Özbəkistanın mədəni irsinin öyrənilməsi, qorunması və təbliği üzrə Dünya Cəmiyyətinin (WOSCU) təşkilatçılığı ilə Səmərqənd və Daşkənd şəhərlərində “Böyük əcdadların irsi - III Renessansın əsası” adlı VIII beynəlxalq konqres keçirilib.
Konqresin keçirilməsində məqsəd Özbəkistanın mədəni-humanitar sahədə inkişaf yolunun işıqlandırılması, özbək xalqının mədəni və mənəvi irsinin öyrənilməsi, qorunması və təbliği sahəsində əməkdaşlığın inkişaf etdirilməsi olub.
Sözügedən konqresdə AMEA-nın Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova da iştirak edib.
Qurultayın açılışı ərəfəsində Daşkənddə tikilməkdə olan İslam Sivilizasiyası Mərkəzində tikinti işləri ilə tanışlıq olub, mərkəzin quruluşu ilə bağlı filmin nümayişi izlənilib. Daha sonra Səmərqənd şəhərində İmam Buxari məqbərəsi ziyarət olunub, elm mərkəzi və mədrəsə ilə tanışlıq baş tutub.
Konqresdə Aynur İbrahimovanın “Türk dünyasının ortaq mirası – folklor ənənələri” mövzusunda çıxışı maraqla dinlənilib, ortaq mirasımız olan və arxaikləşən bəzi folklor nümunələrinin tədqiqi və təbliği istiqamətində maraqlı fikir və təkliflər irəli sürülüb.
Özbəkistan hökuməti, TÜRKSOY, ISESKO, IRCICA (İslam Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzi) və digər mühüm beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən, 40 ölkədən 400-ə yaxın alimin iştirak etdiyi konqres çərçivəsində əməkdaşımız mətbuata müsahibələr verərək folklorşünaslıq elminin gələcək perspektivlərindən danışıb və türk xalqlarının ortaq mədəni dəyərlərinin təbliğinin vacibliyini vurğulayıb. A.İbrahimova konqres çərçivəsində Daşkənd və Səmərqənd şəhərlərində təşkil olunan mühüm beynəlxalq görüşlərdə də iştirak edib. O, səfərin sonuncu günündə XIII Beynəlxalq “Şərq təranələri” musiqi festivalının təntənəli açılış mərasiminə də qatılıb.
Sonda Aynur İbrahimova sertifikatla təltif edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.