AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda UNESCO-nun təsis etdiyi “Ümumdünya fəlsəfə günü”nə həsr olunmuş “Fəlsəfə və yaşıl sivilizasiya” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri institutun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə giriş sözü ilə açaraq hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətindən danışdı, gündəlikdə duran məsələlər barədə iştirakçıları məlumatlandırdı. Fəlsəfə Günü münasibəti ilə hər kəsi təbrik edərək, fəlsəfə elminin tarixi inkişaf müddətində müəyyən mərhələlərdən keçərək çoxsaylı müstəqil düşüncə, ideya və nəzəriyyələrlə zənginləşdiyini bildirən alim antik dövrdən müasir günümüzədək bu elmin mərhələli şəkildə tədqiq edildiyini vurğuladı. Professor çıxışında, həmçinin ölkəmizdə keçirilən COP29-un önəmindən bəhs etdi. Hal-hazırda ən müasir yaşıl texnologiyalar əsasında salınmış COP29 dünyanın yaşıl svilizasiya müzakirələrinin əsas mövzusudur. Ölkəmizdə aparılan məqsədyönlü müasir siyasi-iqtisadi siyasət dünya reallıqlarına uyğun olaraq, mövcud təbii sərvətlərdən yaşıl texnologiyalar əsasında istifadə etməklə atmosferin sağlamlaşdırılmasına töhfə verməyə, yaşıl enerji əsasında yeni dövrün yaşıl iqtisadiyyatının qurulmasına uğurla xidmət edir. Fikrimizcə, yaşıl iqtisadiyyatın Azərbaycan modeli dünya ölkələri üçün də əhəmiyyətli təcrübə ola bilər. Sülh, qarşılıqlı əməkdaşlıq, ədalətli yaşıl cəmiyyət, yalnız rifaha və inkişafa xidmət edən yaşıl texnologiyalar Azərbaycan ölkəsinin yaratdığı möhtəşəm platformadan COP29 qitəsinin səsləndirdiyi yaşıl sivilizasiya çağırışlarıdır.
İ.Məmmədzadə bunlar isə öz növbəsində dünyanın yeni bir inkişaf səviyyəsinə - yaşıl sivilizasiyaya keçidin xüsusiyyətlərini özündə əks etdirir - deyə qeyd etdi.
Sonra tədbir iştirakçılarından professor Əbülhəsən Abbasov, f.e.d. Füzuli Qurbanov çıxış edərək mövzu ətrafında öz fikir və mülahizələrini bildirdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.