Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məşvərətçi Qrupun (CGİAR) icraçı direktoru Dr. Ismahane Elouafinin dəvəti ilə COP29 iqlim konfransında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), CGİAR və digər beynəlxalq qurumların birgə keçirdikləri “Aşağı emissiyalı və dayanıqlı ərzaq sistemləri üçün elm və innovasiya” mövzusunda tədbirdə məruzəçi qismində iştirak edib.
CGİAR müxtəlif qitələrdə yerləşən 15 beynəlxalq tədqiqat mərkəzini (https://www.cgiar.org/research/research-centers) birləşdirən nəhəng bir tərəfdaşlıq sistemidir. Akademik İradə Hüseynovanın çıxışında bildirdiyi kimi, Azərbaycan Respublikasının bu mərkəzlərdən bir çoxu ilə xüsusən müstəqillik illərində formalaşmış sıx əməkdaşlıq əlaqələri vardır.
COP29-da Ərzaq və Kənd Təsərrüfatı Gününə həsr olunmuş tədbirdə Dr. Ismahane Elouafi dünyanın iki ən təcili probleminin – iqlim dəyişiklikləri və ərzaq təhlükəsizliyinin bir-biri ilə səx əlaqəsinin olduğuna diqqət çəkib. Dünyanın ərzaq ehtiyatının üçdəbirini təmin edən və dünya təsərrüfatının 83 faizini təşkil edən 500 milyon kiçik təsərrüfatçının bir çoxu iqlim dəyişikliyindən xüsusilə əziyyət çəkən bölgələrdə yaşayır. Tətbiqi innovasiyalar istixana qazlarının azaldırması üçün yol xəritəsi təqdim edə bilər.
Akademik İradə Hüseynova öz çıxışında ilk növbədə iqlim dəyişikliklərinin kənd təsərrüfatı sistemində törətdiyi fəsadlara, Azərbaycan üçün aktual olan ekoloji problemlərə diqqət çəkib. Alim AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin irəli südüyü prioritet tədqiqat istiqamətlərinin müvafiq problemlərin həllinə töhfə verməyi hədəflədiyini bildirib. Akademik İradə Hüseynova müstəqillik illərində CGİAR-ın beynəlxalq mərkəzlərinin ölkənin aqrar tədqiqatlar sisteminə verdikləri dəstək, elmi müəssisələr tərəfindən əldə edilmiş nailiyyətlər və perspektivlər haqqında da danışıb. Akademikin məruzəsi diqqətlə dinlənilib, böyük maraqla qarşılanıb, gələcək əməkdaşlıq üçün irəli sürülən təkliflər bəyənilib, geniş müzakirələr aparılıb.
Tədbirdə həmçinin Braziliya Kənd Təsərrüfatı Tədqiqatları Korparasiyasının prezidenti Dr. Silvia Massruhá, BMT-nin elmi qiymətləndirmə orqanı olan İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) sədr müavini Dr. Ramón Pichs-Madruga, Yaponiya kənd təsərrüfatı, meşəçilik və balıqçılıq nazirinin müavini Kubota Osamu, COP25 Prezidentliyindən başlayaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Gonzalo Muñoz və b. təbiətlə bağlı məqsədlərə nail olmaq üçün kənd təsərrüfatı sistemlərində elm və innovasiyanın rolu haqqında məruzələrlə çıxış ediblər.
Tədbirə FAO-nun İnnovasiya ofisinin direktoru Dr. Vincent Martin yekun vurub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.