İlk dəfə olaraq arxeoloqlar xüsusi geyim forması və çəkiliş dronları ilə təmin edilib
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli işğaldan azad edilmiş Ağdam şəhəri ətrafındakı Şahbulaq abidələr kompleksini ziyarət edib, Arxeologiya və Antropologiya İnstitutunun burada fəaliyyət göstərən Şahbulaq arxeoloji ekspedisiyasının fəaliyyəti ilə tanış olub.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və Şahbulaq arxeoloji ekspedisiyasının rəhbəri, institutun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev kompleks ərazisində aparılan qazıntı işləri, qədim yaşayış yeri, alban abidələri, həmçinin XVII əsrə aid edilən Şahbulaq qalasının və Şah Abbas məscidinin tarixi barədə AMEA-nın prezidentinə ətraflı məlumat veriblər.
Qeyd olunub ki, Qarabağın işğalı zamanı Ermənistan arxeoloqları tərəfindən Şahbulaq qalasında və ətraf ərazilərdə aparılan qanunsuz qazıntı işləri zamanı maddi mədəniyyət nümunələrinin xeyli hissəsi dağıdılıb, qala divarlarına ciddi ziyan dəyib. İşğal zamanı və 44 günlük Vətən müharibəsi dövründə Ağdam rayonunu döyüşsüz təhvil verilməyə məcbur edilən düşmən mövcud artefakları da yük maşınlarında özləri ilə daşıyıb aparıblar. Qarabağ işğaldan azad edildikdən sonra bu ərazilərdə Azərbaycan arxeoloqları tərəfindən qazıntı işlərinə başlanılıb, yeni qədim yaşayış yerləri aşkar olunub, xeyli sayda maddi-mədəniyyət nümunələri tapılıb. Arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş çoxsaylı maddi mədəniyyət nümunələrinə əsasən, burada Qafqaz Albaniyası dövrünə aid şəhər mədəniyyətinin izləri görünür. Böyük bir sahəni əhatə edən ərazi qiymətli tarixi materiallarla zəngindir.
Şahbulaq tarixi-memarlıq kompleksinin ərazisindəki qədim alban məbədini, Şahbulaq sarayını, Şahbulaq bulaq-abidəsini, məscidi ziyarət edərək yeni tapılmış bir neçə mədəni qatın izlərinə nəzər yetirib, arxeoloji materiallarla tanış olan akademik İsa Həbibbəyli tədqiqat işlərinin genişləndirilməsinin əhəmiyyətini bildirib, Şahbulaq kompleksindən tapılan zəngin materiallar, sənədlər haqqında inpakt-faktorlu jurnallarda məqalələrin sayının artırılması, başlıcası isə mükəmməl monoqrafik araşdırma əsərlərinin yazılması və albomların hazırlanması barədə tövsiyələrini alimlərin diqqətinə çatdırıb. Arxeoloqların humanitar elmin digər sahələrini təmsil edən alimlərlə - antropoloqlar, etnoqraflar, paleoseysmoloqlar, toponimiya tədqiqatçıları, folklorşünaslarla birgə kompleks tədqiqat işlərinə cəlb edilməsinin vacibliyini xüsusi vurğulayıb. Şahbulaq abidə kompleksində gənc arxeoloqların ekspedisiyada geniş təmsil olunması təqdir edilib.
Qeyd edək ki, arxeoloqlar ilk dəfə olaraq üzərində Akademiyanın yeni embleminin təsvirinin əks edildiyi xüsusi geyim formaları ilə təchiz olunub. Həmçinin AMEA rəhbərliyi tərəfindən hədiyyə edilmiş dronlardan ilk dəfə olaraq Şahbulaq abidələr kompleksində istifadə olunub, qazıntı yerlərindən eksklüziv vizual görüntülər əldə edilib.
Beləliklə, bundan sonra arxeoloqlar xüsusi geyim formasında çalışacaq və tədqiqat zamanı dron çəkilişlərindən istifadə edəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.