Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan və özbək ədəbiyyatları arasında mənəvi körpü – iki xalqın oğlu Maqsud Şeyxzadə
23.08.2024 14:56
  • A-
  • A
  • A+

Azərbaycan və özbək ədəbiyyatları arasında mənəvi körpü – iki xalqın oğlu Maqsud Şeyxzadə

Əslən Azərbaycandan olan Maqsud Şeyxzadə Özbəkistanın məşhur filosof şairi, dramaturqu, ustad tərcüməçisi, böyük alimi, görkəmli pedaqoqu, dilçisi, tənqidçisi, folklorşünası və ədəbiyyatşünasıdır. Maqsud Şeyxzadə elə bir ömür yaşayıb ki, bu tale iki qardaş xalqın yüzilliklər dolu ədəbi əlaqələr tarixinin canlı varisi, mənəvi körpüsü olub.

Maqsud Şeyxzadə soy-kökü ilə Qazaxın Salahlı kəndindəndir. Özü isə Ağdaş rayonunda doğulub. Vaxtilə atası Məsim Şeyxzadə Tbilisidə tibb məktəbini bitirib Ağdaş rayonunda işləməyi qərara alır. Anası Fatma xanım da qadın gimnaziyasında təhsil almış ziyalı idi. Bu rayonda təzə yurd salan gənc ailədə beş uşaq doğulub boya-başa çatır.

1908-ci il noyabrın 7-də doğulan Maqsud ailənin ilk övladı olur. O, ilk təhsilini Ağdaşda - məşhur ziyalı Muxtar Əfəndinin “Rüşdiyyə” məktəbində alır. Sonra isə Bakı seminariyasını bitirir (1920-1925). O seminariyanı ki, orada Abdulla Şaiq, Hüseyn Cavid, Cabbar Əfəndizadə, Mədinə xanım Qiyasbəyli, xalq müəllimi Cəmo bəy Cəbrayılbəyli kimi tanınmış ziyalılar dərs deyirdilər. Maqsud Şeyxzadə də məhz həmin müəllimlərdən dərs almışdı.

Seminariyanı bitirən Maqsud iki il (1925-1927) Dağıstanda müəllim kimi işləməyə göndərilir, əslində sürgün olunur. 1928-ci ildə imperiya ideoloqlarının əmri ilə üç illiyə Qafqazdan sürgün olunur. SSRİ-nin istənilən şəhərində yaşamaq şansını özü seçməli olanda o, Özbəkistanın Daşkənd şəhərini seçir və bütün ömrünü ora bağlayır.

Bu fikirlər AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Almaz Ülvinin (Binnətova) “Maqsud Şeyxzadə Azərbaycan və özbək ədəbiyyatları arasında mənəvi körpüdür” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə bildirilir ki, Daşkənd Dövlət Universitetinin professoru Suyima Qəniyevanın tədqiqatlarına görə, Maqsud Şeyxzadə özbək ədəbiyyatı tarixini öyrənmək üçün Nəvaidən başlayıb. XX əsrdə özbək ədəbiyyatşünaslığında Nəvai haqqında ilk sanballı tədqiqat məqaləsi məhz Maqsud Şeyxzadəyə məxsusdur.

M.Şeyxzadə hələ məktəb illərindən qəlbən ədəbiyyata - poeziyaya bağlı olub. İlk mətbu şeiri 13 yaşında “Kommunist” qəzetində çap olunub. Şeirə könül bağlayan gəncin bəxti onda gətirir ki, Bakı seminariyasında böyük şəxsiyyətlərin məktəbindən keçir. Yaşdaşları Mehdi Hüseynlə, Sabit Rəhmanla, Mikayıl Müşfiqlə, Məhəmmədhüseyn Təhmasiblə, Səid Rüstəmovla... eyni vaxtda təhsil alması, şübhəsiz, onun gələcək həyatında silinməz cığırlar açır. İlk dövr poetik yaradıcılığının – Azərbaycan dilində olan əsərlərinin mühüm bir qismini o, “Şeyxzadə dəftəri”ndə toplayıb.

Taleyin yazısı ilə 20 yaşında Özbəkistana gələn Maqsud Şeyxzadə yeni mühitdə yeni həyata başlayır. 1928-ci ildən mütəmadi olaraq özbək dilində yazdığı şeir və məqalələrlə mətbuatda görünməyə başlayır. O, özbək torpağında da istedadlı yaradıcı gənclərlə – Qafur Qulam, Aybek, Abdulla Qədiri, Abdulla Qəhhar kimi şəxslərlə dostluq münasibətləri yaradır. XX əsr özbək ədəbiyyatının klassiklərinə çevriləcək sənətkarlarla bir sırada çalışır və öz layiqli yerini tutur. Eyni zamanda, fəaliyyətində elm sahəsinə daha çox üstünlük verir. Bütün həyatını elmə bağlayan gənc M.Şeyxzadə burada təhsilini davam etdirərək alimlik dərəcəsinədək yüksəlib, 1938-ci ildən ömrünün sonunadək Nizami adına Daşkənd Pedaqoji İnstitutunda özbək ədəbiyyatı tarixindən dərs deyib. Çalışdığı fakültənin dekanı və Özbək ədəbiyyatı kafedrasının müdiri olub. Nəhayət, Özbəkistan elmi tarixində tanınmış alim və pedaqoq kimi ad çıxarıb.

Görkəmli özbək ədəbiyyatşünası və ədibi Azad Şərafiddinov M.Şeyxzadəyə həsr etdiyi “Ədəbiyyatımızın fədaisi” (2003) adlı məqaləsini həzin və kövrək notlarla başlayır: “Ortaboylu, dolu bədənli, qıvrım saçlı, şairanə görkəmli, özbəkcə danışığına şirin Azərbaycan ləhcəsi qatan bu adamı – Maqsud Şeyxzadəni ilk dəfə auditoriyada – dərs dediyi Nizami adına Özbəkistan Pedaqoji İnstitutunda görmüşdüm. Onun şirin, sadə ifadələrlə dərin elmi əsaslara söykənən mühazirələri artıq çoxdan idi ki, institutun hüdudlarından çıxıb bütün Özbəkistan boyunca yayılmışdı. Hətta tələbələr arasında onun məruzələri əsasında maraqlı rəvayətlər də dolaşırdı. O, ömrünün sonunacan eyni şövqlə, eyni məhəbbətlə söylədiyi mühazirələri ilə institutun da şöhrətini hər yana çatdırmışdı. O, şair və dramaturq, ədəbiyyatşünas və tərcüməçi, tarixçi və mütəfəkkir, natiq və pedaqoq idi. Maqsud Şeyxzadə qeyd etdiyim bütün sənətlərin ustadı, ağası idi”.

A.Ülvi şairin tərcüməçilik fəaliyyətinə də nəzər yetirib. M.Şeyxzadənin dünya klassiklərini özbək dilinə çevirərək tərcüməçi kimi özbək ədəbi tarixində xüsusi yer tutduğunu, müasir Azərbaycan və xarici ədəbi nümunələrin də onun tərcüməsində özbək oxucularına çatdırıldığını qeyd edib.

Onun fikrincə, Maqsud Şeyxzadə poeziyası ülvi məhəbbət, insani münasibətlər, dostluq telləri, nəsihətamiz duyğular, ali hisslər üstündə yaranıb. “Simlər, qaranquşlar və qızlar”, “Bahar yağışı”, “Bənövşə”, “İlk sevgi”, “Sınaq”, “Xəta”, “Atmaca” – sevgi duyğulu nəğmələrdir. M.Şeyxzadə yaradıcılıq həyatının yeni səhifəsini açanda məhz folklor qaynaqlarına üz tutub, özbək folklor mənbələrinə istinad edib. Özbəkistana gəldiyi ilk illərdə daha çox özbək folkloruna dair məqalələr yazıb. Bir tərəfdən folklorçu alim kimi “Alpamış”, “Qərib və Şahsənəm”, “Şirin-Şəkər” kimi eposları tədqiq edir, xalq yaradıcılığını yaşadan Fazil Yoldaşoğlu və başqaları haqqında dəyərli elmi məqalələr yazır, digər tərəfdən öz yaradıcılığında folklor qaynaqlarından istifadə edir. M.Şeyxzadə yaradıcılığının bütün mərhələlərində bu təsir aydın görünür. “Birlik təranəsi”, “Özbək-türkmən bir ananın cüt oğlu”, “Ay ilə söhbət”, “Yeddilik balladası” və digər şeirlərin söykəndiyi yaşantılarda folklora aid motivlər xüsusi yer tutur.

“Mayası, ana südü, ilk ibtidai təhsili, beşillik seminariya həyatı, şeir dünyasında ilk addımları Azərbaycanla bağlı olsa da, o, eyni məhəbbətlə özbək həyatına – şeir dünyasına, elminə, tarixinə bağlanmışdır. Bu, ilk anda maraqlı görünsə də, təbii bir axarlılıq da var. Əslində o, doğulduğu ruh üstündə, ana südü ilə kökləndiyi mənəvi aləmi ilə ucalmışdır. Azərbaycan və özbək məfhumları ayrı-ayrı sözlər olsa da, əslində bunların bir xətt, bir ruh, bir kök, eyni maya olması dərk edilir. Bu, mənəvi və təbii duyumlardır, özünün də ayıra bilmədiyin gerçəklikdir. Bu, türk qanı, türk ruhu, türk köküdür”, - deyə müəllif bildirir.

Məqalədə M.Şeyxzadənin dramaturgiya yaradıcılığından da bəhs edilir: “Onun “Cəlaləddin Mənquberdi” və “Mirzə Uluğbəy” kimi pyesləri ilə ciddi ictimai hadisələrin, dolğun insan xarakterlərinin yüksək poeziyası yaranmışdır. “Cəlaləddin Mənquberdi” və “Mirzə Uluğbəy” mənzum tarixi faciələri ilə özbək dramaturgiyasının mükəmməl əsası qoyulmuşdur. M.Şeyxzadənin dramaturgiya yaradıcılığı özbək ədəbiyyatşünaslarının da, Azərbaycan ədəbi-tənqidinin də daim diqqətini cəlb etmiş, bu haqda xeyli tədqiqat əsərləri yazılmışdır.

“Cəlaləddin Mənquberdi” əsəri partiyanın tapşırığı ilə yazılmışdı. Onda müəllifin 36 yaşı vardı. Az bir vaxta tamamlanan bu əsərin ilk tamaşası çox yüksək səviyyədə keçmiş, böyük səs-səda doğurmuşdu. Müharibə illərində qəhrəmanlıq motivləri, həm də tarixə əsaslanan hadisələr ədəbiyyatın baş mövzusuna çevrilmişdi.

“Cəlaləddin Mənquberdi” də məhz bu nöqteyi-nəzərdən yazıldı və səhnəyə qoyuldu. Lakin Şeyxzadənin hörmətini birə-min artıran bu əsər onun taleyində qara səhifə açdı. O, Stalin rejiminin qəzəbinə tuş gəldi. M.Şeyxzadə 25 il həbs cəzası aldı və uzaq Sibirə – İrkutsk düşərgəsinə göndərildi. M.Şeyxzadə həbs düşərgəsinə göndərilsə də, artıq çox qısa səhnə həyatı yaşayan “Cəlaləddin Mənquberdi” dillər əzbərinə çevrilmişdi. Sadə, axıcı poetik dillə, başdan-başa qəhrəmanlıq eşqi ilə yazılan bu əsər hər kəsin qəlbində özünə yer etmişdi. Çoxları hətta bu əsəri əzbər bilirdi. Necə ki, bizdə “Vaqif”i bilirdilər. Stalin öldü. Nağıllarda söylənildiyi kimi, az sonra bütün zindanların qapısı açıldı, bütünlükdə özü zindan olan Sibir yollarına dikilən gözlər sanki oradan şütüyən qatarlarla qənşər-qənşərə tələsirdilər. Şeyxzadə ikinci Vətən bildiyi Özbəkistana, Daşkəndə – ailəsinə döndü. Allah onu bağışladı, 25 illik həbs cəzasının üçdə bir hissəsini çəkdi, geri döndü və daha 13 il özbək elminə, ədəbiyyatına, mədəniyyətinə əvəzsiz töhfələrini verdi”.

A.Ülvi qeyd edir ki, M.Şeyxzadə elmi tədqiqatlarında həmişə özbək elmi-ədəbi mühitinə, Azərbaycan ədəbiyyatşünaslığının təsirinə ayrıca diqqət yetirib, onun uğurlarının Özbəkistanda təbliğinə xüsusilə maraq göstərib: “Məsələn, özbək ədəbiyyatşünaslığında, xüsusən Lütfi, Nəvai, Babur, Məşrəb, Agahi kimi cığatay (özbək) klassiklərinin yaradıcılığı ilə bağlı tədqiqatlarda klassik Şərq poetikasına aid istilahların ön plana çəkilməsi, qəzəlin poetik xüsusiyyətlərinin təhlilində orta əsrlər Şərq ədəbiyyatşünaslığına məxsus bədii təsvir vasitələrinə üstünlük verilməsi özündən sonrakı tədqiqatçılara M.Şeyxzadənin təsiri, M.Şeyxzadənin özünə isə görkəmli Azərbaycan ədəbiyyatşünası və nəzəriyyəçisi, professor Mir Cəlal Paşayevin təsiri kimi diqqəti cəlb edir. Belə ki, Şərqdə qədimdən xüsusi poetika elminin mövcudluğuna və klassik şeiriyyəti bu elmin prinsip və qaydaları ilə tədqiq etməyin vacibliyinə ilk dəfə Mir Cəlal Paşayev özünün məşhur “Füzuli sənətkarlığı” adlı monoqrafiyasında diqqəti yönəltmiş, Maqsud Şeyxzadə isə Nəvai haqqında məqalələrində, o cümlədən “Ustadın icadxanasında”, “Qəzəl mülkünün sultanı” adlı tədqiqatlarında Mir Cəlal Paşayevdən sitatlar, iqtibaslar gətirərək, bu yeni elmi-nəzəri yanaşma üsulunu özbək ədəbiyyatşünaslarının diqqətinə həvalə etmişdir. Sonralar Özbəkistanda “poetik sənətlərə” maraq birdən-birə güclənib, hətta Azərbaycandan fərqli olaraq, ilk farsdilli orta əsr mənbələri özbəkcəyə tərcümə olunub. Daşkənddə nəşr olunsa da, bu sahədə ciddi uğur qazanan özbək ədəbiyyatşünasları və nəvaişünasları bu və ya digər şəkildə Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı”ndan bəhrələniblər.

İndiyə qədər tədqiqatçıların nəzərindən, təəssüf ki, kənarda qalan bu və ya buna bənzər faktlar xalqlarımız arasında ədəbi əlaqə və ədəbi təsirin yeni, özünəməxsus bir təzahür formasını üzə çıxarmağa imkan verir. Bu faktlar, eyni zamanda, Mir Cəlal Paşayevin XX əsr Azərbaycan-özbək ədəbi əlaqələrinin təşəkkülü və inkişafındakı özünəməxsus yerini müəyyənləşdirir. Öz çoxşaxəli yaradıcılığı ilə bu ədəbi-mədəni, tarixi-mənəvi əlaqələrin möhtəşəm körpüsü olan Maqsud Şeyxzadə isə haqlı olaraq Türk dünyasının birlik, qardaşlıq və dostluq rəmzlərindən biri kimi qiymətləndirilir”.

Müəllifin qənaətincə, M.Şeyxzadə təkcə şeir, poema, pyes və məqalələrində deyil, bütün yaradıcılığında iki xalqın adından cəsarətlə danışıb. O, özbək klassik ədəbiyyatını öyrənib, tədqiq edib, özbək ədəbiyyatı tarixini, ədəbiyyatşünaslıq nəzəriyyəsini təkmilləşdirib, onu yeni-yeni elmi axtarışlarla zənginləşdirib.

AzərTac

  • Paylaş: