"Molla Nəsrəddin" dərgisi bizi deyib gələndə artıq Azərbaycanda bir-birinin ardınca nəşrə başlayan qəzet-jurnallar az deyildi, illər ötdükcə də çoxalırdı. Ancaq "Molla Nəsrəddin"in və Cəlil Məmmədquluzadəçilərin onların əksərindən vacib bir fərqi vardı. Molla Nəsrəddinləşmiş Mirzə Cəlil yalnız mühərrir, təkcə qələm adamı deyildi, onun çəkdiyi yük daha ağırdı - o həm də bir millət oyadıcısı idi.
Mirzə Cəlil bütün fəaliyyətlərində millət qarşısında cavabdehliyini hiss edirdi, bunu millətə sübut etmək, inandırmaq üçün çox vaxt gərək olmamışdı, tükü tükdən seçən insanlar qəzet-jurnal bolluğunun səslər çoxluğunda məhz bu səsin səmimiyyətinin əsilliyinə and-amansız yəqin kəsilmişdilər, onu, yəni bu xalqı öyməkdən artıq söyən dərginin canıyananlığının daha ürəkdəngələn olmasına əsla şübhələri qalmamışdı. Elə bu səbəbdən onu ümid yeri kimi qəbul etmişdilər.
Artıq Mirzə Cəlilin həyatda olmadığı çağlarda - 1944-cü ildə Azərbaycanın ictimai-siyasi həyatında məxsusi yer tutan bir qadının xatirələri "Vətən uğrunda" jurnalında dərc edilmişdi. Onun adı Böyükxanımdı.
Qadın haqlarından, onların cəmiyyətin bərabərhüquqlu üzvləri olmasından, nəhayət ki, qatı kölgədən çıxaraq haqlarına sahib çıxması zəruriyyətindən elə Mirzə Cəlilin dövründə də Azərbaycanda danışıb-yazanlar az deyildi. Ancaq Mirzə Cəlil yalnız yazmırdı, danışmırdı, o, gerçək iş də görürdü. Günlərin birində həmin Böyükxanım özü Mirzə Cəlilin qapısını açmışdı. Xatırlayırdı ki, məktəbdə oxuyurdum, ancaq 13 yaşım olanda böyük yeznəm məni təhsildən ayırdı və varlı bir hacının oğluna ərə verildim. Məktəbdə oxuduğum çağlarda rəfiqələrimlə üzüaçıq gəzirdik, deyirdik-gülürdük, ancaq gəlini olacağım evə yetişəndən sonra qayınanam məni tam bürüdü. Elə toy günümüz ərəfəsində mənə altı dəst çarşab bağışlamışdı. Onların hamısı qədərindən böyük idi. Qayınanam deyirdi ki, mənim gəlinimin burnunun ucu da görünməməlidir. Oxumaq, yazmaq, kitab-dəftər o gündən mənə yasaq edildi.
Böyükxanım yada salırdı ki, oxumaq üçün yeganə göz dikdiyim yer bazardan gələn zənbil idi. Bazarda alış-veriş edirdilər, nələrisə hansısa qəzetlərin, jurnalların vərəqlərinə bükürdülər, o vərəqləri cırıb atmaq əvəzinə acgözlüklə oxuyurdum. Elə "Molla Nəsrəddin"lə də həmin vasitə ilə tanış olmuşdum. Oxuyurdum, çox xoşuma gəlirdi. Qərara aldım ki, mən də bu jurnal üçün bir yazı yazım. Günlərin birində bir yazı qələmə aldım da. "Molla Nəsrəddin"in ünvanı jurnalın üstündə vardı və Poçt küçəsi ilə də bizim evin arası uzaq deyildi. Qərara aldım ki, yazdığım məqaləni jurnala özüm aparım verim. Gedib "Molla Nəsrəddin"in ünvanını tapdım, qapını döydüm. Bir nəfər qapını açdı, məni mehribanlıqla qarşılayıb içəri dəvət elədi. Mən sağa-sola baxırdım, Mollanı axtarırdım. Fikirləşirdim ki, indi hansısa qapı açılacaq, bir başı əmmaməli, əyni əbalı kişi çıxacaq qarşıma. Ancaq sağa-sola çox baxdığımı görən həmin məni qarşılayan adam dedi ki, qızım, narahat olma, burada səninlə məndən başqa adam yoxdur, sənin o "Molla" deyə düşündüyün adam da elə mənəm. Başladım danışmağa ki, sizin dərgini çox xoşlayıram, mən də istəyirəm bura yazım, amma bilmirəm nə şəkildə yazmaq lazımdır. Yazdığımı verdim, oxudu, ora-burasını düzəltdi, qayıtdı ki, bəs bunun altına bir imza da qoymaq lazımdır, gərək sənin bir təxəllüsün ola.
İmza söhbəti ortaya düşəndə bərk qorxdum, fikirləşdim ki, həmin imzanın izi ilə məni axtarıb taparlar, sonra evdə başıma oyun açarlar. Mirzə Cəlil nə düşündüyümü hiss edərək məni sakitləşdirdi ki, fikir eləmə, sənin yazına örtülü imza qoyarıq ki, səninlə məndən başqa heç kim bilməz bu adam kimdir.
Soruşdu ki, sizin ətrafdakı qadınlardan, yəqin ki, kimlərinsə ləqəbləri var. "Bəli" dedim və ilk ağlıma gələn adı da çəkdim: "Kaftar Məsmə". Razılaşmadı ki, yox, bu, yaramaz, çünki artıq bir "Məsmə"miz var. Müxbirlərimizdən birinin gizli imzası "Çeri Məsmə"dir, sən bir ayrı ad fikirləş.
Bir az da düşünəndən sonra dedim ki, bəlkə onda "Teleqraf Güllü" qoyaq?! Mirzə Cəlil başıyla təsdiqlədi ki, hə, bu olar, yaxşıdı, indən belə nə yazsan, elə altına bu imzanı qoy, göndər bizə.
Bu görüşümüzdən bir neçə gün keçmişdi ki, məhəlləmizdə bir nəfər mənə yaxınlaşdı və ehtiyatla soruşdu ki, Böyükxanım sizsiniz? Təsdiqlədim. Qoltuğundan bir "Molla Nəsrəddin" çıxarıb verdi mənə ki, Mirzə göndərdi, burada yazınız dərc edilib.
Ürəyim çırpına-çırpına "Molla Nəsrəddin"i çarşabımın altında gizlətdim, tez qaçdım evimizə. Tanış yazının altında "Teleqraf Güllü" imzasını görəndə dünyanın ən xoşbəxti idim.
Ondan sonra başladım "Molla Nəsrəddin"ə mütəmadi yazılar göndərməyə.
...Bir müddət keçir, Böyükxanım növbəti yazısını xəlvəti "Molla Nəsrəddin"ə gətirəndə Mirzə Cəlil onu Məmməd Səid Ordubadi ilə tanış edir. Artıq 1925-ci il idi və Azərbaycanda, illah da Bakıda qadınların sərbəstlik, cəmiyyətdə yerini tutmaq baxımından vəziyyəti 5-6 il əvvəllə müqayisədə heç tutuşdurmayagəlməz dərəcədə dəyişmişdi. Odur ki, bu görüşdə Mirzə Cəlil ürəyindəkini açıb Məmməd Səidə deyir ki, çoxdan belə bir fikrə gəlmişəm, gərək Böyükxanımı bir hökumət idarəsində qulluğa düzəldək.
İyunun 14-ü tarixi daha öz təvəllüd tarixi kimi heç vaxt Böyükxanımın hafizəsindən silinəsi deyildi - həmin gün Mirzə Cəlil bu gənc diribaş qadını Mərkəzi İcraiyyə Komitəsi nəzdindəki Zəhmətkeş Azərbaycan Qadınları Komitəsinə aparmışdı, rica etmişdi ki, məcmuəmizin fəal əməkdaşı olan bu xanıma münasib bir qulluq düzəldin. Oçağacan Böyükxanım hələ çadralı idi və öz yazmasınca da, hələ heç bir yerdə də işləməyibmiş. Onu katibə vəzifəsinə işə götürürlər. Mirzə Cəlilin bu diqqəti və qayğıkeşliyini də Böyükxanım hərarətlə xatırlayırdı ki, Mirzə belə yerlərə nabələd olduğumu bildiyindən ilk iş günümdə iki saatdan artıq yanımda oturmuşdu, işə başladığım ilk həftələrdə də hər gün mütləq gəlib baş çəkirdi.
Dünyadan köçənə qədər "ona bir ata kimi mehribanlıq göstərmiş" Mirzə Cəlili minnətdarlıqla anan, məhz o ustadın sayəsində həyatı büsbütün dəyişmiş bu sadə Azərbaycan qadını qələmə aldığı xatirələri ilə o müstəsna kişinin daha bir görünməyən, bilinməyən xidmətini sənədləşdirib, tarixləşdirib. Ancaq Mirzə Cəlildən kömək görən, onun qanad verdiyi, amma bunu yazmayanlar hələ nə qədər idi! Mirzə Cəlil böyük işlərini görürmüş və əslində heç istəmirmiş ki, bir kimsə bunun haqqında danışsın. Könlü, gözü tox, təvazö ilə dolu bir insanmış, olsun ki, belə əməllərini məslək yolunda çalışmalarının gündəlik yerinə yetirilməli vəzifələrdən saydığından çox açıb-ağartmağı münasib saymırmış. Lakin hər sükutun öz həddi var. Nə qədər gec olsa da, bütün bunların haqqında mütləq çoxlu yazmaq, çoxlu danışmaq lazımdır. Çünki guya yaxşı tanıyırıqmış sandığımız Mirzə Cəlilin şəxsiyyətinin belə xırda ayrıntılarla bilindiyindən qat-qat əzəmətli olduğu aşkarlanır.
Hər yazdığında böyük ədəbiyyatdan savayı, həm də tarix gizlənən Məmməd Səid Ordubadinin özünün də Cəlil Məmmədquluzadə ilə bağlı hər cəhətdən çox qiymətli yaddaşları var. O xatirələr həm tarixi baxımdan bir para mətləblərə aydınlıq gətirir, həm də elə bir cazibəli Məmməd Səid hekayəsi kimi maraqla oxunmaqdadır. Xəyalən cavanlıq çağlarına - XIX yüzilliyin sonlarına səyahət edən Ordubadi yazırdı ki, o dövrdə Naxçıvanda iki məşhur Mirzə Cəlil vardı - biri sonralar "Molla Nəsrəddin"in baş mühərriri kimi tanınacaq Cəlil Məmmədquluzadə, digəri də "Şürbi" təxəllüslü Mirzə Cəlil. O "Şürbi" təxəllüslü Mirzə Cəlil də iti sözlü bir adammış və rus dili müəllimi işləyirmiş. Aşağı-yuxarı elə həmin illərdə Mirzə Cəlil də Nehrəm kəndindəki məktəbdə müəllimmiş. Məmməd Səid Ordubadi xatırlayır ki, eşitmişdim Naxçıvanda sufi təriqətinə rəhbərlik edən Hacı Qəmbər adında bir nəfər var, ətrafına müridlər toplayıb, məşhur bir məsnəvisi də məlumdur, çox istəyirdim onun öz dilindən həmin məsnəvini eşidim.
Günlərin birində Naxçıvan şairlərindən olan Bala Əşrəf həmin Şürbi Mirzə Cəlili Ordubadi ilə tanış edir, tanışlıqlarından sonra Şürbi Mirzə Cəlil də Səid əfəndiyə söz verir ki, onu Nehrəmdə müəllimlik edən adaşı Mirzə Cəlillə də tanış edəcək.
İş elə gətirir ki, iki Mirzə Cəlil və Məmməd Səid əvvəlcə Naxçıvanda üçlükdə görüşürlər və ilk təmaslardanca söhbətləri tutur. Məmməd Səid ilk görüşlərində Cəlil Məmmədquluzadənin ondan nə soruşduğunu da unutmamışdı. Cəlil Məmmədquluzadə xəbər alıbmış ki, şair ordubadlı Fəqirin İrəvan qubernatoruna yazdığı bir həcv var, onu bilirsənmi? Əlbəttə ki, Məmməd Səid bilməyə bilməzdi, çünki "Ordubadlı Fəqir" deyilən onun atasıydı.
