Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Leonidoviç Pineviç, birinci katib İvan Sergeyeviç Xlebakov və səfirliyin nümayəndələri Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qonaq olublar.
Qonaqlar əvvəlcə muzeyin direktoru akademik Rafael Hüseynovla görüşüblər.
Görüş zamanı akademik Rafael Hüseynov qeyd edib ki, Belarus Respublikası bütün məsələlərdə ardıcıl olaraq hər zaman Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib. Uzun illərə bağlanan, qarşılıqlı hörmətə və dostluğa əsaslanan münasibətlər bu gün də davam edir. 2024-cü ilin aprel ayında Azərbaycanda keçirilən Belarus Mədəniyyət Günlərində və VI Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Belarus Respublikası arasında əlaqələrin davamlılığı birgə layihələrin həyata keçirilməsinə yol açıb. Həmçinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq sazişi imzalanaraq bu sahədə əlaqələrin möhkəmlənməsinə səbəb olub.
Söhbət zamanı imzalanan saziş əsasında bu il 18-20 aprel tarixində Nizami Muzeyində reallaşan 1941-1945-ci illər müharibəsində iştirak etmiş Belarus ədiblərinin həyat və yaradıcılığından bəhs edən “Ürəyin qanı ilə” adlı bədii-sənədli sərginin açılışından və hazırlıq işlərindən də bəhs olunub.
Akademik Rafael Hüseynov Nizami Muzeyinin yaranma tarixindən bəhs edərək bildirib ki, bu il həm də 1941-1945-ci illər müharibəsinin 80 illiyi keçirilir. Bu illəri xatırladan Rafael Hüseynov həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə (Mixaylo) haqqında da qonaqları məlumatlandırıb.
O, nümayəndələri Mehdi Hüseynzadəyə həsr edilmiş ekspozisiya, onun həyat və yaradıcılığı ilə bağlı apardığı tədqiqatlarla tanış edib. Akademik Rafael Hüseynov vaxtilə Avropa Şurası Parlament Assambleyasının xətti ilə Sloveniyada səfərdə olarkən Nova Qoritsa şəhərində Mehdi Hüseynzadənin məzarını ziyarət etdiyini, ona olan böyük xalq sevgisinin şahidi olduğunu və bu ehtiramın nəticəsi olaraq onun təşəbbüsü ilə xatirə muzeyinin yaradıldığını qeyd edib.
Daha sonra səfir Dmitri Pineviç və qonaqlara Rafael Hüseynovun müəllifi olduğu “Sözün meracı”, Mehdi Hüseynzadəyə həsr edilmiş “İki xalqın övladı” kitabları və “Söz məbədi” bukleti hədiyyə edilib.
Muzeydən xoş təəssüratla ayrılan qonaqlar rəylər və təəssüratlar kitabına ürək sözlərini yazıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.