Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.08.2024 15:35
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun əməkdaşları “Avrasiyada biomüxtəliflik - SEAB 2024” VII beynəlxalq simpoziumda iştirak edirlər

Dendrologiya İnstitutunun əməkdaşları “Avrasiyada biomüxtəliflik - SEAB 2024” VII beynəlxalq simpoziumda iştirak edirlər

Avqustun 22-24-də Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu, Odlar Yurdu Universiteti, Ərzurum Texniki Universiteti, Atatürk Universiteti, Muğla Sıtkı Koçman Universiteti, Al-Farabi adına Qazax Milli Universiteti, Bitki Biologiyası və Bioteхnologiyası İnstitutu (Qazaxıstan), Hüceyrə Biologiyası və Genetik Mühəndisliyi İnstitutu, Ukrayna Milli Elmlər Akademiyası, Kiyev Taras Şevçenko Milli Universiteti, Gürcüstan Kənd Təsərrüfatı Elmləri Akademiyası, Rusiya Dövlət Aqrar Universiteti, Belarus Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin Ərzurum şəhərində keçirilən “Avrasiyada biomüxtəliflik - SEAB 2024” VII beynəlxalq simpozium davam edir. Simpoziumda Dendrologiya İnstitutunun əməkdaşları öz məruzələri ilə iştirak edir. 

İnstitutun Meşə ekosistemləri laboratoriyasının elmi işçisi Aynur Hüseynova simpoziuma “Zəngilan rayonu Oxçuçay ərazisinin bitki örtüyünün ekoloji balansını pozan faktorlar” adlı məruzəsi ilə çıxış edib.

Zəngilan rayonunıın Oxçuçay ərazisində bitki örtüyünün yayılması və inkişafının ölkədaxili təhlili, ekoloji vəziyyətinin qiymətləndirilməsi, meşə formasiyalarının ekoloji balansını pozan faktorların nəticələrini aydınlaşdırılmışdır.

Qısa məsafədə təbii landşaftların quru-bozqırlardan dağ meşələrinə doğru tədricən dəyişməsi və onların arasında ekoloji dəhliz rolu oynayan Oxçuçayın təsiri ilə hövzədə unikal əhəmiyyətə və zənginliyə malik biomüxtəliflik yaranmışdır. Oxçuçay ərazisidə meşənin əsas tərkib hissəsi,  Araz palıdı (Quercus araxina A.Grossh.), şərq çinarı (Platanus orientalis L.), qovaq (Populus L.) və qalan hissəsi isə qarışıq meşəliklərdən ibarətdir. Meşə ərazisinin quru daşlı yamaclarında Araz palıdı, dağdağan, şərq vələsi, saqqızağac, ağcaqayın, qarağac, söyüdyarpaq armud, kəskiniyli ardıc (Quercus araxina Grossh., Celtis L., Carpinus orientalis Mill., Pistacia lentiscus L., Acer L., Ulmus L., Pyrus salicifolia Pall., Juniperus foetidissima Willd.) ilə aşağı bonitetli (ağacların məhsuldarlığını qiymətləndirmək) seyrək meşəliklər yayılmışdır. Bu meşəliklərdə kserofit kollardan: tikanlı dəvəqıran (Atraphaxis spinosa), iberiya doqquzdonu (Lonicera iberica), xırdameyvə albalı (Cerasus microcarpa), ortaboy acılıq (Ephedra intermedia Schrenk. Et. C.A.Mey.), kol jasmini (Jasminum fruticans), pallas murdarçası (Rhamnus pallasii) və qaratikan (Paliurus spina-christi) təbii halda yayılıb.

Monitorinq zamanı 27 ağac, 18 kol və 11 ot bitki növü qeydə alınmışdır ki, bu növlərin 18 ağac, 3 kol, 3 ot bitki növü nadir və nəsli kəsilməkdə olan 5 ağac - Platanus orientalis L., Juglans regia L., Pyrus communis L., Populus euphratica Oliver, Punica granatum L.,  2 kol - Crаtаеgus tournefortii Griseb, Alcea sachsachanica Iljin isə relikt və endemik bitkilərdir.

Son iqlim dəyişmələri fonunda artan quraqlıq stresinin Oxçuçay ərazisinin bəzi ərazilərində meşəəmələgətirən ağac cinslərinin azalmasına səbəb olmuşdur. Bəzi meşə formasiyaları iqlim dəyişikliyindən faydalana bilsə də, əksər formasiyalar fəsadlara məruz qalmışdır.  İsti iqlim şəraiti, kserofıt meşə əmələ gətirən - Paliurus Mill., Prunus amygdalus Batsch, Rhamnus L., Crataegus L., Rosa L., Juniperus L.) qaratikan, badam, tobulqa, murdarça, yemişan, itburnu, ardıc, vələs və s. cinslər üçün şərait daha əlverişli olasa da, rütubətsevən (Platanus orientalis L., Populus L., Salix L., Ulmus L.) şərq çinarı, qovaq, söyüd, qarağac və s.cinslər üçün  ekoloji cəhətdən az əlverişsizdir.

Çox təəssüflə qeyd edək ki, Oxçuçay  və ətraf ərazilərin təbiətinə - iqlim dəyişkənliyi və  30 ilə yaxın davam edən erməni hərbi təcavüzü, bioloji müxtəlifliyinə, su hövzələrinə ciddi ziyan vurmuşdur. Meşələr talan edilib, sənaye əhəmiyyətli növlər- Şərq çinarı, Araz palıdı, qoz ağacları, göyrüş (Quercus araxina A.Grossh., Juglans regia L., Fraxinus ornus L., Platanus orientalis L.) və s. qırılıb, digər ağac və kol növləri isə yanacaq kimi istifadə edilmişdir. Hazırda yaşıl görüntü yaradan bu meşəliklər, əslində vaxtilə ermənilər tərəfindən qırılmış ağacların kökü üstündə inkişaf edən topa şəkilli pöhrələrdən ibarətdir.

Meşə örtüklərinin antropogen təsirlərə məruz qalması və əksər ağac növlərinin tərkibinin dəyişimə uğraması, birinci halda meşəbitmə şəraitinə təsir edir, ikinci halda isə meşəbitmə şəraitini ciddi dəyişikliklərə sövq edir. Ən yaxşı halda meşədə yaranan törəmə qrupuna aid əksər bitki örtüklərinə qarşı qabaqlayıcı tədbirlər aparmaqla meşənin ilkin təbiiliyini qaytarmaq mümkün ola bilər. Əgər meşəbitmə qaydaları çox pozulubsa, meşənin əvvəlki halını alması və onun bərpa olunması mümkünsüzləşir.

Meşə ekosisteminin bitkiliyi üçün 2 tip (mеşə, kоlluq), 7 formasiya, 35 assosiasiya müəyyən еdilmişdir. Dağlıq ərazinin enliyarpaqlı meşələrinin dominant növü Quercus araxina A.Grossh., Platanus orientalis L. olsa da, subdominant növlər olan Juglans regia L., Celtis L., Carpinus orientalis Mill., Pistacia lentiscus L., Ulmus L., Pyrus salicifolia Pall., Juniperus foetidissima Willd növləri meşənin formalaşmasında xüsusi əhəmiyyət daşıyır. Kserofit seyrək meşəliklər - belə meşələr quraqlığa davamlı ağac və kollardan ibarət olmaqla arid ərazilərdə inkişaf etmişlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: