ETN Geologiya və Geofizika İnstitutunun Biota təkamülü və geoloji hadisələrin korrelyasiyası şöbəsinin kiçik elmi işçisi Telli Həmzəyeva Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq geologiya çempionatında iştirak edib.
O, Azərbaycanı beynəlxalq səviyyədə təmsil edən yeganə iştirakçı olub. Çempionat müxtəlif ölkələrdən gəlmiş gənc geoloqları bir araya gətirib. Yarış iştirakçılarının peşəkar bilik və bacarıqlarını yoxlamaq məqsədilə nəzəri və praktiki mərhələlər reallaşıb. İştirakçılar minerologiya, petroqrafiya, laborator-analitik tədqiqatları, stratigrafiya və paleontologiya, dördüncü çöküntülər geologiyası, tektonika, geoloji xəritə və kəsiliş tərtibi, nadir geoloji abidələr, metallogeniya, geoloji marşrut, geoloji viktorina istiqamətində sınaqdan keçiblər.
GGİ-nin əməkdaşı Telli Həmzəyeva 21 aprel - 5 may 2025-ci il tarixlərində keçirilən I turu uğurla keçərək 17-23 may 2025-ci il tarixlərində keçirilən əsas yarış mərhələsinə vəsiqə qazanmışdı. Yarış iştirakçıları 7 nəfərlik komandalar şəklində (5 iştirakçı - xarici ölkə nümayəndələri, 2 kurator - 30 yaşadək rusiyalı gənc geoloqlar) təşkil edilmişdi. Komanda nəticədə çempionatda 4-cü yeri tutmuşdu.
Çempionatda iştirak doktorantın hazırlıq səviyyəsini nümayiş etdirməyə, peşəkar bacarıqlarını genişləndirməyə və yarış iştirakçıları ilə təşkilatçıların arasında elmi əlaqələrin qurulmasına imkan yaratmışdı.
Telli Həmzəyeva doktorantı və əməkdaşı olduğu Geologiya və Geofizika İnstitutuna, həmçinin bakalavriat və magistratura təhsili aldığı Bakı Dövlət Universitetinin bütün müəllimlərinə, eləcə də beynəlxalq çempionatda iştirak imkanları barədə məlumat verdiklərinə görə şöbə rəhbərliyə minnətdarlıq ifadə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.