Gəncə Şəhər İcra hakimiyyəti və AMEA-nın Gəncə Bölməsi tərəfindən “Astana görüşü-Azərbaycanın uğurlu xarici diplomatiyasında yeni istiqamətlərə doğru” mövzusunda elmi müzakirələr təşkil olunub.
AMEA-nın Gəncə Bölməsinin müşavirə salonunda keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin anılması ilə başlayıb.
Dəyirmi masa müzakirələrini giriş sözü ilə açan Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin strateji dühasının varisi kimi, müasir dövrün ən güclü dövlət xadimlərindən olan Prezident Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ali milli maraqlarımıza əsaslanaraq, dəqiq hesablanmış və düzgün qurulmuş Azərbaycan xarici siyasəti ölkələrlə qarşılıqlı anlaşma, hörmət, demokratik prinsiplər üzərində daim inkişaf edir, bunun nəticəsi olaraq, ölkəmizin yeni geosiyasi çağırışlar şəraitində beynəlxalq nüfuzu gündən-günə yüksəlir və bu baxımdan, ölkəmizin qlobal sülh və təhlükəsizliyə verdiyi davamlı töhfələr tərəqqipərvər dünya tərəfindən yüksək qiymətləndirilir.
Akademik Fuad Əliyev Azərbaycanın xarici siyasətində dünyanın kifayət qədər nüfuzlu təşkilatı olan, ərazi və əhali baxımından dünyanın ən böyük bir neçə ölkəsini özündə birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb və qeyd edib ki, bu təşkilatın ölkələrarası qarşılıqlı etimad, qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasi, iqtisadi və digər sahələrdə səmərəli əməkdaşlıq, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi, yeni siyasi və iqtisadi beynəlxalq nizamın yaradılması kimi məqsədləri Azərbaycanın da maraqlarına cavab verir.
Akademik Fuad Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Qazaxıstanın paytaxtı Astanada keçirilən Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin Rusiya Federasiyasının, Qazaxıstan Respublikasının, Türkiyə Respublikasının prezidentləri, Çin Xalq Respublikasının sədri və Pakistan İslam Respublikasının baş naziri ilə keçirdiyi görüşlərin, apardığı danışıqların regional və qlobal siyasi çəkisini diqqətə çatdırıb, o cümlədən Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbul olunmasını mühüm tarixi sənəd kimi xarakterizə edib.
Akademik Fuad Əliyev bu günkü dəyirmi masanın mövzularının da bu məsələlərin tarixi və geosiyasi mahiyyətinin elmi izahına həsr olunduğunu vurğulayıb.
Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov da tədbirin proqramında yer alan mövzular üzrə çıxışlarda Azərbaycanın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli intibah və inkişaf strategiyasının müasir dövrümüzdə beynəlxalq çağırışların tələblərinə uyğun olaraq böyük uğurla davam etdirən cənab Prezident İlham Əliyevin ölkəmizin təhlükəsizliyinin etibarlı təmin olunması və daha da çiçəklənməsi naminə apardığı fundamental siyasətinin mahiyyətinə dair məsələlərdən bəhs olunduğunu qeyd edib və tədbir iştirakçılarına uğurlar arzulayıb.
Sonra dəyirmi masada məruzələr dinlənilib.
AMEA Gəncə Bölməsi Diyarşünaslıq İnstitutundan tarix üzrə fəlsəfə doktorları, dosentlər Nərgiz Rəsulova “Astana sammiti: Qlobal platformada Azərbaycan reallığı”, Samirə Qasımova “Azərbaycan Astana zirvə görüşündə: yeni imkanlar və inkişaf perspektivləri”, eləcə də İlahə Abdullayeva “Regional və qlobal sülhə xidmət edən üçtərəfli əməkdaşlıq: Azərbaycan, Türkiyə, Pakistan”, Bölmənin Nizami Gəncəvi Mərkəzindən filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Nizami Gəncəvinin yaradıcılığı Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri ilə Azərbaycan arasında ədəbi – mədəni əlaqələrin körpüsü kimi” və Bölmənin Mülki müdafiə qərargahından Vüsal Eminbəyli “Azərbaycanın Şanxay əməkdaşlıq təşkilatındakı rolu və Çin ilə tərəfdaşlıq” mövzuları üzrə çıxış ediblər.
Məruzələr ətrafında fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.