Ordubadi o görüşlərindəki söhbətlərindən bu məqamı da qələmə alıb ki, Fəqirin şeirini Məmməd Səidin dilindən eşitdikdən sonra Mirzə Cəlil soruşur ki, görəsən, Ordubadda nə qədər molla, ruhani-filan olar? Təbii ki, Ordubadi özü o vaxt verdiyi cavabı unutmamışdı. Qayıtdım ki, mollaların, seyidlərin sayı təxminən üç yüz olar, beş-on nəfər də dərviş və sairə var. Mirzə Cəlil bu miqdarı eşitdiyi zaman bir daha gülümsədi və dedi ki, altı min əhalisi olan bir şəhər üçün üç-dörd yüz müftəxor çox deyildir.
Mirzə Cəlil o rəqəmlərlə səbəbsiz maraqlanmırmış, həmin dəqiqədə artıq onun strateji düşüncəsi işə düşübmüş - çünki o tərəflə bu tərəfə əks cəbhələr kimi baxırdı. O dövrdü ki, artıq Naxçıvanda yeni maarifpərvərlər nəsli yetişirdi. Düşünürdü ki, bu maarifpərvərlərin sayı bəlkə də o üç yüzlə müqayisədə azdır. Amma onların hər biri bir neçə o cür, özü demiş, "müftəxor"a bərabərdir. Ona görə bu gənc maarifpərvərlər güc olaraq altı min nədir, o altı mindən də qat-qat artıq kütləni oyatmaq iqtidarındadır.
Faytona əyləşib yola düzəlmişdilər, Nehrəm kəndinə yetişincə getmişdilər görməyi arzuladıqları adıbəlli Hacı Qəmbərin məclisinə və o həzrət də qoltuğunda iri bir kitab yığnağa təşrif gətiribmiş, ətrafında da müridləri. Əhvalat orta əsrlərdə vaqe olmurdu, artıq başlamış olan XX yüzildə baş verirdi və kimsə niyə Mirzə Cəlilin Nehrəmə "Danabaş" kəndi deməsinin gerçək tarixçəsi ilə maraqlansa, dürüst cavab bu xatirədədir. Mirzə Cəlil Nehrəmi də, nehrəmliləri də saf insanlar kimi sevirdi, oradakı uşaqların bilik alıb savadlı böyüməsi üçün həmin kənddə müəllimlik etdiyi zamanda əlindən gələni də əsirgəməmişdi. Ancaq bunu da hiss etmişdi ki, çox zaman belə yerlərdə ixtiyar heç də saflıqla dolu camaatın deyil, tək-tək danabaşların və elə onlarınca özləri kimi danabaşlaşdırdıqlarının əlindədir. Məmməd Səid Ordubadi xatırlayırdı ki, yer tapıb oturduq, Hacı Qəmbər məsnəvisini başladı, yaşı altmışdan artıq olmazdı, başı olduqca yekə idi və Mirzə Cəlil bu adama çox diqqət etdiyimi duyunca qulağıma pıçıldadı ki, sən bir o adamın başına bax, üçillik dana kəlləsinə oxşayır, indi bu danabaş gəlib camaatı sufi təriqətinə dəvət edir.
Və Məmməd Səid tarixi həqiqətin tarixçəsini belə nəql edəndən sonra dəqiqləşdirirdi: "Mən "Molla Nəsrəddin" məcmuəsində birinci kərə Nehrəm kəndinin "Danabaş kəndi" deyə yazıldığını oxuduğum zaman həmin sufi təriqəti rəhbərinin başını xatırladım".
Bu xatirənin Mirzə Cəlilin sənətkar kimliyi ilə əlaqədar anlatdığı və nəzərdə saxlanmalı digər incə məqam odur ki, Ustad yaratdığı irili-xırdalı bütün surətləri təxəyyüllə nə qədər rəndələyib hamarlayaraq ümumiləşdirsə də, onların hər birinin gerçək qaynağı var, o, prototipləri, bir qayda olaraq, öz ətrafındakıların arasından seçirmiş. Əyani sübutlarından biri elə Məmməd Səidin bu xatirəsidir.
Məmməd Səid yazır ki, Cəlil Məmmədquluzadənin "Ölülər"də təsvir elədiyi İskəndər həmin Şürbi Mirzə Cəlil idi, ancaq öz dostunu ədəbiyyata, səhnəyə elə olduğu kimi deyil, bir qədər dəyişərək - kefliləşdirərək gətirmişdi.
Ordubadi iki Mirzə Cəlillə Nehrəm kəndində birgə olduqları həmin günü 1944-cü ildə yada salaraq hekayət edirdi ki, oradan gənc müəllim Məmmədquluzadə bizi Naxçıvana qədər yola saldı və Şürbi Mirzə Cəlil də hamımızçün bir ziyafət düzəltdi.
O məclisdə Cəlil Məmmədquluzadəni ilk dəfə tar çalıb oxuyan gördüyünü yazan Məmməd Səid sonralar taleyin onunla ayrılmaz məslək qardaşlarından birinə çevirdiyi Mirzə Cəlilin xasiyyətindəki ayrı bir mühüm cəhətdən də bəhs edirdi. Yazırdı ki, Cəlil həmişə çox təmkinli, səbirli idi, edilən müxtəlif hücumlar da heç vaxt onu halından çıxartmazdı: "Mən onunla tanış olduğum uzun müddət ərzində bir kərə də olsa onu acıqlanan görmədim". Hətta xəbis qüvvələrin (Məmməd Səid bir az da sərt deyir: "xalq düşmənləri") "Molla Nəsrəddin"i Cəlil Məmmədquluzadənin əlindən alaraq öz əlaltılarına tapşırdıqları əsnada da Ustadın "etidalını pozmadığı", təmkinini itirməyərək "Bəlkə belə də məsləhətdir. Nə olar ki, qoy bir az da onlar çıxartsınlar, mən də yorulmuşam" deməsini xəbər verirdi.
Böyük Mirzə Cəlilin gendən sezilməyəcək olan, amma daim içərisində daşıdığı digər böyüklüyünü də bizə Məmməd Səid çatdırır. Deyir, fikir vermişdim, böyük ədib oturduğu yerdə, ya küçədə gedərkən heç bir səbəb olmadan gülümsərdi. Onu yolda gedəndə səbəbsiz gülümsəyən görənlər bunu yersiz sayar, hətta irad da tutarmışlar. Ancaq özü də, elə Mirzə Cəlil kimi, daim düşüncəsində, ürəyində gəzdirdiyi surətlərlə kimsədən xəbərsiz söhbətləşmədə olduğundan bunun nə demək olduğunu gözəlcə dərk edən Məmməd Səid bunu Ustadın özünü həmin anlarda oxucu yerinə qoyması kimi yozurdu: "Mirzə Cəlil daima gülməli bir mövzu üzərində düşündüyü zaman həmişə bir oxucu kimi düşünər, əsərində göstərdiyi mənfi tiplərə gülərdi".
Və Məmməd Səid o nadirlərdən idi ki, Mirzə Cəlilin dünyadan ayrılarkən də çöhrəsində donub qalmış son təbəssümü görmüşdü: "Mirzə Cəlili ölürkən gördüm, o, ölümün də üzünə gülürdü".
...Cəlil Məmmədquluzadə silahdaşları, mübarizə yoldaşlarını yalnız yaxın ətrafda aramırdı. Fikri, əqidəsi onunla tən gələnlər, paslanmış çərçivələri, yıpranmış vərdişləri qıraraq işıqlı yeniyə yol gəzənlər lap min il əvvəl, səkkiz yüz il qabaq, beş yüz il öncə ömür sürmüş olsalar da, onun nəzərində diriydilər, müasir idilər, mübarizə yoldaşıydılar. Ona görə də Mirzə Cəlilin məsləkdaşlarının sırası bir ordu cərgəsi kimi elə sıxdı ki, yan-yörədə qaynaşan və üzdən çox kimi görünən qaragüruh onu əsla çəkindirmirdi. Mirzə Cəlil tarixə vaqif adamdı, olub-bitənlərdən yaxşı xəbərdardı, getdiyi yolun da, bu yolu tutub gedənlərin də aqibətinin adətən necə ola biləcəyi ona keçmişlərdən məlumdu, həmin yolun yolçularına qarşı həmlələrin təzə söhbət olmadığından da agah idi. Bu həqiqət də ona gün kimi aydın idi ki, yol nə qədər enişli-yoxuşlu olsa da, qarşıdan gələn riya dalğaları nə qədər kükrəsə də, mübarizə aparanların əməyi bada getməyəcək, son ucda mətləbə yetəcəklər, mühitin zülmətlərini dağıtmağa gücləri çatacaq.
Mirzə Cəlil "Mədfən" adlı məqaləsini "Molla Nəsrəddin"də dərc etdirəndə artıq 1929-cu il iyunun 6-sı idi, sınaqlarla dolu uzun bir yol keçilmişdi, bir çox istəklərə nail olunmuş, 20 ildən də əvvəl müəyyənləşdirilmiş xeyli hədəflərə çatılmışdı. Amma onun və əqidədaşlarının düzəlməsinə çalışdıqları kəm-kəsirlər də hələ lap çox idi və Mirzə Cəlilin bu yazısı həm keçmişə bir nəzər idi, həm də yolu daha qətiyyətlə davam etdirməyə çağırış.
"Mədfən"in bir ərəb ləfzi, mənasının da "ölü dəfn edilən yer" olmasını yazırdı və əlavə də edirdi ki, biz öz dilimizdə - türkcədə ölü basdırılan bu məkana "qəbir" deyirik ki, əslində elə o da ərəb sözüdür. Amma bir də var "mədfən-i fikr", yəni fikrin basdırıldığı yer, düşüncənin qəbri. Bu "qəbiristanlığın" dəqiq yerini də Mirzə Cəlil nişan verirdi: "Bizim bəzi köhnə və təzə şair, qələm sahiblərinin o kitabları ki, orada mömin müsəlman millətlərinin çürümüş qafasını sındırıb içindəki mövhumatı dağıtmaq yolunda ikicə kəlmə danışılmayıbdır".
Beləliklə, Mirzə Cəlil kitabın, yazının, qələmin vəzifəsinin millətin oyanışı, dirçəlişi üçün müəyyən məna kəsb etməkdən ibarətliyini bir daha bəyan edirdi, əsl fikir qəbiristanlığı olan minlərcə bu cür kitabları yandırmağı tövsiyə edirdi ki, bəlkə onların yanmağından heç olmazsa bir fayda ola. Bu faydanı da onların verəcəyi istilikdə deyil, həmin alovun şöləsində heç olmazsa millətə lazım olan kitabları görmək fürsəti yaranacağında tapırdı.
Millətə gərək olan kitablar həmişə doğulub və onların da neçə cür çeşidi var. Elmin ayrı-ayrı qanadlarındakı hikmətlərdən bəhs edən risalələr minillər və yüzillər öncə də yaranıb, dildən-dilə də çevrilib, eldən-elə də gəzib. Lakin Mirzə Cəlil millətə lazım olan kitablar arasında insanların təfəkküründəki geriliklərdən xilas olmağa çağıran və bunun yollarını da göstərən, bu mübarizədə ehtiyac duyulurkən zəmanə ilə müxalifliyə də cəsarətlə girişə bilən ölməz kitabları üst qatda tuturdu və bu qəbil kitablara belə dəyər verirdi: "O kitab uzaqdan bar-bar bağıracaq, "Açın məni, açın məni. Görün mən kiməm" deyəcək".
Mirzə Cəlil çox gözləməyərək belə kitablardan, o təhər işığı kəsilməyən əsər yaratmış zəka və duyğu sahiblərindən birinin adını da çəkirdi. Nədən məhz bu kitabı seçməsinin səbəbini də xırdalayırdı: "O kitabın cildinin üstündə belə bir ad da nəzərimizə gələcək - Ömər Xəyyam. Bu kişi haman adamdır ki, yeddi-səkkiz əsrin müddətində tək birinci olaraq biçarə müsəlmanlara mərd-mərdanə xitab edib".
