Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.09.2024 16:30
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin məqaləsi nüfuzlu jurnalda dərc olunub

Azərbaycanlı alimlərin məqaləsi nüfuzlu jurnalda dərc olunub

AR Elm və Təhsil Nazirliyi Biofizika İnstitutunun əməkdaşları AMEA-nın müxbir üzvü Oktay Qasımov və elmi işçi Mətanət Baxışovanın İtaliyanın Nanotexnologiya İnstitutu (CNR) (D.Simeone və başqaları) və Azərbaycan Milli Onkologiya Mərkəzinin əməkdaşları akademik Cəmil Əliyev və Elxan Kazımovla birgə işləri Q1-ə daxil olan (İF= 5.3, SiteScore= 8.3) “ACS Applied Nano Materials” adlı nüfuzlu jurnalda dərc olunub.

“Tailoring Gold Nanoisland-Based Biosensors for Ultrasensitive Detection of Doxorubicin in Biological Fluids” adlı məqalədə görülən işlərin əsas məqsədi bu gün dünyada tibbin əsas prioritet sahəsi olan “Fərdiləşmiş təbabətə” töhfə verməkdir. Fərdiləşmiş təbabət vasitəsilə hər bir xəstə üçün xüsusi fizioloji parametrlərin müəyyənləşdirilməsi və ən uyğun, effektiv müalicə üsullarını təyin etmək mümkün olur. Dərman müalicəsinin dozası və müddəti bir tərəfdən dərmanın effektivliyini artırmaq, digər tərəfdən isə yan təsirləri minimuma endirmək üçün fərdiləşdirilməlidir. Başqa sözlə desək, dəqiq təbabət plazmadakı dərman konsentrasiyasını təyin etmək və müvafiq olaraq dozaj diapazonunu optimallaşdırmaq üçün terapevtik dərman monitorinqini həyata keçirdir. Məqalədə xərçəng xəstəliyinin müalicəsində istifadə edilən və ciddi yan təsirlərə malik  agent olaraq diqqəti cəlb edən Doxorubicinin (DOX) qan plazmasındakı monitorinqi öz əksini tapmışdır.

Bunun üçün qan plazmasında DOX-u təyin etməyə imkan verən ultra-həssas rejimdə işləyə bilən biosensor hazırlanmışdır. Klassik Lokallaşdırılmış Səth Plazmon Rezonansına (LSPR) əsaslanan biosensor DOX-u nanomolar diapazondan, nüvə/qabıq Au/Al2O3 nanoadalarından ibarət yeni tip nanostrukturlu biosensor isə dərmanı pikomolar diapazonda təyin edə bilir.

Biosensorların müxtəlif in-vitro sistemlərində tətbiqində DOX-u yüksək həssaslıqla təyin etmək mümkün olmuşdur. Bundan sonra biosensorlar Milli Onkologiya Mərkəzində müalicə alan xəstədə dərmanın zamandan asılı dəyişməsinin izlənilməsində istifadə edilmiş və uğurlu nəticələr əldə olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: