Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan Astronomiya elminə ağır itki üz verib
05.08.2024 13:10
  • A-
  • A
  • A+

Azərbaycan Astronomiya elminə ağır itki üz verib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Planetlər və kiçik səma cisimləri şöbəsinin rəhbəri fizika riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Ətayi uzun sürən xəstəlikdən sonra avqust ayının 4-də vəfat edib.

Ətayi Ədalət Əbülfət oğlu 1951-ci ilin 15 avqust tarixində Goranboy rayonunun Naftalan qəsəbəsində anadan olmuşdur. 1968-ci ildə Naftalan orta məktəbini bitirərək Bakı Dövlət Universitetininin Fizika fakültəsinə qəbul olunmuş, 1973-cü ildə isə universitetdən məzun olan gələcək alim təyinatla N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında çalışmağa başlamışdır.

1975-ci ildə AMEA-nın aspiranturasına qəbul olunaraq görkəmli astronom Nadir İbrahimovun rəhbərliyi altında “Günəş sistemi planetlərinin atmosferlərinin tədqiqi” işi ilə məşğul olmağa başlamış, N.İbrahimovun vəfatından sonra isə öz tədqiqatlarını professor V.Q.Teyfelin rəhbərliyi altında Almatı şəhərində Astrofizika İnstitutunda davam etdirmişdir. 1981-ci ildə Kiyevdə Baş Astronomiya Rəsədxanasının İxtisaslaşmış Elmi Şurasında “Uran, Neptun və nəhəng planetlərin parlaq peyklərinin spektrofotometriyası” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

Alim 70-dan çox elmi əsərin və 100-ə yaxın elmi-kütləvi məqalələrin, o cümlədən “Günəş sistemi planetləri” adlı monoqrafiyanın, “Nəsirəddin Tusi - yaşadığı dövr və milli mənsubiyyəti” və bir sıra digər kitabların müəllifidir. O, həmçinin məktəblər üçün hazırlanmış “Astronomiya” dərsliyinin müəlliflərindən biri olmuşdur.

Elmi-tədqiqatlarla yanaşı, 1984-2000-ci illərdə ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuş astronom alim, uzun müddət Planetlər və kiçik səma cisimləri şöbəsinə rəhbərlik etmiş, 2005-2011-ci illərdə AMEA-nın 2 fəxri fərmanı ilə təltif edilmişdir.

Görkəmli astronom, səmimi insan və gözəl ailə başçısı olan Ədalət Ətayinin əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin! 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: