqişə bölgəsinin belə az müddətdə dünyanın dörd bucağından qonaq-qara qəbul edən əmin-aman meydana dönəcəyinə inanmaq çətindir və Şuşa yenə bayram içindədir.

Bu möcüzəli bəxtiyarlığın Baş Memarı, Azərbaycan Prezidenti İlham Əliyev dünyanın 49 ölkəsindən gəlmiş 150-dən çox xarici qonağın, 30-a yaxın dövlətin informasiya agentliklərinin, 3 beynəlxalq təşkilatın, 82 media qurumunun, üstəgəl, Azərbaycanın onlarla aparıcı mətbuat adamının və mətbuat qurumlarının qatıldığı, artıq illərdir ki, dünyanın diqqət mərkəzində saxladığı ümdə bir məsələyə - yalan məlumatların ifşası, dezinformasiyaya qarşı mübarizəyə həsr edilmiş Qlobal Media Forumunun iştirakçıları qarşısındadır.

"Qlobal Media Forumu" sözlərinin qarşısında əziz "Şuşa" kəlməsinin dayana biləcəyini dörd il əvvəl kim təsəvvür edərdi?

Həm də indi şahidi olduğumuz forum ikincidirsə, bu, artıq ənənənin yaranması deməkdir. Ancaq iki il qabaq təşkil olunmuş Birinci Şuşa Qlobal Media Forumu ilə bu forum arasındakı məsafəni də elə sadəcə iki təqvim ili saymaq sadədillik olardı. O forumdan bu forumadək baş vermiş digər hadisə mahiyyəti və çəkisi ilə Azərbaycanın bütöv tarixinin ən qəliz məsələlərindən birinin həlli ilə səciyyəvidir və təxminən iki əsrə çatan müddətdə haçansa çözüləcəyinə ümidlərin belə zəif olduğu düyün ötən ilin iyulu ilə bu iyul arasında birdəfəlik tarixin məzarlığına basdırılıbsa, bu vaxt aralığının bircə il olmasına adamın inanmağı gəlmir. Elə həmin səbəbdən də Prezident İlham Əliyev Birinci Şuşa Qlobal Media Forumundan azacıq sonra - 2023-cü ilin 19-20 sentyabrında, 24 saat ərzində Azərbaycan Ordusunun apardığı antiterror əməliyyatı və onun tarixi əhəmiyyəti haqqında elə lap başlanğıcda söz açmağa ehtiyac duyaraq bildirdi ki, ərazi bütövlüyümüzün və suverenliyimizin ötən ilin sentyabrında baş verən tam bərpası təkcə birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdəki mühüm hadisədir və həmin hadisə, onunla yanaşı cərəyan etmiş digər hadisələr regionun daha təhlükəsiz, daha proqnozlaşdırılabilən olmasına şərait yaratdı.

Söz yox, dörd il əvvəl də, ondan öncəki dövrdə də Azərbaycan insanı inanırdı. Əmin idik ki, geci-tezi var, gün gələcək, hökmən ərazi bütövlüyümüz bərpa ediləcək, biz doğma yurdlarımıza qayıdacağıq. Ancaq sual onda idi ki, bu, nə zaman baş verəcək, payımıza düşmüş ömür möhləti içərisində bu, bizə müyəssər olacaqmı?

Bu mətləblərə bizim hamımızdan daha artıq hali olan, Azərbaycana rəhbərlik etdiyi illər boyunca daim bu haqda düşünən və həmin məqsədə çatmaq üçün hər gün yeni addımlar atan, tədarüklər görən, sadə insanlara bəlli olmayan bir çox pərdəarxası həqiqətlərdən, təfərrüatlardan da agah olan Prezident İlham Əliyevin özü də dörd il öncə - İkinci Qarabağ savaşına aylar qalarkən işğala son qoyulacağı məsud günlərin haçan gələcəyini bilmirdi. Çünki məqsədə aparan yolda maneə yalnız erməniçiliyin özü deyildi, o mənhus kabusun arxasında ondan da betər bir sürü beynəlxalq güclər vardı. Ancaq həmin günün mütləq və mütləq gələcəyinə hamıdan çox məhz İlham Əliyev inanırdı. Hətta özünün görməyəcəyi gələcək illərdə olsa belə, o səadətli günlərin yetişəcəyinə əmin idi. Bu həqiqəti elə həmin 2-ci Qlobal Şuşa Forumunda da bir daha etiraf edərək deyirdi ki, Qarabağı azad edərkən mən 17 il idi Prezident idim, lazım gəlsəydi, torpaqlarımızı azad etməkçün biz daha 17 il gözləyərdik. O zaman fərqi yoxdur kim prezident olacaqdı, bu hadisə bəlkə də bundan əlli il sonra baş verəcəkdi, fərq etməz lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi, biz çətin qərarlar verməli idik ki, əsas məqsədimizə çataq.

Prezident İlham Əliyevə o çətin qərarı vermək Şərəfi nəsib oldu, məhz Prezident İlham Əliyevin alnına bu pırtlaşıq düyünü açmaq, vətənin və xalqın ən ali Milli Ləyaqət məsələsini həll etmək Mərdanəliyi yazılıbmış.

Prezident İlham Əliyev o gün əziz Şuşada, azad Şuşada, hər belə beynəlxalq məclislə azadlığı və bizimkiliyi dünyaya daha artıq və daha uca səslə bəyan edilən bu sevimli mənəviyyat və mədəniyyət paytaxtımızda Millətin Tale Kitabında əbədilik yaşayacaq qurtuluşa gətirib çıxaran yolu xatırlayaraq "Bu, uzun bir hekayədir", - deyirdi. Əlbəttə ki, haqlı idi!

Amma bu da borcdur ki, Azərbaycanın hər sıra nəfəri, indiki və bütün gələcək nəsillər Millət Kitabının bu uzun hekayətini bütün ayrıntıları ilə gərək beş barmağı kimi əzbər bilə, həmişə hafizəsinin üst qatında saxlaya.

...Kütlə qarşısına çıxan, mötəbər beynəlxalq siyasi auditoriya önündə olan, yüksək peşəkarlıqlı dünya informasiya agentliklərinin təmsilçiləri və jurnalistlərlə üzbəüz dayanan Prezident İlham Əliyevin bir silsilə mühüm üstünlükləri var ki, elə yüyrək şəkildə onu digər ölkə rəhbərləri, tanınmış siyasət və dövlət xadimləri ilə müqayisə edərkən dərhal duyulur.

Əvvələn, Prezident İlham Əliyev istənilən mövzuda danışmağa başlayınca, ən müxtəlif istiqamətli və bəzən publik cavablandırılması siyasətçi üçün heç də asan olmayan suallar ətrafında düşüncə bölüşürkən hər kəsin ilk hiss etdiyi onun hərtərəfli və dərin biliyə sahibliyi həqiqəti olur. Zəka, üstün bilik o sərvətdir ki, onu gizlətmək də, görməmək də mümkünsüzdür.

İkincisi, Prezident İlham Əliyev bəhs etdiyi hər mövzuya xırdalıqları ilə bələd olur, həmin səbəbdən də problemə xeyli hündürdən, panoramda nəzər salmağı bacarır, təbii ki, məhz buna görə də nə deyirsə, hər cümləsini, hər müddəasını mükəmməl məntiqi ardıcıllıq müşayiət edir.

Üçüncüsü, heç vəchlə təsir və təzyiq göstərilə bilməyən heyrətamiz təmkin, sualların nə şəkildə qoyulmasından asılı olmayaraq eyni aramla, hissə qapılmadan və nitq müvazinətinə zərrəcə xələl gəlmədən (bu isə söylənənlərin inandırıcılığını dəfələrcə artırır) öz həqiqətini yeritmək, müxtəlif dillərdə bir-birindən kəskin fərqli mürəkkəb siyasi-iqtisadi və digər problemlərin rahat, ilişiksiz, bilgin ifadəsi. Bu məziyyətlər ayrı-ayrılıqda hansısa siyasi xadimlərdə və dövlət liderlərində müşahidə edilir, amma hamısının bir nəfərdə cəmləşməsi ayrı fenomendir, nadir təsadüf edilir. Məhz bu silahı ilə də Prezident İlham Əliyev sözə başlayınca istər onu dinləyən sual vermiş bir müxbir olsun, istər bir salon dolusu insan, hamısı o nitqin qaçılmaz cazibəsinə düşür. Bilavasitə ekrandan da müşahidə etmişəm və yəqin, elə xeyirxah gözlərlə baxan hər kəs də tutub ki, dünyanın aparıcı mövqeli siyasi xadimləri və dövlət yetkililəri Prezident İlham Əliyevlə söhbətə həmişə gizlətmədikləri maraq və həvəslə can atırlar.

Dördüncüsü, müsahibi də, dinləyənləri də ilk anlardanca dərk edir ki, qarşısında dayanan şəxsiyyət dərhal toxunulan hər mövzunun nüvəsindən yapışmağı, cövhərinə enməyi bacarır və o, hazırlığın elə səviyyəsindədir ki, şayəd hücuma keçmək, ittiham etmək sevdasına düşsən, anlar sonra özün hücuma məruz qalana və töhmətləndirilənə çevriləcəksən. Peşəkarlığın bu səviyyəsini görən kəs öncədən başında hansı havanın olmasına baxmayaraq, tezcə özünü yığışdırmağa vadar qalır.

Beşincisi də, cazibə və sirayətedicilik. Bilmək hələ azdır, hər lider ona ünvanlanacaq, xüsusən də bu, bəlli mövzuya həsr edilmiş toplantıdırsa, mümkün suallar dairəsini öncədən təxmini də olsa müəyyənləşdirmək imkanındadır, demək, hazırlaşmaq, zəruri məlumatları toplamaq fürsəti olur. Lakin hətta yaxşı bildiklərini necə ifadə etmək məsələsi də var axı! İlham Əliyevin bir lider olaraq ən üstün keyfiyyətlərindən və az-az natiqlərdə rast gəlinən məharətlərindən biri də yalnız nəyi nə vaxt və necə etmək yox, həm də nəyi harada, hansı dinləyənlər qarşısında, bilavasitə, ya dolayısı ilə hansı ünvanlara yönəldərək necə ifadə etmək ustalığıdır - aydın, dəqiq, yığcam, artıq sözlər, ifadələr işlətmədən, hər kəlmə ilə birbaşa hədəfə vuraraq danışmaq.

Və önəmli bir dəqiqləşdirmə - həm də üstündən vaxt ötəndən sonra, gələcəkdə də sənə irad tutulmağa əsas yarada biləcək bütün məqamları istisna edərək hər mətləbi deyilə biləcəyi həddə qədər səsləndirmək qabiliyyəti.

Yəni başqa çox siyasətçilər var ki, diplomatiyanın "danış və nə dediyin sonacan bilinməsin, nitq söylə, əsas fikrin örtülü qalsın" ülgüsünə bacarıqla riayət edə bilirlər. Prezident İlham Əliyevsə həm ən riskli görünən mövzularla bağlı sözünü də bu cür diplomatik yankeçmə və yayğınlığa varmalardan vaz keçərək açıq şəkildə dilə gətirir, həm də bu incə gedişatda nəyi hansı həddə qədər deyə bilmənin sərhədinə riayət etməyi bacarır. Ən yöndəmsiz sualdan qaçmamağın daha bir örnəyini Prezident İlham Əliyev Şuşa Forumunda yenə nümayiş etdirdi. Birbaşa verilmiş sualı nazik siyasətşünas yanaşması ilə birbaşa cavablandırmasa da, əslində elə birbaşa cavabı vermiş oldu. ABŞ-dakı cari prezident seçkilərində hansı namizədin seçilməsini istəməsini hansı ölkənin prezidentindən xəbər alsan, şübhəsiz, bəlli diplomatik etiketlərə riayət edərək yayğın cavab verəcək, bunun xalqın iradəsindən asılı olacağını təsdiqləyəcək. Ancaq bu, həmişə maksimal səmimi olmağa çalışan İlham Əliyevdir axı. TASS-ı təmsil edən Mixail Qusmana cavabını verir, açıq heç nə demir, amma aydın cavabı da elan etmiş olur: "İstənilən auditoriyada, istər mətbuat və yaxud da Azərbaycan ictimaiyyəti qarşısında keçirilən tədbirlərdə mən heç bir halda yanlış məlumat paylaşmıram. Lakin siyasi mədəniyyət anlayışı var və bu anlayış sizin sualınıza birbaşa cavab verməyə imkan yaratmır. Ancaq sizin sualınız, başa düşürəm ki, tamamilə ritorikdir. Biz bir-birimizi onilliklərdir tanıyırıq və tamamilə əminəm, siz də yaxşı bilirsiniz ki, mən kimə üstünlük verərdim. Düşünürəm ki, Azərbaycanda mən bu məsələdə, bu mövqedə yeganə deyiləm. Bizə gəldikdə, bu məsələyə öz nöqteyi-nəzərimizdən yanaşırıq". Və fikrini davam etdirərək əslində yalnız Azərbaycanın deyil, başqa çoxlarının da mühüm bir səbəbə görə ortaq rəyi bölüşdüyünü səmimiyyət və örtülülüyün xəfif hüdudlarını gözləməklə belə izah edirdi ki, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Və qabardırdı ki, yəqin belə sülhpərvər mövqeyə böyük hörmətlə yanaşmağa dəyər.

İnsanlarda adətdir ki, hadisə baş verib bitəndən sonra hansı addımın yaxşı, hansının daha yaxşı olmasını iddia etmək, bəzən də "gərək belə edəydi, gərək bu təhər deyəydi" söyləmək asandır. Hünər dar macalda ən zəruri addımı atmaq, ən lazımlı sözü deyə bilməkdir. Prezident İlham Əliyevin bir çox müsahibələrini təkrar-təkrar araşdıranda təəccüblənirsən ki, o anda o sözləri haradan tapdı, sanki haçandır məhz bu cavabı verməyə hazırmış.

Polemika və müsahibələrində əvəzolunmazlığına tərəddüd yeri qalmayan Prezident Əliyev hazırcavablığı ilə heyrətləndirməyə nail olduğu belə dəqiqələrdə dərhal iki nöqtədə qazanır - həm qarşısındakı da, auditoriya da onu yetərincə səmimi və dürüst siyasətçi kimi qavrayır, digər tərəfdən də bir şəxsiyyət olaraq onun öz gücünə əminliyi, çəkinməzliyi, heç bir mətləbdən açıq danışmaqdan qorxmadığı təəssüratı qətiləşir. İnsansa söylədiyinə daxilən inananda və çox biləndə ötkəm olur. Bu, artıq yalnız öyrənməklə, təcrübə ilə yaranan səriştə deyil. Əlbəttə, öz üzərində çalışmaq, auditoriya ilə işin mürəkkəb mexanizmlərinin yeni-yeni çalarlarını mənimsəməkçün daim çalışmağın da bu yöndə faydası və köməyi dəyir. Ancaq ən əvvəl gərək fitri istedad, fəhm, öncə sezim ola. Bunlar fitrətən varsa, təbii ki, cilalandıqca uğurlu bəhrələrini verir. İlham Əliyevə bir siyasətçiyə gərək olan digər məziyyətlərlə yanaşı, məhz bu istedad da nəsib olub və bu baxımdan onu bizə bəlli siyasi üfüqdə müqayisə edə biləcəyimiz tək şəxsiyyət unudulmaz Heydər Əliyevdir.

Bütün bu qürur oyadan üstünlükləri, həmişəki səmimiyyəti və açıqlığı ilə Prezident İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda növbəti dəfə onu dinləyənlərin hamısını ram və heyran etməyə müvəffəq oldu. Mən bunu yazdım-yazmadım, kameralar göstərirdi, oradakıların məmnun sifətlərini hamı görürdü.

O gün Prezident İlham Əliyevə verilən sualların əvvəlincisi forumun əsas mövzusu ilə bağlıdır. Kütləvi informasiya vasitələri, jurnalizm bu gün şüşədən buraxılmış cini xatırladır ki, durmadan ümumi əxlaqi-professional meyarlardan yayınaraq getdikcə daha artıq idarəedilməzləşir, obyektivlikdən uzaqlaşaraq sifarişlə işləməyə səmtlənir, saxta, yalan, qərəzli informasiya ayaq tutub yeriyir. Azərbaycan vaxtilə Sovet İttifaqının tərkibində olanda da, müstəqilliyin ilk dövründə də Ermənistanın və erməniçiliyin respublikamıza qarşı təxribatları başlanan çağlardan Moskva sarıdan da, xaricdən də kütləvi informasiya şəbəkəsinin bizə qarşı yürütdüyü siyasətdə bunun acılarını çox yaşayıb. Zaman dəyişib, Azərbaycana münasibətdə o xətti yürüdənlər yenə var, amma indi artıq mətbuat cinindən bütün dünya şikayətlənməyə başlayıb. Bizim əleyhimizə məkrli sifarişlə, haqsız, həqiqətləri tərsinə çevirərək həyasızlıqla yalan dərc edənlərin sırasında hətta dünyanın ən aparıcı nəşrlərindən olan "Vaşinqton post", "Nyu York tayms" da yer alıb. Çirkli həmlələri təşkil edənlərin bu qəbil şöhrətli nəşrləri öz bəd əməllərinə şərik etməsi, əlbəttə ki, onların gözə kül üfürmək ehtirası, belə hörmətli qəzetlərin yazdıqlarının doğru olması düşüncəsini dünyaya sırımaq hiyləgərliyi ilə əlaqədardır. Və forumda Prezident İlham Əliyev özünə xas incə diplomatik fəndlərdən biri - rəqibi onun öz silahı ilə vurmaq üsulundan yararlanaraq həmin məşhur ABŞ qəzetlərini, o qəzetlərin timsalında isə eyni qəbahəti törətmiş digər nüfuzlu Amerika və Avropa yayıcılarını Ağ evin Birinci şəxsi olmuş və yenə növbəti dəfə prezident seçilməyə çalışan Donald Trampın əli ilə ifşa etdi: "Bizim beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanımız yox idi. Biz müstəqilliyini yeni bərpa etmiş ölkə idik və ciddi səylər göstərməli idik. Bizə elə gəlirdi ki, mesajımızı çatdıra bilmirik. Biz özümüzü günahlandırırdıq, resurslarımızı səfərbər edirdik, beynəlxalq ictimaiyyəti maarifləndirirdik. Daha sonra biz dərk etdik ki, bir çox insanlar, müxtəlif fərdlər bizim mesajları eşitmək istəmir, onlar vəziyyəti tamamilə fərqli şəkildə təqdim etmək istəyir. Ona görə də bu məsələyə yanaşmanın ən yaxşı yolu budur: 30 il müstəqil olan ölkə nə edə bilər? Sizin kimi şəxsləri Bakıya və bölgələrimizə dəvət etmək və bizim nə işlər gördüyümüzü, planlarımızı təqdim etmək, gözləntilərimizi sizə çatdırmaqdır ki, biz dövlət quruculuğunda nələrə nail olmuşuq. Məhz bu, ən səmərəli üsuldur. Biz bu gün görürük ki, uzun illərdir üzləşdiyimizə indi Amerika prezidenti də məruz qalıbdır. Prezident Tramp "Vaşinqton Post"u və "Nyu York Tayms"ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Mən onunla tamamilə razıyam. Bu gün ABŞ prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır. Elə sadəcə bunu görəndə biz özümüzü bir az rahat hesab edə bilərik. Yəni bu gün diqqət Azərbaycandan yayınıbdır. Əlbəttə, biz çox arzu edirik ki, media obyektiv olsun, hər kəs obyektiv olsun".

Və dünyanın superdövləti ABŞ-la Azərbaycanın münasibətləri haqqında səslənən, ictimaiyyət qarşısında cavablandırılması heç də asan olmayan sualların müqabilində Prezident İlham Əliyevin ağıllı, məntiqli, danılmaz dəlillərə söykənən fikirləri onun hansı güc olduğunu bir daha aşkar etdi. Bu cavablar müstəvisində balaca bir Cənubi Qafqaz ölkəsi olan Azərbaycan Respublikası Yer kürəsinin fövqəldövləti ABŞ-la eyni boyda idi və haqlı olan Azərbaycan, oyun qaydalarını pozan Amerika idi. Bunlar qətiyyən böyründən sükutla keçiləsi, üzərində məxsusən dayanmadan ötüləsi anlar deyil. Bizə baxın, Amerikanı düşünün, o qüdrətlə bu gücü göz önünə gətirin, fərq yerlə göyarasıdır, fəqət qadir liderin zəkası ilə bunu da etmək olurmuş - qabaqlar da şahid olmuşduq, indi yenidən görüb eşitdik ki, Prezident İlham Əliyev Azərbaycanı ABŞ mərtəbəsinə, ABŞ-la bərabərhüquqlu müqabil tərəf səviyyəsinə qaldırdı. "Bizim ABŞ-la münasibətlərimiz, demək olar ki, hər zaman sabit olub", - söyləyən Prezident İlham Əliyev Azərbaycanın Amerikaya etibarlı partnyor olduğunu, əvəzində Amerikadan dönüklük gördüyünü heç nəyi gizlətmədən açıqca deyir və bunu gətirdiyi bir nümunə ilə bariz şəkildə sübut edirdi ki, Əfqanıstanda hərbi əməliyyatlar aparılarkən, ABŞ Azərbaycana ehtiyac duyarkən ölkəmiz ilk qeyri-NATO dövləti olaraq həmin əməliyyatlara qoşuldu, oranı da hətta ABŞ qoşunlarından sonra tərk etdi, əməliyyatın keçirildiyi dövrdə ABŞ-ın yüksəkrütbəli məmurları Azərbaycana dəfələrlə səfər etdi, minnətdarlıq bildirdi, ancaq Əfqanıstanda missiya başa çatdıqdan dərhal sonra onlar heç bir məntiqi əsaslandırma və izah təqdim etmədən Azərbaycana qarşı sanksiyanı - 907-ci düzəlişi bərpa etdilər. Təkrar edirəm ki, bunlar əsla sadə bəyanatlar deyil, unudulmamalı tarixdir - Azərbaycan Prezidenti təhlil edir, dəlillər gətirir, bütün dünya qarşısında dünyanın bir nömrəli dövlətini sədaqətsizlikdə qınayır və hamı da görür, anlayır ki, o, yüzdə-yüz haqlıdır: "Uzun illər ərzində bizim onlara etdiyimizin və yaxşı tərəfdaş olduğumuzun müqabilində Azərbaycan xalqı bu administrasiya haqqında nə düşünə bilər? Deməli, siz onlara lazım olanda olursunuz yaxşı bir adam, yaxşı bir ölkə, sizin haqqınızda təriflər yağdırırlar. Onların sizə ehtiyacı olmayanda nəinki sizə biganə yanaşırlar, hətta sanksiyalar tətbiq edirlər. Nəyə görə? Çünki biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etmişik".

Prezident Əliyev Amerikanın özünə gözəlcə bəlli olan ayrıntıları açıb-ağartmadan ABŞ-nin Azərbaycanın siyasi həyatımıza müdaxilə etmək, əl altından çeşidli vasitələrlə siyasi müxalifəti maliyyələşdirmək cəhdlərindən, ATƏT-in Minsk qrupunda həmsədrlərdən biri olmuş bu ölkənin münsif olmaq əvəzinə Ermənistanı birtərəfli qaydada dəstəkləmək və silahlandırmaq təşəbbüslərindən də narazılıqla söz açır və mövqeyini belə yekunlaşdırırdı ki, biz sizin də, özümüzün də kimliyimizi bilirik, ancaq əməkdaşlıq etmək istəyiriksə, bu, qarşılıqlı ehtiram və inam əsasında olmalıdır: "Biz hazırkı ABŞ Administrasiyasının fəaliyyətindən, hərəkətlərindən dərindən məyus olmuşuq. Bu, birtərəfli yanaşmadır. Qafqazda ayırıcı xətlərin çəkilməsi olduqca təəccüblüdür.

Biz bəzən açıq, ictimai şəkildə, bəzən də pərdəarxası mesajlarımızı veririk ki, Azərbaycanın maraqları Cənubi Qafqazda təmin edilməlidir. Kimsə bizim maraqlarımızı görməzdən gəlməyə çalışsa, əlbəttə ki, onlar yanılacaqlar və uğursuzluğa düçar olacaqlar.

Biz bilirik potensialımız nədən ibarətdir və bunu bizimlə əməkdaşlıq edən hər kəs bilir. Bu potensialdan xoş niyyət, xoş məram, konsolidasiya, tərəfdaşlıq üçün istifadə edilməlidir və biz demonizasiya qurbanı olmamalıyıq".

Təbii ki, forum iştirakçılarının Prezidentlə dialoqu əsnasında dönə-dönə qayıdılan sabit mövzu Qarabağ Zəfəri, bölgədə sülh, Cənubi Qafqazın gələcək siyasi modeli idi və Azərbaycan dövlətinin rəhbəri xalqın da ürəyindən gələn bu həqiqətləri bəyan etdi ki, "biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unudacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Lakin biz buna fokuslanmamalıyıq, biz bu mövzunu daimi istismar etməməliyik və onu daimi bir rəmzə çevirməməliyik, biz irəli getməliyik". İrəli getməyin yeganə yolunun isə Prezident mümkün uzunmüddətli sülh olduğunu qeyd edir, artıq neçənci dəfə Ermənistanı aldığı acı dərslərdən nəticə çıxarmağa, umulan sülhün tez gəlməsi naminə görməli olduğu təxirsiz tədbirləri ləngitməməyə dəvət edirdi.

Heç olmazdı ki, Qarabağ Zəfərimizdən sonra Makron administrasiyasının ölkəmizə qarşı apardığı və Azərbaycandan kənarlarda da hər kəsə görünən arzuolunmaz siyasət, özünü öz aləmində böyük hesab edərək Cənubi Qafqazda ağsaqqallığı ələ almaqçün vurnuxan Fransa və Azərbaycanın da bu xoruzlanmalara qarşı soyuq duş effektli cavab hərəkətləri mövzusu qoyulan suallarcərgəsində yer almasın.

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olduğu bütün müddətdə ikiüzlü siyasət aparmış, 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın düşmənlərdən təmizlənməsindən sonra ölkəmizə qarşı açıq şəkildə buynuz çıxaran və Ermənistanı silahlandıraraq yeni müharibəyə sövq edən Fransanın bu gün Azərbaycana qarşı yürütdüyü xətti əsl adı ilə çağırdı: "İyrənc, qəbuledilməz". Və həmin siyasətin mahiyyətinin də nədən ibarət olduğunu gizlətmədi: "Azərbaycana qarşı soyuq müharibə".

Azərbaycan dövlətinin başçısı bu məsələlərdən Qlobal Media Forumunda söz açırdısa, forumun mövzusu da yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə idisə, həmin qara siyasətin həyata keçirilməsində Fransanın arxalandığı mətbuat vasitələrinin də adı çəkilməyə bilməzdi. Prezident Əliyev yenə barışmaz idi, ən məşhur qəzetləri - "Fiqaro"nu, "Le Monde" dərgilərini xatırladır, onların bu gün Fransa prezidenti rejiminin təsiri altında olduğunu, həmin media şirkətlərinə mesajların Yelisey sarayından ötürüldüyünü faş edirdi.

Eyni zamanda, özünü dünyaya demokratiya carçısı kimi sırıyan, onun maskasını yırtaraq əsl simasını əyan etmək istəyənlərə düyməsi basılan sözəbaxan mətbuat vasitəsilə təzyiq göstərən Fransanın bütün canfəşanlıqlarına baxmayaraq, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın Makron rejimini hövsələdən çıxaran xətti - üçüncü minillikdə də mövcud olan müstəmləkəçiliyə qarşı daha sərt və ardıcıl siyasət aparacağını elan edirdi: "Təəssüflər olsun ki, Fransa hökuməti yenə də mediadan istifadə edərək bizi ittiham edir ki, guya biz onların daxili işlərinə qarışırıq.

...O ölkələr Fransadan minlərlə kilometr uzaqda yerləşir, onları assimilyasiya etməyə çalışırlar, onları təhqir edirlər. Sonuncu hadisələrdə Yeni Kaledoniyada yeddi insan həlak olub. Bu, Fransanın və onun prezidentinin əməli nəticəsində baş verib. Biz kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyik, əlimizdən gələni edəcəyik.

...Kolonializmdən əziyyət çəkən həmin xalqların səsini heç kəs eşitmir. Çünki az sayda ölkə var ki, Fransanı əməllərinə görə ittiham etsin. Bir çox ölkələr buna göz yummağa çalışırlar, başqa tərəfə baxmağa çalışırlar. Özlərinə başağrısı axtarmırlar. Biz isə buna məhəl qoymuruq". Azərbaycan lideri Fransa müstəmləkəçiliyindən əzab çəkənlərin forumda qonaq olan nümayəndələrinə müraciətlə vəd edirdi ki, "biz sizi hər zaman dəstəkləyəcəyik. Əlimizdən gələni edəcəyik ki, siz və sizin kimi milyonlarla insan öz torpağında azad yaşaya bilsin. Siz öz gələcəyinizi planlaşdırmalısınız. Siz öz irsinizi və ləyaqətinizi, dilinizi qorumalısınız, hansı ki, bu gün sizi ondan məhrum etməyə çalışırlar. Biz sizin yanınızda olacağıq".

Əlbəttə ki, bu ürək-dirək verən məğrur səs ildırım sürəti ilə kolonializmdən əziyyət çəkənlərin hamısına yetişdiyi kimi, Yelisey sarayında da əks-sədalanırdı.

Özünü nataraz sayan Fransa, daha dəqiqi, hakimiyyətdə qaldığı hər növbəti günlə elə fransız xalqına da başağrısı olan Emmanuel Makron da bunları eşitsin, düşünsün, dərk etsin ki, Azərbaycana qarşı haqsız diş qıcadanı Azərbaycanın haqlı toppuzu gözləyir!

O gün Prezidentlə görüşə toplaşmış tanınmışların hamısı çörəyi mətbuatdan çıxan, həyatını bu sahəyə həsr etmiş insanlardılar və onlar üçün müasir dünya siyasətində xüsusi yeri olan, uzaqgörənliyinə, aqilliyinə inandıqları Prezident İlham Əliyevin dilindən bağlı olduqları peşənin sabahı, media sənayesinin gələcəyi və süni intellektin bu prosesdə rolu haqda düşüncələrini eşitmək də çox maraqlı idi.

Xatırlayıram ki, son on ildən artıq müddətdə Avropa Şurası Parlament Assambleyasında aşağı-yuxarı hər sessiyada media ilə bağlı məruzələr müzakirə edilirdi və əksəriyyətin ciddi nigaranlığı bu sferada dəqiq işləyən nəzarət mexanizmlərinin olmamasından idi. Prezident İlham Əliyev həm də mühüm siyasi aspektləri olan, bir sel kimi mühitimizə getdikcə daha artıq nüfuz edən süni intellekt üzərinə gələrək təhlükəli perspektivi qeyd etdi ki, nüvə silahına malik ölkələr süni intellekt tərəfindən manipulyasiyaya məruz qala bilər. Hətta məişət səviyyəsində bir çox hadisələr var ki, bir çoxlarına - insanların münasibətlərinə, ləyaqətinə, nüfuzuna bərpa olunmayan xələl yetirilə bilər. İctimai şəxslərin fərqli feyk video, vizual və audio məlumatlarla tamamilə yamsılanması gedir.

Və Prezident bu həssas məsələdə öz görümünü açıqladı ki, media ictimaiyyəti siyasətçilərlə baş-başa çox ciddi işləməli, BMT, yaxud da "Böyük iyirmilik" səviyyəsində heç bir halda söz, ifadə azadlığının sıxışdırılması kimi qiymətləndirilməyəcək müəyyən məhdudlaşdırmalara da gedilməlidir ki, cəmiyyətin, ölkələrin, fərdlərin uğraya biləcəkləri son dərəcə ciddi, hətta qorxunc təhlükələr, təhdidlər istisna olunsun.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin 21 ilinin ən seçkin və qəlbəyatan tərəflərindən biri də bu illər ərzində Bakımızın bir çox beynəlxalq tədbirlərə mötəbər ev sahibliyi ənənəsinin yaranmasıdır. Lakin Birləşmiş Millətlər Təşkilatının 2024-cü ilin noyabrında keçirilməsi nəzərdə tutulan, az qala bütün dünya ölkələrini əhatə edəcək İqlim Dəyişikliyi Konfransı - COP29 miqyasları və 80 min civarında ehtimal edilən qonaqlarının miqdarı etibarilə özünəməxsus rekord kimi götürülə bilər və bu əhatənin özü tədbirin sırf ekoloji mahiyyətdən ayrılaraq həm də ciddi siyasi məna daşımasına sübutdur. Tədbirin ev sahibliyinin Azərbaycana tapşırılmasının mühüm nüfuz göstəricisi olmasından savayı, əksər dünya liderlərinin həmin günlərdə paytaxtımıza səfər edəcəyini nəzərə alsaq, ölkə rəhbərliyi səviyyəsində baş tutacaq çoxsaylı görüş və qəbulların siyasi siqləti də ayrıca qeyd edilməlidir. Bunun özünün də bəri başdan mütəşəkkil qısqanclıqlar doğuracağı öncədən düşünülən idi və məhz belə də oldu. Oxşar paxıl mənzərə 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinin Bakıda keçirilməsi ərəfəsində də yaranmışdı. Bu da yadıma düşür ki, o vaxtlar AŞPA-da Avropa naminə Liberal Demokratların Alyansı siyasi qrupuna rəhbərlik edən, Azərbaycana qarşı aqressiv bədxahlığı ilə həmişə fərqlənmiş Ənn Brasör boğaz yırtırdı ki, buna yol vermək olmaz və mən də çıxış edərək cavabını vermişdim ki, həmin müsabiqəyə Azərbaycanın ev sahibliyi etməsinin səbəbi ötən səfər azərbaycanlı ifaçıların qalib çıxmasıdır, bu, qəbul olunmuş bir qaydadır, ikincisi də, mədəniyyəti siyasiləşdirmək, öz əsassız siyasi ambisiyalarınız xatirinə belə natəmiz üsullara əl atmaq yolverilməzdir.

