Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.08.2024 19:08
  • A-
  • A
  • A+

Akademik Fikrət Əliyev Türkiyədə 9-cu COIA-2024 beynəlxalq konfransında çıxış edib

Akademik Fikrət Əliyev Türkiyədə 9-cu COIA-2024 beynəlxalq konfransında çıxış edib

Türkiyənin İstanbul Cerrahpaşa Universitetində “Sənaye, tətbiqli idarəetmə və optimallaşdırma” (The 9th International Conference on Control and Optimization with Industrial Applications) mövzusunda 9-cu beynəlxalq elmi konfrans (COIA-2024) hibrid formatda öz işinə başlayıb.

Ənənəvi olaraq təşkil olunan və 3 gün davam edəcək tədbir AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İstanbul  Cerrahpaşa Universiteti, Ağrı İbrahim Çeçen Universiteti və  Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.

Konfransın açılışında Türkiyənin millət vəkili Şamil Ayrım, İstanbul Cerrahpaşa Universitetinin rektor yardımcısı professor Erol İncə, “Katoder” şirkətinin rəhbəri Sabiha Gül Doğan və konfransın təşkilat komitəsinin həmsədrləri - akademik Fikrət Əliyev və Ahmet Ocak Akdemir çıxış ediblər. 

Akademik Fikrət Əliyev tədbirdə elmi nəticələrin sənaye və iqtisadiyyatda tətbiqindən, optimallaşdırma və idarəetmənin aspektlərindən danışıb, beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb. Daha sonra o, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin təbrik mesajını konfrans iştirakçılarının diqqətinə çatdırıb. 

Qeyd edək ki, tədbirdə dünyanın 30-dan artıq ölkəsindən 200-dən çox riyaziyyatçı alim və ekspert, o cümlədən  optimal və idarəetmə sahəsində çalışan 7 dəvətli məruzəçi iştirak edir. Həmçinin Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru akademik Fikrət Əliyevin rəhbərlik etdiyi 20 nəfərdən çox nümayəndə heyəti ölkəmizi yüksək səviyyədə təmsil edir.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssislər idarəetmə nəzəriyyəsi, optimallaşdırma, intellektual sistemlər, qeyri-səlis idarəetmə, hesablama metodları, şəbəkə və telekommunikasiya, riyazi modelləşdirmə və simulyasiya, sənaye və iqtisadiyyatda tətbiqlər, identifikasiya və digər mövzular ətrafında müzakirələr aparacaqlar.

COIA-2024 ilk dəfə olaraq IEEE Türkiyə Bölməsindən texniki cəhətdən dəstəklənir. Qəbul edilmiş məqalələr IEEE Xplore-a daxil olmaq üçün təqdim ediləcək. Həmçinin qəbul edilmiş və konfransda məruzə edilən bütün məqalələr Web of Science: Conference Proceedings Citation Index bazasında indekslənmək üçün təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: