Alaşa kəndi Astara rayonundan 10 km cənub-qərb istiqamətində yerləşir. Kəndin adının mənası müxtəlif formada yozulur. Alaşa toponiminin mənası “böyük həyat”, qədim türk dilində “cılız at” mənasını verir. Alaşa kəndi qədim tarixə malik ərazidir. Kəndin qədim köklərə malik olduğunu göstərən abidələrdən biri Əlişa və ya Divəkə qalasıdır. Bu abidə orta əsrlərə aid sirli memarlıq abidəsidir. Abidəni yerli əhali Divəkə, yəni divlərin evi, eyni zamanda Əlişa adlandırır.
Əzəmətli memarlıq nümunəsi olan bu qala özündə həm qədim, həm də orta əsrlərin izlərini özündə ehtiva edir. Qala Hirkan qoruğuna daxil olan bir yerdə, dağın başında qərar tutmuşdur. Qala qaya üzərində inşa olunmuş müşahidə və müdafiə qalasını özündə birləşdirir. Qazıntı zamanı çox sayda saxsı qab qalıqları, şirli və şirsiz qab qırıqları, fayans tipli qab qalıqları aşkar olunmuşdur. Eyni zamanda miniatür tipli saxsı qab da aşkar edilmişdir.
Bu abidədə aşkar olunan və xüsusi diqqət çəkən daş parçası üzərində kobud şəkildə təsvir olunan şir başıdır. Daşın üzərinə diqqətlə baxdıqda şir təsviri daşın müxtəlif tərəflərində əks olunduğunu görə bilərik. Şir təsviri əzəmətin, qüdrətin simvoludur. Qalanın qazıntı aparılan hissəsində qırmızı kərpicdən hörülən hissənin tağ formasında olduğu, burada su axını üçün yerin olduğu da müəyyən edilmişdir. Burada qayaların dibindən suyun tökülməsi və ya axıdılması üçün su tüngləri aydın şəkildə görünür. Həmçinin kərpiclə hörülən hissələrdə əhənglə təsvirlərə də rast gəlmək olar. Bu təsvirlər müxtəlif heyvanları özündə əks etdirir.
Hazırda qalanın tədqiqatı davam etdirilir.
Mikayıl MUSTAFAYEV, AMEA Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması şöbəsinin müdiri, ekspedisiya rəhbəri, t.ü.f.d., dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.