Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

29.08.2024 11:56
  • A-
  • A
  • A+

Türkiyədə 8 min il əvvələ aid qadın fiquru tapılıb

Türkiyədə 8 min il əvvələ aid qadın fiquru tapılıb

Türkiyənin Ulucak Höyük bölgəsində 8000 il yaşı olan qadın heykəlciyi aşkar edilib. Bu ərazidə Neolit dövründən bəri fasiləsiz şəkildə yaşayış olduğu qeyd edilir. 

Ulucak Höyük Türkiyə ərazisində kənd təsərrüfatının formalaşdığı ilkin ərazilərdən biri hesab edilir və İzmirin Kemalpaşa rayonunda yerləşir.

Trakya Universitetinin Prototarix və Kiçik Asiya Arxeologiyası kafedrasından professor Özlem Çevik tərəfindən burada aparılan qazıntılar zamanı, ilk dəfə olaraq ağızlı qadın fiqurunun keramika nümunəsi tapılıb.

Ərazidə aşkarlanmış keramika nümunələri regionun Neolit dövrünə işıq tutur.

Prof. Özlem Çevikin sözlərinə görə, Ulucak Höyükdəki ilk məskən 8,850 il əvvələ aiddir. 1150 il boyunca burada fasiləsiz yaşayış olub və məskunlaşma 45 nəsil davam edib. Bu il qazıntılar dağlıq ərazidə davam edir. İndiyədək aşkarlanmış ən mühüm tapıntılardan biri qadın fiqurudur. Ümumiyyətlə, Ulucakda qollar, ayaqlar və başlar kimi fiqur hissələrini tapılıb. O bildirib ki, bu il aşkarlanan heykəlcik indiyə qədər bütöv şəkildə tapılmış 6-cı fiqurdur.

Arxeoloq bildirib ki, qadın fiqurunu digərlərindən fərqləndirən ən mühüm amil onun ağzının göstərilməsidir. Çünki kiçik fiqurlarda adətən gözlər və burun olur. Bu fiqurda isə ağız oyuq şəklində göstərilmiş, həmçinin boyunda bəzək əşyasını ifadə edən bir dəlik açılmışdır.

Prof. Ö.Çevik vurğulayıb ki, “Bu fiqur burada yaşayan, icma daxilində hekayələr danışan şəxsi təmsil edə bilər. Fiqur gildən hazırlanmışdır. Ölçüsü 8-10 santimetrdir. Onları evlərin içində, soba yaxınlığında, qapı daşlarının altında və ya daş alətlər ilə əlaqəli olan çuxurlarda tapırıq. Fiqurlar müəyyən hərəkət və ya tələbləri yerinə yetirmək məqsədilə ritual əşyalar kimi istifadə edilmiş ola bilərlər.”

Tərcümə: Reyhan Məcidli, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi

anatolianarchaeology.net

  • Paylaş: