Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.01.2025 17:12
  • A-
  • A
  • A+

Gəncə Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Gəncə Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin iclası olub.

Toplantıda Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi ilə bağlı AMEA-nın Gəncə Bölməsinin tədbirlər planı müzakirə edilib.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının bu il qeyd edilən 80 illiyini dövlətimiz və cəmiyyətimiz üçün əhəmiyyətli hadisə kimi dəyərləndirərək, ölkəmizin elmi ictimaiyyətinin nümayəndələrinin bu əlamətdar tarixə öz töhfələrini verdiklərini və AMEA-nın Gəncə Bölməsinin bu gün müzakirə olunacaq tədbirlər planının da həmin ruhda hazırlandığını diqqətə çatdırıb.

AMEA-nın Gəncə Bölməsinin sədri tədbirlər planının müddəaları və onların həyata keçirilməsi üçün müvafiq vəzifələr haqda danışıb.

İlk növbədə Bölmədə bu əlamətdar tarixlə bağlı olan məsələlərə həsr olunan monoqrafiyaların hazırlanması üzrə aparılan işlərin vəziyyəti müzakirə mövzusu olub.

Bu baxımdan, AMEA-nın Gəncə Bölməsinin elmi və elmi-təşkilatı fəaliyyətini (1981-2024-cü illər ərzində) əks etdirən elmi əsərin ərsəyə gəlməsini və bu monoqrafiyada Azərbaycanın sosial-iqtisadi inkişafı üçün bölgələrimizin elmi potensialının yüksəldilməsi üzrə görülən işlərin öz əksini tapmasının vacibliyini qeyd edib.

Yubiley münasibətilə “Qərb bölgəsinin elm fədailəri”, “Gəncə incəsənəti”, “Gəncə şəhərinin tarixi”, “Qərb bölgəsinin kimya sənayesi”, “Nizami Gəncəvinin yubileyləri: Heydər Əliyevdən İlham Əliyevə” adlı monoqrafiyaların hazırlanacağı bildirilib.

Yubiley ilində AMEA-nın Gəncə Bölməsində bir sıra elmi forumlar da keçiriləcək. “AMEA – 80”. Görkəmli nizamişünas alim, Əməkdar elm xadimi, professor Xəlil Yusiflinin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri”, “Azərbaycan ədəbiyyatı tarixində Gəncə”, “Gəncədən başlayan dövlətçilik səlnaməsi”, “AMEA - 80”, “Qərb bölgəsində elmin fundamental inkişafının təmin olunması Ulu Öndər Heydər Əliyevin uzaqgörən strateji düşüncəsinin məhsuludur”, “AMEA Gəncə Bölməsi və Gəncənin elmi-ədəbi mühiti”, “Nizami Gəncəvi, Əlişir Nəvai və Həmid Araslı”, Azərbaycanlı alim Hacı Zeynalabdin Şirvaninin əsərlərində Gəncə təəssüratları”, “Qərb bölgəsindəki arxeoloji tədqiqatlar” mövzularında konfrans və dəyirmi masalar keçiriləcək.

İclasda, həmçinin AMEA-nın 80 illik yubileyi ilə bağlı, akademiyanın tarixi və onun inkişaf yolu haqda tezis və məqalələrin müxtəlif elmi məcmuələrdə çap olunması, görkəmli alimlərimizin anım günlərinin keçirilməsi, yubiley ilində elmi və elmi-təşkilati fəaliyyətlərində fərqlənən əməkdaşların Gəncə Bölməsinin Fəxri fərmanları və pul mükafatı ilə təltif edilməsi ,“Ən yaxşı elmi işçi”, “Ən fəal gənc tədqiqatçısı” müsabiqələrinin keçirilməsi, Nizami Gəncəvi Məqbərəsinə, Heydər Əliyev Mərkəzinə, “Sələflər və Xələflər” abidə kompleksinə elmi ekskursiyaların həyata keçirilməsi, “AMEA-80. Elmimiz və onun görkəmli simaları” adlı tələbə-gənclər və məktəblilərlə maarifləndirici görüşlərin təşkili, “Gəncənin elm tarixi” adlı kitabın ümumtəhsil məktəblərinə təqdim olunması, AMEA-nın 80 illik yubileyi münasibətilə  Gəncə Bölməsinin elmi nailiyyətlər sərgisinin hazırlanması, Sosial media əhatəsində AMEA-nın  Gəncə Bölməsinin əsas nailiyyətlərini, onun inkişafının tarixi mərhələlərini əks etdirən materialların ingilis dilində yayılması, Bölmənin beynəlxalq əməkdaşlıqlarını eləcə də, xarici tədqiqatçılarla birgə fəaliyyətlərini kitablar formasında hazırlanıb xarici dillərə tərcümə edilməsi, Bölmədə AMEA-nın 80 illik yubileyilə bağlı görülən işlərin, tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, “80 yaşlı Akademiyanın Qılınc və Qələm şəhərindəki elm güzgüsü” və “AMEA-80. Milli intibahımızın qoşa qanadı: Nizami Gəncəvi və Heydər Əliyev” sənədli filmlərinin hazırlanması, yubileylə bağlı hazırlanan video materialların xarici dillərdə səsləndirilməsinin təmin edilməsi məsələləri müzakirə edilib.

Bu tədbirlərin hazırlanması və həyata keçirilməsi üzrə əlaqədar institut, şöbə və digər qurumlara və onların rəhbərlərinə müvafiq göstərişlər verilib.

Rəyasət Heyətinin iclasında, həmçinin Bölmənin fəaliyyətinə dair bir sıra cari məsələlərdən danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: