Jurnalistika ən şərəfli və məsuliyyətli peşələrdən biridir. Jurnalist peşəsi durğunluq sevmir, o özlüyündə dinamikliyi və çevikliyi seçir. Jurnalistika həyatın bütün sahələrini özündə ehtiva edir. Jurnalistika sahəsi üzrə aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətlərindən biri və əsas tədqiqat mövzusu müasir jurnalistikanın inkişaf meylləri ilə bağlıdır. Mövzunun baxış istiqamətləri olduqca genişdir, bilavasitə elmi jurnalistikanın inkişafı ilə həmahəngdir. Media sənayesini inkişaf etdirən ən son amillər sırasında müxtəlif sosial və siyasi sistemlərdə media sənayesinin modelləri xüsusi yer tutur.
Hər bir ölkənin media sənayesinin fəaliyyətinə təsir göstərən özünəməxsus amillər vardır. Həmçinin milli media sistemlərinin fəaliyyətinə ən güclü təsir edən müxtəlif amillər mövcuddur. Onlardan ən əhəmiyyətlisi media sənayesinin öyrənilməsinə ənənəvi yanaşma ilə bağlıdır. Müasir medianın inkişafı kontekstində sosial media iıə qarşılıqlı əlaqədə elmi kommunikasiyanın norma və təcrübəsinin dəyişdiyini, mahiyyət etibarı ilə müəyyən fəaliyyət sahəsində peşəkar jurnalistlərin elmi işçilərlə qarşılıqlı əlaqəsi nəticəsində yeni ünsiyyət mühitinin yarandığını müşahidə edirik. Elm və texnologiyaların sürətlə inkişaf etdiyi, intellektual nailiyyətlərin insan həyatına nüfuz etdiyi müasir dövrdə müxtəlif elmi istiqamətlərdə mövcud olan məlumatların cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Texnoloji biliklərə əsaslanan qlobal inkişaf prosesi elmi-texniki, sosial-iqtisadi və humanitar elm sahələrində elmi tədqiqatların nəticələrinin təbliğini müasir informasiya cəmiyyətinin qarşısına tələb olaraq qoyur. Azərbaycanda bu tələbin icrası yerli KİV-lərin , eləcə də elmi tədqiqat müəssisələrində ictimaiyyətlə əlaqələr üzrə çalışan əməkdaşların üzərinə düşür.
Alim və mütəxəssislərin elmi tədqiqatları, əldə etdikləri uğurları haqqında hazırlanan elmi-publisistik yazıların KİV-də təbliği başlıca vəzifələrdən hesab olunur. Lakin jurnalistikanın tədrisi, nəzəri məsələlərin öyrənilməsi və hətta onun praktikası elmi jurnalistika sahəsində yüksək peşəkarlıq əldə edilməsinə səbəb ola bilmir. Bəllidir ki, elmi işçi elmi səpkidə məqalələr yazır. Elmin təbliği üçün isə keyfiyyətli və yüksək səviyyəli elmi-populyar materialların hazırlanması zəruridir. Bunun üçün jurnalistlər elmi müəssisə və təşkilatlarda fəaliyyət göstərən alimlərlə sıx əlaqələr qurmalı, onların elm sahələri üzrə biliklərindən faydalanmalıdırlar. Elmi-populyar yazılar bilavasitə elmi proseslər, elmi faktlar, elmi tədqiqatların nəticələri əsasında xüsusi yaradıcı yanaşma tələb edir. Yaradıcı və faydalı jurnalist öz bacarıqlarını hər zaman təkmilləşdirməyə çalışmalı, bundan ötrü o, araşdırmalı, öyrənməlidir. Bununla yanaşı jurnalist etikası bu peşənin inkişaf etməsinə təsir göstərən ən güclü amillərdən hesab olunur. Güclü etik dəyərlərə malik olmaq jurnalistika və kütləvi kommunikasiya üçün tələb olunan bacarıqlardan ən vacibidir. Bu gün ən ciddi problemlərdən biri peşə etikasıdır. Jurnalist etikası məsələsi hər zaman aktual olub, amma XXI əsrdə internet alətlərinin inkişafı, jurnalistikada yeni formatların üzə çıxmağı peşə etikası problemini daha da aktuallaşdırıb. Peşəkarlıq peşə bacarıqlarının inkişiafı ilə bağlıdır. Bacarıqlı və müasir jurnalist vebsaytların, dizayn proqramlarının, rəqəmsal jurnalistika platformalarını təşkil edən digər vasitələrin ekspert istifadəçisi olmalıdır. Xüsusi ünsiyyət bacarığına malik olmaq jurnalistə müsahibələr aparmaq, yeni mənbələr tapmaqda kömək edir. Problemlərin həllində KİV-in əməli iştirakına imkan yaradan amillər-jurnalist məsuliyyəti və kompetentliyi, KİV-in iştirakının səmərəliliyini təmin edən yaradıcılıq amilləri-jurnalist sənətkarlığıdır. Bu problemlərin həlli müxtəlif sahələrdə öz əksini tapır.
Elmin populyarlaşması cəmiyyətin intellektual səviyyəsinin yüksəldilməsinə böyük təsir göstərir. Bundan əlavə, elmi populyarlaşma elmə marağı stimullaşdırır ki, bu da elmin inkişafına, eləcə də potensial elmi işçilər üçün səmərəli mühitin yaranmasına şərait yaradır. Formatı sürətlə dəyişən əyləncəli populyar format standartlarına cavab verən yazılara nisbətən xüsusi elmi məzmuna malik olan elmi-populyar nəşrlər vasitəsilə adi insanların diqqətini cəlb etmək daha çətindir. Məşhur britaniyalı nəzəriyyəçi-fizik, alim, yazıçı, həmçinin istedadlı elmi populyarlaşdırıcı Stiven Hokinq deyir: “Mənə dedilər ki, kitaba daxil edilən hər bir düstur alıcıların sayını iki dəfə azaldacaq. Sonra tamamilə formulsuz etmək qərarına gəldim. Düzdür, sonda yenə də bir tənlik yazdım-məşhur Eynşteyn tənliyi E=mc2”. Bu baxımdan elmi jurnalistikanın populyarlaşdırılması istiqamətində də həmçinin məqsədəmüvafiq nəticə əldə oluna bilər.
Elmi biliklərin yayılması müxtəlif sahələrdə ehtiyac duyulan ən vacib vəzifələrdən biridir. Cəmiyyətin davamlı inkişafının fundamental əsası olan tənqidi təfəkkür standartlarını möhkəmləndirmək, elmin mövcudluğunu əsaslandırmaq, müxtəlif elm sahələrində fəaliyyət göstərən alimlər arasında qarşılıqlı anlaşmanı yaratmaq və s. məsələlər üçün elmin populyarlaşdırılması zəruridir. Elmi-populyar jurnalistikanın mahiyyəti elm və cəmiyyət arasında qarşılıqlı əlaqə yaratmaq üçün əlverişli şəraitin yaradılmasıdır. Bu baxımdan elmi-populyar jurnalistika əhalini elmi cəhətdən maarifləndirməklə cəmiyyətin inkişafına faydalı təsir göstərə bilər.
Moskva Dövlət Universitetinin dosenti, elmin populyarlaşdırıcısı Stanislav Drobışevskinin fikrincə, “Elmin populyarlaşdırılmasının əhəmiyyəti məhz insanların maarifləndirilməsindədir. Bundan əlavə, elmi populyarlaşdırma elmə marağı artırır ki, bu da onun dövlət səviyyəsində inkişafına töhfə verir”. Elmi jurnalistikanın başlıca funksiyası alimlərlə ictimaiyyət arasında lazımi əlaqələrin qurulması ilə elmi məlumatların geniş kütləyə çatdırılması, eyni zamanda təbliğ edilən elm adamlarını xarici ölkələrdəki həmkarları ilə əlaqələndirməkdən ibarətdir. AMEA-nın ictimaiyyətlə əlaqələr sahəsində əsas iş prinsipi elmi biliklərin, nailiyyətlərin, ümimilikdə elmin ölkəmizdə populyarlaşdırılması, elmi məlumatların beynəlxalq sferada mübadiləsi və təbliğidir.
Rəfiqə AĞAKİŞİYEVA, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.