Mirzə Cəlil Xəyyamın və Xəyyamların əsrlərcə umduğunu qısaca bir cümləylə açırdı ki, neçə yüz il əvvəlin başvermişlərinə müftə yerə ağlayınca indini düşünün, özünüzə gün ağlayın! Mirzə Cəlil Xəyyamın aqil və cəsur kəlamını yad edəndən sonra üzünü tuturdu keçmişdəki elliklə başa vurub ağlaşmaq mərəzini indi hamılıqla əl çalmaq, alqışlamaq azarı ilə əvəz etmiş müasirlərinə, qəlb ağrısı ilə sual edirdi: "Bəs niyə bu neçə əsrlər ötüb keçəndən sonra yüzlərcə və minlərcə qələm sahiblərinə və şairlərə müftəcə əl çaldıq, alqışladıq, ancaq Ömər Xəyyam hissini, Ömər Xəyyam qeyrətini çoxunda görmədik, hətta indi də görmürük?"
Və Mirzə Cəlilin verdiyi bu acı sualdan daha ürəksıyıran olan onun həmin sualın ardınca gələn təəssüfü idi: "Heyif müftə alqışlara!"
Mirzə Cəlil qələm sahibindən vətən qeyrəti umurdu, yazdıqlarında millətin hansısa dərdinə əlac olacaq bir yolu göstərmək kişiliyi diləyirdi. Ancaq 1929-cu il idi və çar dövründən daha qart senzura indi sovetdəydi və Mirzə Cəlil müftə alqışlardan bəhs edirdisə, xalqın qeydinə qalmaq vacibliyindən söz açırdısa, aydın məsələdir ki, sözünü həm də yalnız yazıçılara yox, əlində qat-qat artıq səlahiyyətlər və hakimiyyət olan yuxarıdakılara eşitdirirdi.
Maraq güc gəlir. Götürüb açıram "Molla Nəsrəddin"in 1929-cu ilin 6 iyun sayını ki, görüm Mirzə Cəlilin bu yazısının böyründə-başında nə rəsm çəkilib. Məqaləni müşayiət edən karikatura da var, o şəklin qırağında yazı da: bir yazıçı Bakıda nəşriyyata əlyazmasını gətirib ki, əsərini nəşr etsinlər. Geri qaytarırlar ki, kağız ehtiyatımız azdır, kitabınızı buraxa bilməyəcəyik. Rəsmin yanındaca sanki Bakıda baş verən nəşrdən imtina məsələsinə aidiyyəti olmayan, istehzalı "hə, nə olsun?!" sualı doğura biləcək belə qeyd yer alır ki, 1928-ci ildə Moskvada dini və mövhumati mövzuda ümumilikdə 1 milyon sayda kitab çıxıb.
"Molla Nəsrəddin" ona eyham vurur ki, əvvələn, asılıyıq, Moskva kağızı ayırmalı, rüsxət verməlidir ki, biz də burada işimizi görə bilək, ikincisi, onlar orada istədikləri hər yaxşı-yamanı nəşr edirlər, bizimsə yalnız yaxşını çap etmək imkanımızı da qısırlar, açıqca və cəsarətlə bu dərdi izhar edirdi ki, balıq başdan iylənər, millətin oyanışına, vətənin tərəqqisinə xidmət etməyən, müftə alqışlara rəvac verən əməllər də, kitablar da elə Kremldən üzü bu yana axıb gəlir.
1929-cu il idi, ötkəm, cığal sözü birbaşa söyləmək yolun başlanğıcında olduğundan - 1906-cı ildəkindən də müşkül idi. Amma Mirzə Cəlil dinc durmurdu, sözünü pərdələmədən, fikrinin kəsən, dalayan tərəflərini malalamadan, kişiyana car çəkirdi.
Susa bilməmək və görməyi bacarmaq iliyinə qədər işlədiyindən bu gün sağ olsaydı, yeni zəmanədə müftə alqışdan, ətalətli mürgüdən qurtulmağın bizim görmədiyimiz, ya görüb deyə bilmədiyimiz neçə təzahürünü tapacaqdı, baxıb durmaqla da kifayətlənməyəcəkdi, dərhal qamçılayacaqdı.
Məhz belə olduğu üçün - hər yeni günün axarında nə qədər çətinliklər ortaya çıxsa belə, yurd və millət naminə deyilməli sözlərin ən vaciblərini dilə və qələmə gətirməyi bacardığından nə Mirzə Cəlilin kitabları, nə də "Molla Nəsrəddin" bir belə vaxt keçəndən sonra da "mədfən-i fikr"ə dönmədi, "Vətən-i fikr" oldu - fikir məzarlığına çevrilməyərək oyanıq düşüncəyə vətən sayılan azad, asudə ərazi kimi yaşadı.
Mirzə Cəlil kimi qələmi millət naminə işləmişlərin (bizdə və dünyanın hər yerində, tarixin hər dönəmində) vətən və xalq haqqında düşüncələrinin qovuşduğu məkanlar olan əsərləri nə qədər zaman keçir-keçsin, köhnələn deyil, onların ölü fikir qəbiristanlığına çevriləcəyi də istisnadır.
Bir baxın elə sanki ömrünü çoxdan yaşayıb getmiş "Molla Nəsrəddin" dərgisinə. Qocalmış olsaydı, diriliyini itirsəydi, "mədfən-i fikr"ə dönsəydi, indi də bu cür sevilər, aranardımı? Görün təkrar-təkrar neçə yol nəşr edilib, hələ bundan sonra da, söz yox ki, dəfələrlə çap olunacaq. XX əsrin əvvəllərində onun bir evə girməsini günah sayanlar çoxdan məhv olub gediblər, Azərbaycanın hər evinin qapısı isə bu gün də məhəbbətlə "Molla Nəsrəddin"in üzünə açıqdır.
...Seyid Hüseyn yalnız bizim ədəbi keçmişimizin doğma və cazibəsi kəsilməz səhifələrindən deyil. Onun adı ədəbiyyat tariximizdə olduğu kimi, XX yüzilliyin əvvəllərindəki coşqun inkişafa başlayan mətbuatımızın ömürnaməsində - bioqrafiyasında də həmişə qalacaq. Sözü ilə heyran qoymağı bacaran Seyid Hüseyn də Mirzə Cəlilin valehlərindən idi. Onun xırdaca xatirələrində Mirzə Cəlilin ölçüyəgəlməz böyüklüyü bir başqa görüm bucağından seyr edilməkdədir. Xatırlayırdı ki, "Molla Nəsrəddin"in ilk sayı Bakıya gəlib çıxandan bu dərginin məftunlarından olub. Etiraf edirdi ki, hər həftənin sonunu "Molla Nəsrəddin"in yeni sayını alıb oxumaq həvəsi ilə səbirsizliklə gözləyirmişlər. Hətta bunu da vurğulayır ki, jurnalın satışa çıxmasını gözləməyə səbirləri çatmazmış, gedərmişlər Mərkəzi poçtxanaya ki, Tiflisdən gələn poçtun içərisindən "Molla Nəsrəddin"i ilkin götürüb oxuyanlar olsunlar. Bunu da əlavə edir ki, tək mən belə deyildim, bu sayaq mətbuat aşiqləri, "Molla Nəsrəddin" vurğunları çoxmuş. Dəqiqləşdirir ki, camaat arasında belə cavanlara maarifpərvərlər deyərdilər.
Bunlar bir əsrdən də bir qədər əvvəlin sadə Bakı xəbərləri kimi qavranılmasın. Bu, o çağın mətbuatda, yazıda əksini tapmış hava haqqında məlumatı deyil ki, o zaman yağış səpməsi, ya qar yağması, külək əsib, yaxud gün çıxması bu gün heç bir əhəmiyyət kəsb etməyə. Bunlar elə HAVA məlumatlarıdır ki, xüsusən Seyid Hüseyn kimi "sinoptiklər"in çatdırdığı belə soraqların xəbərdarediciliyi və gərəkliyi elə köhnəlməzdir ki, bizə yalnız həmin çağların ictimai-siyasi atmosferində nələr cərəyan etdiyini göstərmir, həm də və ilk növbədə odövrkü Azərbaycan ictimai-siyasi mühitini, ziyalılığın ovqatını, gəncliyin ruhunu nümayiş etdirir.
Seyid Hüseyn bunu da xatırlayır ki, 1907-ci il idi, cavan oğlandım, mətbəədə işləyirdim, günlərin birində küçədə qaçan uşaqları gördüm ki, qışqıra-qışqıra əllərindəki jurnalları göstərib deyirdilər: "Molla Nəsrəddin", "Molla Nəsrəddin".
Seyid Hüseyn üzdən adi kimi görünə biləcək bu səhnəni yazmağı, bundan gələcəkdəkilərin də hali olmasını lazım bilərkən çox haqlı idi. Qətiyyən sadə hadisə deyildi - artıq "Molla Nəsrəddin" küçələrə çıxmışdı, onun adını qışqıraraq çəkirdilər və Seyid Hüseyn bu duyğusunu da qələmə gətirir ki, həmin gün özünü çox xoşbəxt hiss edirmiş. Həm də bu düşüncədə tək olmamasının sübutu sayılacaq bir əhvalatı təsvir edir. Qəzet satan uşaqların küçədə uca səslə "Molla Nəsrəddin" deyib dərgini yaymalarına sevincindən muştuluq paylayanlar da olubmuş: "O zamanın zəngin maarifpərvəri olan bir gənc haman qəzetçi uşağa bir nüsxə məcmuə üçün on manat bağışladı".
Seyid Hüseynin nağıl elədiyi başqa bir əhvalat "Molla Nəsrəddin"in artıq yalnız ziyalılar çevrəsində yox, əhali arasında hansı hüsn-rəğbət qazanmasının nişanəsidir. Bir neçə yoldaşı ilə onu 1913-cü ildə "Səfa" Maarif Cəmiyyətinin xətti ilə Bakının uzaq kəndlərindən olan Qobuya yollayıblarmış ki, tamamilə savadsız olan bu kənddə məktəb açsınlar. Gəliblərmiş ki, hazırlıq işlərinə başlasınlar və kənddəki yerli-dibli yazı-pozu bilməyən ortabab bir kəndlinin evinə girəndə heyrətə düşmüşdülər. Görüblərmiş ki, ev yiyəsi qonaq-qara üçün saxladığı otağın divarlarını "Molla Nəsrəddin" rəsmləri ilə bəzəyib.
Elə bunun özü - yalnız şəhərlərdə, paytaxt Bakıda deyil, ən ucqar kəndlərdə də hətta səhifələrində nələr yazıldığını oxuya bilməyənlərin belə "Molla Nəsrəddin"i yuxarı başa çıxarması, şəkilli vərəqlərini yaşadığı evin divarlarına asması dərginin ürəkləri və düşüncələri fəth etməsinin bariz göstəricisi idi.
Nə yaxşı Seyid Hüseyn bu xatirələrini vaxtındaca yazıb dərc etdirməyə macal tapıb. Bu qiymətli yaddaşlar da onun özüylə birgə qayıdışsız qeybə çəkilə bilərdi. Seyid Hüseyn 1936-cı ildə yazmışdı və "Ədəbiyyat qəzeti" də həmin ilin 24 martında bu Mirzə Cəlilli xatirələri səhifələrində yerləşdirmişdi. Növbəti ildə Seyid Hüseyni siyasi repressiyalar girdabı təkinə sovuracaq, onun nəinki kitabları yığışdırılacaq, hətta köhnə qəzet-jurnallardakı yazıları da cırılıb-atılacaq, "xalq düşməni"nin hər hansı mətndə keçən adı oxunmaz olsun deyə qaralanacaq. Ancaq yazı ki qəzetdə, ya jurnalda çıxdı, kitabda nəşr edildi, ona daha zaval yoxdur, hökmən haradasa azı bir nüsxəsi qalasıdır. Həmin mətbu xatirəsində Seyid Hüseyn Cəlil Məmmədquluzadəyə xalq arasında olan sayğının və dərin rəğbətin başqa bir hekayətini də gətirirdi. Seyid Hüseyn Mirzə Cəlillə tanışlığının 1916-cı ildə Bakıda ilk dəfə "Ölülər" oynanarkən baş verdiyini, türk səhnəsində müəllifin ilk dəfə bunca səmimiyyətlə alqışlandığını, hətta tamaşa sona çatmamış tamaşaçılardan bir neçəsinin səhnəyə qalxaraq müəllifin əllərini sıxdığını yazırdı.
Bu xatirədə hələ 1916-cı ildir, vur-tut 10 ildir ki, "Molla Nəsrəddin" çıxır, böyük yolsa davam edəcək, Mirzə Cəlil özü də, onun "Molla Nəsrəddin"i də hələ neçə köksqabardan uğurlar qazanacaq. Ancaq artıq o günün özündə Mirzə Cəlil qeyri-adi idi, ona yaxınlaşmaq, onunla salamlaşmaq, onunla kəlmə kəsmək, onunla əl tutmaq hər hal əhli üçün xoşbəxtlik sayılırdı. Gedilən yolsa elə həmin günün özündə də əsla rəvan deyildi, elə əvvəldəki kimi daşlı-kəsəkli, kol-koslu idi, hər tərəfdən də dürlü təzyiqlər davam etməkdə idi.
Ancaq bütün bunlara rəğmən, Mirzə Cəlil və silahdaşları əvvəlkindən də artıq ilhamla və inadla çalışırdılarsa, əl-ələ, ürək-ürəyə idilərsə, bunun baisi, təkan nöqtəsi ən əvvəl xalqdan gələn təmənnasız sevgiydi. O sevginin cavabı məhz bu cür fədakarlıqlar olmalıydı.
...O çağlarda ki Mirzə Cəlil ədəbiyyata gəlmişdi, söz sənətimizdə yeni və güclü bir dövr başlanırdı. Özü də ədəbiyyatımızın yaddaşında qüdrətli qələmi ilə qalanlardan olan Yusif Vəzir Çəmənzəminlinin Mirzə Cəlili qiymətləndirməsi çox sərrastdır. Onu sadəcə yeni ədəbiyyatın, yeni ədəbi dövrün seçkin simalarından biri adlandırmırdı, onu yeni ədəbiyyatın önündə gedən sayırdı və 1934-cü ilin 30 yanvarında "Ədəbiyyat qəzeti"ndə çap etdirdiyi məqaləsinə qoyduğu sərlövhədə bu qiymətini birmənalı elan edirdi: "Ədəbi dövrün başçısı".
Çəmənzəminli Mirzə Cəlil və onun "Molla Nəsrəddin"i ilə tanışlığının müqəddiməsini belə rəvayət edirdi ki, 1906-cı ildə Şuşada, xəstəliyi ucbatından evdə yataqda olduğu zaman bir gün onu yoluxmağa "Yeni həyat", "Səda" qəzetlərinin sahibi Haşım bəy Vəzirov gəlir. Xəstə yanına gedən Haşım bəy özü də kitab-dəftər adamı idi, dəyməyə gəldiyi də yazıçı idi və ona görə sovqat olaraq bir təzə dərgi də götürübmüş ki, Yusif Vəzir könlü istəyəndə oxusun. Fəqət jurnalı Çəmənzəminliyə bir qısa təqdimatla verir və onun yeni dərgini belə tərifləməsi Yusif Vəziri xeyli təəccübləndirir. Çünki Haşım bəyi yaxşı tanıyırdı. Yusif Vəzir bunu da yazır ki, Haşım bəy Vəzirov "hər şeyi bəyənməyən, həsədə qapılan" bir adam olsa da, "Molla Nəsrəddin" sanki onu dəyişmişdi, jurnalı vərəqləyirdi, oradakı yazıları bir-bir ucadan oxuyurdu, həm də sadəcə oxumurdu, qəşş eləyərək oxuyurdu və "məcmuəylə bağlı bir çox mədhiyyələr söylədi".
Bu da həssas məqamdır. Yusif Vəzir bir yazıçı məharəti ilə "Molla Nəsrəddin"in hətta qısqancı, paxılı belə tərif söyləməyə vadar edən gücünü bu hadisə ilə dəqiq göstərə bilir.
(Yusif Vəzirin onu fərəhləndirən bu müşahidəsi ilə yanaşı, Haşım bəyin təbiəti ilə bağlı o biri təəssüratı da tam həqiqət idi. Çəmənzəminli o qənaətinə Haşım bəydə köhnədən gördüyü nələrə görə gəlmişdisə, özünə bəlli idi, ancaq bizə də məlum olan budur ki, sonralar Haşım bəy Vəzirovun həsədinin, kininin dəfələrlə üzə çıxdığının, Cəlil Məmmədquluzadənin və "Molla Nəsrəddin"in bostanına dönə-dönə daş atdığının da az şahidi olmuruq).
Yusif Vəzir usta qələm sahibi olmağından əlavə, həm də yaxşı rəssam idi. Onun çəkdiyi müxtəlif tablolar, portretlər də günümüzə gəlib çatıb və onlar əsl peşəkar rəssamın əlindən çıxmış işlər kimi göz oxşayır. Yazırdı ki, "Molla Nəsrəddin"lə ilk tanışlığı günündə oradakı karikaturaları görəndən sonra özü də həvəsə gələrək bir rəsm çəkib, altında da Müzəffərəddin şahın dilindən "Ah, Avropa, səni bir də görəcəyəmmi?" sözlərini əlavə edib. Şəkli redaksiyaya göndərib, "Molla Nəsrəddin" çox çəkmədən həmin karikaturanı dərc də edib, ancaq altında onun yox, səhvən Şmerlinqin adı gedib.
"Molla Nəsrəddin" həftədə bir dəfə çıxıb, hər yeddi gün ərzində o qədər təşviş, sıxıntı içində ola-ola, daimi darmacalda jurnalı buraxmaq və yanlışlara yol verməmək təxminən mümkünsüz idi. "Molla Nəsrəddin"də də ayrı-ayrı xətalara, təbii ki, rast gəlinirdi - bəzən hansısa söz yanlış gedirdi, hərdən hansısa müəllifin adı tay-dəyişik düşürdü. O sözü qoyub ona görə bura keçdim ki, "Molla Nəsrəddin" yolunu başlayanda orada "Millət necə tarac olur-olsun" şeiri də dərc edilmişdi. Həmin şeirin altında imza yoxdur. Ona görə də hətta rəsmi ədəbiyyatşünaslığımızda uzun müddət höcətləşmələr davam edib ki, "Millət necə tarac olur-olsun"u Mirzə Ələkbər Sabir yazmayıb, bu şeir Mirzə Cəlilin özünündür. Sonradan başqa bir fikir də ortaya çıxıb ki, yox, bu, Mirzə Cəlilin qələmi deyil, şeiri Ömər Faiq Nemanzadə yazıb.
Yusif Vəzirin xatirəsi elə bir can yiyəsinin, bu təhər yanlışlıqla qarşılaşmış bir müəllifin timsalında göstərir ki, doğrudan da, belə hallar baş verirmiş, həm də çox zaman elə sırf təsadüf üzündən. Yusif Vəzir özü xəbər verməsəydi, kim bilərdi, haradan xəbər tutardıq ki, o karikatura Şmerlinqki deyil?
Yusif Vəzir xatırlayırdı ki, hətta imzanın dəyişik düşməsi də onu ruhdan salmayıb, belə qərara gəlib ki, bir halda göndərən kimi çəkdiyim rəsmi çap ediblər, deməli, bəyənirlər, təzəsini də çəkim.
Yazır ki, bu kərə Şuşada ermənilərlə azərbaycanlılar arasında ədavət salmaqda xüsusi canfəşanlıq eləyən rus generalı Qoloşapovun karikaturasını çəkmişdim. Ancaq işin tərsliyindən bu rəsmin də dərc olunmasına senzura icazə vermədi.
Qarabağdakı pirlər və ocaqlar haqqında bir məqalə yazıb göndərir, daha bir əngəl ortaya çıxmır, 1907-ci ildə jurnalın 37-ci nömrəsində məqalə dərc edilir, özü də lap geniş imzayla: "Bakıdakı Realnı Gimnaziyanın altıncı sinif şagirdi Miryusif Vəzirov".
Beləcə, imzasını "Molla Nəsrəddin"də görməkdən qanadlanıb uçmağa hazır olan Yusif Vəzir qoşulur dəstəyə, ancaq artıq sabit "Molla Nəsrəddin"çilərdən birinə çevrilsə də, qəribədir ki, Molla Nəsrəddinin özü ilə - Cəlil Məmmədquluzadə ilə əyani görüşü nə az, nə çox - 20 il sonra baş verir.
1926-cı ildə Yusif Vəzir, nəhayət ki, dəstəyi götürüb Mirzə Cəlilin nömrəsini yığr, kimliyini söyləyərək görüşmək istədiyini bildirir. Çox da ki, indiyəcən üz-üzə gəlməmişlər. Yazılarından bir-birini yaxşı tanıyırdılar, hətta Yusif Vəzir eşidibmiş ki, onun "Cənnətin qəbzi" əsərini oxuyan Mirzə Cəlil müxtəlif məclislərdə müsbət fikrini də söyləyib.
Yusif Vəzir yada salırdı ki, əvvəlcə Bakı İşçi Nəşriyyatında görüşdük və Mirzə Cəlilin məni görən kimi ilk sözü bu oldu ki, cavan adammışsan, mən səni yaşlı zənn eləyirdim, sonra da onu evə dəvət elədi.
Axşamlardan birində Mirzə Cəlil artıq onu evə dəvət edir. Görüşənədək, 20 illik qiyabi tanışlığın Yusif Vəzirin təsəvvüründə yaratdığı ayrı bir Mirzə Cəlil surəti vardı. Hər kəs adətən öz xəyallarında qəhrəmanını həyatda olduğundan qat-qat möhtəşəm görür. Yusif Vəzir mat qalmışdı: "Böyük bir ədəbi dövr yaradan, ictimai həyatımızda inqilablar törədən, 25 il populyar məcmuəyə rəhbərlik edən bu böyük sima mənə o qədər məhdud göründü ki, heyrətimdən çaşıb qaldım. "Mənmi yanılıram, Mollamı qocalmış?" - deyə öz-özümə suallar verirdim.
İndi bir anlıq özümü qoyuram Mirzə Cəlillə üzbəüz oturaraq ilk dəfə onunla ürək dolusu geniş söhbət edən Yusif Vəzirin yerinə, düşünürəm ki, görən, ilahi bir möcüzəylə haqqında çox oxuduğum, çox bildiyim Peyğəmbər, ya ömür-gününə, yaratdıqlarına da yaxşıca bələd olduğum Nizami, Nəsimi, Füzuli, Sabir, Cavid, ya onlarla başqa zirvədən biri ilə ilk dəfə elə həmin təhər saatlar boyu təkbətək qalıb ürəkdən söhbət imkanı qazansaydım, ayrılandan sonra təəssüratım necə olardı? Axı bu adların hər biri mənim nəzərimdə ülvidir, alidir, müstəsnadır.
Ülviləri, aliləri, müstəsnaları isə elə hamımız kimi görməyə alışmamışıq, sanki heç istəmirik ki, onlar düşüncəmizdəki uca yerlərindən azacıq da olsa aşağı ensinlər, adi insanlara qaynayıb-qarışsınlar. Dahilərin bir başqa heyrətləndirmək qüdrəti isə məhz budur. Ali ola-ola sadə qalmaq, Seçilmiş ola-ola həm də hər birimiz kimi davranmaq, İlahidən gələn işığı daşıya-daşıya hər birimizdən sitayiş deyil, sevgi ummaq!
26 iyun 2024
Rafael HÜSEYNOV, akademik