Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.09.2024 14:48
  • A-
  • A
  • A+

Gəncə Bölməsində Heydər Əliyev Mərkəzi bərpa edilib

Gəncə Bölməsində Heydər Əliyev Mərkəzi bərpa edilib

Azərbaycanın müasir inkişafı və milli-mənəvi dəyərlərinin qorunması, yüksəlişi  və beynəlxalq miqyasda  təbliği yönündə möhtəşəm işlər həyata keçirən Heydər Əliyev Fondunun 20 illik əlamətdar tarixinə ithaf olunaraq, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsində Ulu Öndərin irsinin tədqiqi, təbliği və təşviqi yönündə fəaliyyət göstərən Mərkəz yenidən qurulub.

Bu münasibətlə kollektivin toplantısında çıxış edən Bölmənin sədri, akademik Fuad Əliyev Gəncənin bu başlıca elm ocağında Ümummilli Liderin adını daşıyan Mərkəzin yenidən qurulmasını şəhərin elm aləminin tarixində mühüm hadisə kimi səciyyələndirib. O, vurğulayıb ki, AMEA Gəncə Bölməsində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi  şəhərin ziyalı mühiti üçün əhəmiyyətli töhfədir.

Akademik Fuad Əliyev, həmçinin Ulu Öndərin respublika rəhbərliyinə gəldiyi andan etibarən, tarixən Azərbaycanın taleyində strateji əhəmiyyət daşıyan Gəncənin inkişafına xüsusi diqqət verdiyini vurğulayıb. O, qeyd edib ki, Heydər Əliyevin bu şəhərə səfərlərinin xronologiyasını Gəncənin intibah salnaməsi adlandırmaq olar. Bu baxımdan, akademik Fuad Əliyev xüsusən gənc tədqiqatçıları Heydər Əliyevin gələcəyə, bu günümüzə və sabahımıza ünvanlanmış strateji düşüncəsinin mahiyyətini davamlı olaraq araşdırmağa səsləyib.

Akademik Fuad Əliyev Mərkəzdə Ümummili Lider Heydər Əliyevin Gəncə şəhərinə etdiyi 12 səfəri, buradakı işgüzar görüşləri, səfərlərin nəticəsi kimi respublikanın ikinci şəhərinin inkişafına dair verdiyi sərəncam və göstərişləri əhatə edən sənəd və məlumatlar, həmçinin fotoşəkillərin toplandığını, eləcə də bu materialların elektron variantının da mövcud olduğunu diqqətə çatdırıb.      

Akademik Fuad Əliyev bildirib ki, Mərkəzdə Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşdırılması, ölkəmizin quruculuq strategiyasının əsaslarının qoyulması, eləcə də müasir dövrdə Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin uğurlu milli və beynəlxalq siyasətinin tədqiq və təbliği məsələləri üçün lazımi şərait yaradılıb.

Yeniləşmiş Mərkəzlə tanışlıq bölmənin kollektivində, xüsusən gənc əməkdaşlarda böyük maraq oyadıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: