Ölkəmizdə keçirilən “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın təşkilatçıları - Rusiya Federasiyası Müsəlmanları İdarəsinin nümayəndə heyəti Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olublar.
Nümayəndə heyətinə Rusiya Federasiyası Müsəlmanları İdarəsi sədrinin müavini, Moskva İslam İnstitutunun rektoru Damir Muhetdinov, Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin Moskva nümayəndəliyinin icraçı direktoru, Azərbaycan İlahiyyat İnstitutunun fəxri doktoru Səfa Kərimov daxildirlər.
Əvvəlcə qonaqlar Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovla görüşüblər.
Nizami Muzeyi ilə vaxtaşırı işgüzar əməkdaşlıq çərçivəsində əlaqələr quran nümayəndə heyəti ilə keçirilən görüşdə birgə nəşrlər və təcrübə layihələri ətrafında danışılıb.
Görüş zamanı 2024-cü ilin noyabrında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Moskvada “Mədinə” Nəşriyyat evində nəşr olunmuş “İslamın minarəsi” (“Minaret İslama”) beynəlxalq jurnalının Nizami Gəncəviyə həsr olunmuş xüsusi buraxılışının təqdimatı xatırlanıb. Böyük marağa səbəb olan “İslamın minarəsi” jurnalının tirajının artırılması, daha geniş formatda nəşr edilərək hansı məqalələrin əlavə edilməsi və mükəmməl şəkildə yenidən nəşr olunması haqqında fikir mübadiləsi aparılıb.
Həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqındakı nümayəndə heyətinin rəhbəri akademik Rafael Hüseynov sentyabr ayında Moskvada keçiriləcək “XXI Beynəlxalq Müsəlman Forumu”na dəvət edilib.
Sonda professor Damir Muhetdinov “Yeniləşmə proqramı: islah və təchid” adlı monoqrafiyasını və bir neçə yeni nəşrləri akademik Rafael Hüseynova hədiyyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.