Prezident İlham Əliyev Şuşa Forumunda COP29-la bağlı suala cavabında da ən əvvəl mətbuatın bu prosesə heç vəchlə korrekt olmayan cəlb edilməsinə toxunaraq dedi ki, bizim namizədliyimiz və ev sahibliyimizlə bağlı qərar verildikdən sonrakı növbəti həftə Qərb mediasında bizə qarşı hücumlar başladı. Bu, gözlənilən bir hal idi və bunu müzakirə etdiyim bir çox şəxslərlə danışıqlarımda, - həmkarlarımı, dövlət və hökumət başçılarını nəzərdə tuturam, -  mənə deyirdilər ki, bu, Azərbaycan üçün böyük başağrısı olacaq. Biz nədə ittiham olunurduq? Neft və qazla zəngin olan ölkə olduğumuz üçün. Bu, çox təəccüblü bir haldır. Təəssüf ki, bizə qarşı çox geniş və koordinasiya edilmiş media prosesi başladı, biz ilk vaxtlar buna hazır deyildik. Biz izah etməyə çalışırdıq, bu, bizim günahımız deyil ki, biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir. Biz iqtisadiyyatımızı necə şaxələndirmişik, işsizliyin öhdəsindən necə gəlmişik, yoxsulluğu necə azaltmışıq, -mövzular bunlar olmalıdır. Bu gün bu göstəricilər inkişaf edən ölkələrin səviyyəsindədir, bəzən ondan daha aşağı, daha azdır, yoxsulluq beş faiz səviyyəsindədir və bəzi ölkələr bunu heç yuxusunda görə bilməz. Qazıntı yanacaq növlərindən əldə etdiyimiz gəlirlərin ədalətli paylanılması çox şəffaf şəkildə, məsuliyyətli şəkildə həyata keçirilir. Buna baxmayaraq, ittihamlar davam edir".

Başqa sözlə, burada da mühitimizin ayrılmaz parçasına çevrilmiş mətbuatdan nəcib olmayan məqsədlə istifadə mərəzinin ortaya çıxdığını vurğulayan Prezident İlham Əliyev konfransa hazırlıq çərçivəsində həmin yersiz sancmalara Azərbaycanın daha bir tutarlı cavabını - yaşanan ilin ölkədə "Yaşıl dünya naminə həmrəylik ili" elan edildiyini xatırlatdı.

2-ci Şuşa Qlobal Media Forumunda sualı eşidilən Amerikadan gəlmiş bir soydaşımız da vardı və hər məqamı ayrıca təhlil, dəyərləndirmə tələb edən həmin mötəbər yığnağın bir para başqa epizodlarının da üstündən keçərək buna diqqət ayırmağım səbəbsiz deyil.

Xaricdəki radikal efir müxalifətinin səslərindən biri kimi illərcə kəskin çıxışlar edən Ramis Yunusun Qarabağ müharibəsindəki misilsiz zəfərimizdən sonra baxışlarında və çıxışlarındakı kəskin dəyişməni onu görüb-eşidənlər hiss etməmiş olmazlar. Ağlı başında olan insaflıların əksəriyyəti də bu dəyişməni qanunauyğun saydı, təbii qəbul etdi. Xaricdən Azərbaycana qarşı kin püskürən və heç bir yaxşını görmək istəməyən, boyaları tündləşdirərək yalnız əleyhimizə hikkə ilə söz deyənlər, föhşü özünə şüar etmişlərsə bu dəyişməni öz cəbhələrində mühüm itki bilərək süngü ilə qarşıladılar. İnsanın başqaları haqqında dediyi hər söz bəzən daha çox onun özünün kimliyi, hansı yolun yolçusu, hansı mənəviyyata sahib olması haqda həqiqətləri pıçıldayır. Elə xaricdə oturub bura haqqında danışanlar da həmin sayaq. Dinlədikcə sezirsən ki, hansı tənqid səmimiyyətdən, hadisələri, mahiyyəti o cür görməkdən irəli gəlir, kimin sözü qərəzə və ya ondan da murdar daha başqa müəyyən satqın niyyətlərə xidmət edir. Ramis Yunus vaxtilə dövlətdə işləmiş, hər halda dövlət düşüncəsi olan insandır və onu heç vəchlə sonradan pırtlayıb ortaya çıxanlarla müqayisə etmək olmaz. Ya İsveçrədə yaşayıb-yaradan, yeri düşdükcə tənqid də edən, həm də yetərincə sərt mövqe tutan, amma əsl peşəkar jurnalist olan, Azərbaycan vətənpərvəri kimi dövlət və millət maraqlarımızı da dərindən anlayan, ölkəmizin uğurlarına da qəlbən sevinməyi bacararaq bunu yazılarında da ifadə edən, Azərbaycan liderinin müstəsna qabiliyyətlərini və diplomatik müvəffəqiyyətlərini də lazımınca qiymətləndirərək bunu mətbuata çıxaran, müxalif cəbhədən olan hansısa gözügötürməzlərin ona əmma qoyacağından da çəkinməyən Elbəyi Həsənlini özünü bloqer, jurnalist elan etmiş, amma ana dilimizdə iki cümləni doğru-düzgün quraşdırmağa belə qadir olmayan, qarayaxıcı, ikrahoyadıcı tör-töküntülərlə necə yanbayan qoymaq olar?!

Fikir və söz adamının dürüstlüyü onda yalnız yamanı deyil, yaxşını da görə bilməsi, yaman saydığının üstünə beşini də qoyaraq ümidsizlik, naçarlıq ovqatı yaratmağında, düşmən dəyirmanına su tökməkdəki pərgarlığında yox, haqqı da görə bilmək, gördüyünü dilə, qələmə gətirməkçün qeyrət, vicdan tapa bilməsindədir.

İndi Ramis Yunusun bu foruma qatılmasına, ölkə Prezidentinin onu mehriban salamlamasına yenə xaricdən mız qoymaqçün əlləşənlərə baxa-baxa düşünürsən ki, onların bu rəzil münasibətində həm də qibtə, həsəd, irinli içərilərini deşən təəssüf də var ki, niyə o yerdə mən deyiləm.

Əslində Prezidentin çoxdan Azərbaycanda olmayan Ramis Yunusu "Vətənə xoş gəlmisiniz!"lə salamlamasında müxalifətçilik boynuna (ya boyuna) düşmüş xaricdəki yolundan sapmışlara da bir xoşməramlı ismarış var ki, vətənin qapısı da açıq, ürəyi də genişdir, düz yola qayıdanları gülər üzlə qəbul etməyə həmişə hazırıq, biz dünənəcən qan düşməni olan erməni ilə sülhə hazırıq, onda qalmış siz olasınız...

XXI yüzilin üçüncü onilliyinin ciddi qlobal - kürəsəl dəyişiklikləri vəd edə-edə irəlilədiyi günlərimizdə əsas təkanvericisi və ilhamçılarının Türkiyə və Azərbaycan olduğu, get-gedə daha ardıcıl qətiyyətlə dünyaya bəyan edilən və artıq gerçək çöhrəsini də yetərincə nümayiş etdirmiş Yeni Güc Mərkəzi - Türk Dövlətləri Təşkilatı və onun sabahı haqqında da Prezident İlham Əliyev dünyanın eşitməli olduğu sözünü dedi. Bu haqda hələ 2024-cü ilin 18 fevralında Milli Məclisdə etdiyi andiçmə nitqində Prezident İlham Əliyev öz düşünülmüş aydın mövqeyini ifadə etmiş, Azərbaycanın və digər türk dövlətlərinin sabahının yol və tale xəritəsini belə cızmışdı: "Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.

Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər.

Türk Dövlətləri Təşkilatı böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik".

2-ci Şuşa Qlobal Media Forumunun başlandığı 20 iyul Türkiyə Respublikasının Kipr adasındakı türkləri oradakı yunan hakimiyyətinin işğalından azad etməsinin 50-ci ildönümünə təsadüf edirdi. Prezident İlham Əliyev dünyadakı bir sıra uzunömürlü beynəlxalq təşkilatlar və təsisatların heysizləşdiyi, sarsıldığı dönəmdə getdikcə daha artıq güc yığan və möhkəmlənən Türk Dövlətləri Təşkilatının iqtisadi, ticari, hərbi və digər sahələrdə əməkdaşlığının əhəmiyyəti və perspektivini bir kənara qoyaraq daha öncə birliyin güc göstəricisinin daha vacib bir məqamına diqqət yönəldirdi. Onillərcə romantik bir diləkdən o yana keçməmiş Türk Birliyi məfkurəsinin əməli ifadəsi olan bu təşkilatın artıq dünyanın siyasi xəritəsini dəyişəcək qədər iradəyə və sözükeçərliyə malik olduğuna işarə edərək bunun əyani göstəricisi kimi Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatında artıq müşahidəçi üzv statusu qazanmasını, təşkilatın elə Şuşadaca keçirilmiş son zirvə görüşünəöz bayrağı ilə qatılmasını örnək göstərdi, bunu elə "müstəqilliyə doğru atılan önəmli bir addım" adlandırdı.

Prezident İlham Əliyevin bu sözləri əslində özünü planetimizin siyasi həyatında ixtiyar sahibi sayan, yekəxana davranış və ədaları ilə bir sıra ölkələrin də, beynəlxalq təşkilatların da işinə qarışaraq öz xəttini yürütmək xülyasından əl çəkməyi düşünməyənlərə xəbərdarlıq idi ki, özünüzü yığışdırın, Biz Gəlirik, həm də artıq necəliyi Qarabağ Zəfərindən sonra aləmə yaxşı bəlli olan, Türk Birliyi kimi yumruqlaşaraq qat-qat artan qüdrətimizlə gəlirik: "Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə nail olacağıq.

Qarabağ Zəfəri bir çox ünvanlara gözəl mesaj oldu. Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur. İnşallah, belə də olacaq".

...O gün - iyulun 20-də gözəl Şuşada 2-ci Qlobal Media Forumunun başlanğıcında bir neçə saat ərzində Prezident İlham Əliyev bütün parlaqlığı və böyüklüyü ilə o məclisin dünyanın çox ölkəsini əhatə edən iştirakçılarının, baş verənləri teleekrandan seyr edən xalqının və Azərbaycan liderinin nə söyləyəcəklərini, hadisələrə, gedişata, siyasi gerçəklik və gələcək haqqında hansı qənaətdə olmasını yaxından-uzaqdan diqqətlə izləməyə irəlicədən hazırlaşmışların önündə idi. Həmişəki kimi, zəkasının gücü, nitqinin bənzərsiz mükəmməlliyi, fikirlərinin dərinliyi, mülahizələrinin sərrastlığı və söyləyişlərinin cəsarəti ilə möhtəşəm idi.

Seyr etdikcə, dinlədikcə, izlədikcə, həmişəki kimi, bu parlaqlıqdan sevinənə, iftixar edənə yenə işıq və gözəl sabahlara artan ümid və inam payı düşürdü; bu parlaqlıq kimlərinsə gözünü qamaşdırır, canına vicvicə salır, ovqatını təlx edirdi; o parlaqlıq kimlərəsə bir ismarış, xəbərçatdırma idi ki, biz buyuq, yolumuz bu, sözümüz bu, sifətimiz bu, gücümüz budur - bizimlə hesablaşmaqda, bizimlə əl-ələ olmaqda, bizimlə bihudə yerə qarşı-qarşıya durmayıb birgə addımlamaqda daha çox fayda var.

O gün Prezident İlham Əliyev Şuşanın ucalığından sözünü yalnız içərisində olduğu məclisə və yaxın coğrafiyaya deyil, dünyaya, dünyanın güclərinə deyirdi, hökmən ünvanına çatası mətləblərini arxayın müdriklik və sarsılmaz əzmlə dəqiq hədəflərə yönəldirdi və çox parlaq idi.

Onun parlaqlığı ilə Azərbaycan bu gün olduğundan da böyük və qüdrətli görünürdü.

Daim bizimlə olması arzulanan bu parlaqlıqla iftixar edilməzmi?!

21 iyul 2024

Rafael HÜSEYNOV, akademik

“525-ci qəzet”

  • Paylaş: