Mədəniyyət kanalında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.
Veriliş Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fəaliyyətə başlamasının 80 illiyinə həsr olunub.
Akademik Rafael Hüseynov bildirirb ki, 1941-ci ildə ədəbiyyatımızın bütöv tarixi hüsnünü əks etdirəcək Ədəbiyyat Muzeyi, əslində, başlanğıcda Nizaminin Xatirə Muzeyi kimi yaradılmağa başlayıb. 1939-cu il noyabr ayının 1-də Nizaminin Memorial muzeyinin yaranması haqqında Azərbaycan hökumətinin xüsusi sərəncamı imzalandı. İl yarıma - yubileyədək bütün təmir, yenidənqurma və ekspozisiya quruculuğu işlərini tamamlamaq və muzeyi təntənə ilə Nizami bayramı günlərində açmaq əzmindəydilər. 1945-ci ilin 9 mayında dünya savaşının son qələbə nöqtəsinin qoyulmasından beşcə gün sonra - düz 80 il qabaq çoxdan tamaşaçısını gözləyən muzeyin zallarında üz-gözündən böyük zəfərin fərəhi yağan ilk tamaşaçılar göründü.
Diqqətə çatdırılıb ki, Nizami Muzeyi müstəsnadır. Nə Yaxın-Orta Şərq ölkələrində, nə Avropada bunun tam bənzəri olan ikinci bir muzey var. Müxtəlif ölkələrdə ədəbiyyatın ayrı-ayrı şəxsiyyətlərini, ayrı-ayrı dövrlərini əks etdirən muzeylər fəaliyyətdədir, aralarında yaxşıları da istənilən qədər. İncəsənətə, tarixə həsr olunmuş, mədəniyyətin ayrı-ayrı sahələrini əks etdirən muzeylər də çoxdur. Ancaq heç yerdə belə bir muzey yoxdur ki, bir xalqın ədəbiyyatının yarandığı gündən müasir dövrə qədərki mənzərəsini dolğun və bütöv panoramda əks etdirsin. Nizami muzeyinin başqa özəlliyi də ondan ibarətdir ki, burada yalnız keçdiyi bütöv yolla ədəbiyyatımız cəmləşməyib. Tariximiz də, maddi-mədəni irsimizin seçmə örnəkləri də müşayiətçi kimi onunla yanaşıdır. Çünki bunlar hamısı bir-biri ilə bağlıdır.
Vurğulanıb ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qərar tutduğu tarixi binada 1918-1919-cu illərdə Azərbaycan Cümhuriyyətinin hökuməti yerləşirdi. Daha əvvəllərdə "Metropol" mehmanxanası olmuş bu bina Azərbaycan Cümhuriyyəti Nazirlər Kabinetinin ixtiyarına verilmişdi. Onlar burada həm yaşayır, həm işləyirdilər. Üçüncü qatdakı iri bir otaqda isə baş nazir Fətəli xan Xoylu əyləşirdi.
Akademik Rafael Hüseynov qeyd edib ki, 80 yaşına çatmış Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi də bu xalqın yaddaşıdır. Burada toplanan irs 3000 illik bir yolu əhatə edir. İnsanlarla ünsiyyətdə olduğu 80 il boyunca bu əziz məkan həmişə Azərbaycanın ən məhrəm, ən etibarlı ziyarətgahlarından olub və insanların könül bağladığı ziyarətgahları onların ürəyindən çıxarmağın mümkünsüzlüyünü də vaxt çoxdan sübuta yetirib.
“Vətənim” verilişini buradan izləyə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.