Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

01.08.2024 12:24
  • A-
  • A
  • A+

Alimlər Ayda mağara kəşf ediblər

Alimlər Ayda mağara kəşf ediblər

Alimlər ilk dəfə Ayda bir mağara kəşf ediblər.

Tədqiqatçılara görə, ən azı 100 metr dərinliyində olan bu mağara, insanların Ayda daimi bir sığınacaq qurması üçün ideal yer ola bilər. Bu mağaranın “kəşf edilməmiş dünya”da gizlənmiş yüzlərlə mağaradan yalnız biri ola biləcəyi ehtimal edilir.

Hazırda ölkələr Ayda insanın daimi mövcudluğunu təmin etmək üçün yarışırlar. Lakin onlar ilk növbədə astronavtları radiasiya, ekstremal temperatur və proqnozlaşdırılması mümkün olmayan kosmik hava şəraitindən qorumaq üçün addımlar atmaq məcburiyyətindədirlər. 

Kosmosa səyahət edən ilk britaniyalı astronavt Helen Şarman “BBC News”a bildirib ki, yeni kəşf edilən mağara baza üçün yaxşı bir yer kimi görünür və insanlar qarşıdakı 20-30 il ərzində Ay çuxurlarında “məskunlaşa” bilərlər. Lakin o əlavə edib ki, bu mağara o qədər dərindir ki, astronavtların içəri enmə və qalxması üçün xüsusi vasitələrdən və ya liftdən istifadə etməsi lazım gələ bilər. 

İtaliyanın Trento Universitetindən Lorenzo Bruzzone və Leonardo Carrer, Ay səthindəki qayalı düzənlikdəki çuxurları araşdırarkən bu mağaranı kəşf ediblər. Mağara Yer kürəsindən hətta çılpaq gözlə də görünür və 1969-cu ildə Apollo 11-in endiyi ərazidə yerləşir.

Prof. L.Carrer izah edir ki, mağaranın Yer kürəsindəki ən yaxın oxşarı İspaniyanın Lanzarote adasındakı vulkanik mağaralardır. Tədqiqatçılar işlərinin bir hissəsi olaraq bu mağaraları da ziyarət ediblər.

Qeyd edək ki, alimlər Ayda mağaraların var olduğunu ehtimalını ilk dəfə təxminən 50 il əvvəl irəli sürüblər. 2010-cu ildə Lunar Reconnaissance Orbiter adlı missiyada olan bir kamera, alimlərin mağara girişləri ola biləcəyini düşündükləri çuxurların şəkillərini çəkib. Lakin o zaman tədqiqatçılar bu çuxurların nə qədər dərin olduğunu və ya onların çöküntü olub-olmadığını bilmirdilər.

Mütəxəssislərin fikrincə, bu tədqiqat gələcəkdə Marsdakı mağaraları da araşdırmağa yardımçı ola bilər.

Alimlər eyni zamanda vurğulayırlar ki, Ay mağarası Ayın və Günəş sisteminin tarixi ilə bağlı əsas suallara cavab tapmağa kömək edəcək. Belə ki, mağaranın içindəki daşlar kosmik hava şəraitindən zədələnməmiş və ya aşınmamış olacaq, buna görə də onlar çoxillik geniş bir geoloji yaddaşı özlərinə daşıya bilər. Qeyd edək ki, tədqiqatın nəticələri “Nature Astronomy” elmi jurnalında yayımlanıb.

Tərcümə: Reyhan Məcidli, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi

bbc.com

  • Paylaş: