Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

“Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası
22.07.2024 14:15
  • A-
  • A
  • A+

“Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası

22 iyul 1875-ci il tarixində görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə Azərbaycan xalqının milli oyanışında yeni səhifə açılıb.

Həsən bəy Zərdabi böyük əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuşdu. 22 iyul 1875-ci il tarixindən 29 sentyabr 1877-ci il tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Həmin müddət ərzində qəzetin əlli altı nömrəsi işıq üzü görüb.

“Əkinçi” qəzetində dövrün görkəmli alim və ziyalılarının – Nəcəf bəy Vəzirovun, Moskvadan Əsgər ağa Goraninin, Şamaxıdan Məhəmmədtağı Əlizadə Şirvaninin, Dərbənddən Heydərinin göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundzadənin “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunurdu.

İctimai fikir tariximizin mühüm bir hissəsi Azərbaycan milli mətbuatının zəngin inkişaf yoludur. “Əkinçi” qəzeti ilə başlanan milli mətbuatımız maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb. Vətənpərvər ziyalı Həsən bəy Zərdabi və onunla birlikdə bu qəzetdə əməyi olan maarifpərvər yazarlar xalqı cəhalət və qəflət yuxusundan oyatmağa çalışırdılar. Şübhəsiz ki, bütün bunlar dövrün hakim dairələrini rahatsız etməyə bilməzdi. Bundan əlavə, çarizmin diktəsi ilə özlərini “ziyalı” sayan bəzi üzdəniraqlar da “Əkinçi”nin üzərinə hücuma keçirdilər. Nəticədə, 29 sentyabr 1877-ci il tarixində “Əkinçi” qəzeti öz nəşrini dayandırmağa məcbur oldu. Milli mətbuatımızın təməlini qoyan bu qəzet, 2 illik ömür yaşasa da, Azərbaycan xalqının milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. Bu qəzetdən sonra onun yolunu milli mətbuatın yeni səhifələrini açan “Ziya”, “Kəşkül”, “Kaspi” və digər qəzetlər davam etdirdi.

Qeyd edək ki, hər bir ölkənin mətbuatı özlüyündə cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Bu mənada milli mətbuatımızın tarixinin ilk səhifələrindən həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı da yerinə yetirib. Zərdabinin fəaliyyəti bu baxımdan böyük örnəkdir. O, 1873-cü ildə peşəkar milli teatrımızın yaranmasında, ilk teatr tamaşasının hazırlanmasında yaxından iştirak etmişdi. Həsən bəy Zərdabi mütəfəkkir bir ziyalı kimi xalq yaradıcılığına dərindən bələd idi, folklor musiqi nümunələrimizi toplayır, “Əkinçi” qəzetində dərc etdirir, o cümlədən dövrün ziyalılarını bu təşəbbüsə qoşulmağa çağırırdı. Qeyd edək ki, “Əkinçi” qəzeti fəaliyyətini dayandırandan sonra da Həsən bəy Zərdabi bu yöndə fəaliyyətini davam etdirirdi və 1901-ci ildə ilk dəfə “Türk nəğmələri məcmuəsi”ni nəşr etdirərək bu zəngin mənəvi xəzinəmizin qorunub saxlanmasına töhfəsini verdi.

Hazırda hərtərəfli inkişaf edən Azərbaycanda bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Kütləvi informasiya vasitələri, qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətdə ictimai fikri və sosial fəallığı formalaşdırmaqla yanaşı, eyni zamanda onları istiqamətləndirir. Cəmiyyətin siyasi həyatının müxtəlif tərəfləri barədə balanslaşdırılmış, obyektiv, qərəzsiz və dolğun informasiya verilməsi yolu ilə mətbuat siyasi mədəniyyətin təkmilləşdirilməsinin başlıca vasitələri sırasında yer alır. Kütləvi informasiya vasitələri əldə etdiyi məlumatın hazırlanması, ötürülməsi və yayılmasının müxtəlif üsullarından istifadə etməklə, həmçinin həmin məlumatı öz şərhləri ilə birlikdə yaymaqla insanlarda müəyyən ideyaların, təsəvvürlərin, mövqelərin formalaşmasına əhəmiyyətli təsir göstərir, cəmiyyətdə müəyyən davranış və fəaliyyət üçün meyillərin yaranmasına kömək edir. Görkəmli ziyalımız Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası ötən 149 ildə müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalsa da, hər çətinliyə dözmüş və tutduğu şərəfli yoldan dönməmişdir. Keçən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır.

Müasir Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Jurnalistikamızda söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.

Fərid MUSTAFAYEV, YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: