Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.09.2024 12:43
  • A-
  • A
  • A+

Qarabağ iqtisadi rayonunun (Zəngilan) meşə ekosistemlərində bəzi bitki növlərinin fitosanitar monitorinqi

Qarabağ iqtisadi rayonunun (Zəngilan) meşə ekosistemlərində bəzi bitki növlərinin fitosanitar monitorinqi

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Bitki mühafizəsi laboratoriyası Zəngilan rayonunu meşə ekosistemlərində bəzi bitki növlərinin fitosanitar monitorinqini aparıb.

Tədqiqatın əsas məqsədi, Qarabağ iqtisadi rayonunun (Zəngilan) meşə ekosistemlərində, antropogen və müxtəlif zərərli orqanizmlərin təsirindən çoxillik ağac-kol bitkilərinin düçar olunduqları məhrumiyyətləri təhlil edərək, ümumi morfofizioloji vəziyyətlərini qiymətləndirərək, bərpa proseslərinin istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir. Tədqiqat prosesində monitorinq aparılmış bitki növlərində aşkar olunan zərərli orqanizmlərin təyinatı aparılaraq, qlobal iqlim dəyişkənliyin bitkilərə və onlarla qidalanan zərərli orqanizmlərin həyat tərzinə və inkişafına təsirini qiymətləndirməklə, onların yeni populyasiyalarının yaranma imkanlarının müəyyənləşdirilməsinə dair elmi araşdırmalar aparılmışdır. Ərazidə bəzi bitki növlərinin quruma səbəbləri araşdırılmışdır.

Qarabağ iqtisadi rayonunun Oxçuçay və Bəsitçay ətrafı (Zəngilan) meşə ekosistemlərində çoxillik ağac-kol bitkilərində aparılan fitosanitar monitorinq, müşahidə və müayinələrin nəticələrini təhlil edərək belə qənaətə gəlmək olur ki, mövcud ekosistemdə flora və fauna növləri uzun müddət antropogen və müxtəlif zərərli orqanizmlərin, həmçinin son zamanlar baş verən qlobal iqlim dəyişkənliyin təsirlərinə məruz qalmış, müxtəlif dərəcəli fiziki-kimyəvi zədələr alaraq sağlamlıqlarını itirmiş, ümumi morfofizioloji durumları gərgin olaraq qalır, hazırkı vəziyyətdə tədqiq olunan meşə ekosistemində sanitar-profilaktiki tədbirlərin və fitosanitar monitorinqlərin keçirilməsinə ehtiyac duyulur.

Tədqiqat ərazisində, monitorinq aparılmış bitki növlərində  müəyyən olunmuş zərərverici həşəratların hazırkı vəziyyətdə bitkilərin həyatı üçün təhlükə yaratmaq imkanları aşağı səviyyədədir, bu onunla izah olunur ki, ekosistemdə zərərvericilərin miqdarı təbii entomofaqlar və antoqonistlər tərəfindən tənzimləndiyindən onlar sürətlə artıb-çoxala bilmir, miqdarları ziyanlı həddə çatmır.

Fitopatoloji tədqiqatlardan aydın olur ki, müxtəlif bitki növlərində, o cümlədən qovaq, qoz və s. bitkilərdə identifikasiya olunmuş müxtəlif xərçəng xəstəliklərin törədiciləri ərazidə yayılaraq bitkilərin gövdə və budaqlarında fır, şiş, quru və sulu yaralar yaratmışdır, bu tip xəstəlikləri yaradan patogenlər bitki daxilində uzun müddət yaşayır, məhsuldarlığı aşağı salır, bitkilərin ömrünü azaldır.

Qlobal iqlim dəyişkənliyi ilə əlaqədar BMT-nin 29-cu sessiyasının respublikamızda keçirilməsi, eyni zamanda dövlət başçısı Prezident İlham Əliyevin məlum Sərəncamı ilə 2024-cü ilin  “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafının prioritetlərini müəyyənləşdirmişdir. Başlıca prioritet “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olaraq ətraf mühüitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpası və inkişafına, su ehtiyyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadəyə  hədəflənmişdir.

Böyük Qayıdışın əsas öhdəliklərinin tərkib hissəsi olaraq respublikamızın Qarabağ iqtisadi rayonun meşə ekosistemlərində biomüxtəlifliyin bərpası və inkişaf  etdirilməsidir, bu mühüm problemin həlli regionun ikişafı üçün geniş sosial-iqtisadi və ekoloji əhəmiyyət daşıyır. Bu nöqteyi-nəzərdən respublikamızın təbii meşə ekosistemlərində çoxillik ağac-kol bitkilərinin zərərli orqanizmlərin növ tərkibinin dəqiqləşdirilməsı, təhlükəli olanları müəyyənləşdirərək, iqlim dəyişkənliyi şəraitində özlərini aparmaq xüsusiyyətlərinin öyrənilməsi böyük elmi-praktiki əhəmiyyət daşıyır, ona görə də bu istiqamətdə elmi araşdırmaların aparılmasına böyük ehtiyac duyulur.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, “Böyük Qayıdışa dair I dövlət Proqramı” nın tədbirlər planının icrası ilə əlaqədar Qarabağ iqtisadi rayonunun Oxçuçay və Bəsitçay (Zəngilan) ətrafı meşə ekosistemlərində fitosanitar vəziyyəti öyrənmək üçün monitorinq aparılmışdır. Monitorinq zamanı bölgənin meşə ekosistemlərində mühüm təsərrüfat əhəmiyyətli bitki növlərinə baxış keçirilərək, antropogen təsirin (ekoloji terrorun) nəticələri,bitkilərin fiziki-kimyəvi zədələnmələri   qiymətləndirilmiş, entomoloji və fitopatoloji təqdqiqatlar aparılmışdır.

Tədqiqat ərazisi uzun müddət işğal altında olduğundan,bölgədə güclü antropogen təsirlər nəticəsində bitkilərin düçar olunduqları məhrumiyyətlər, fiziki-kimyəvi zədələnmələri təhlil edilərək qiymətləndirilmiş, bərpa proseslərinin istiqamətləri müəyyənləşdirilmişdir. İşğal dövründə erməni qəsbkarlarının törətdikləri ekoloji təcavüz nəticəsində meşələr qırılaraq məhv edilmişdir. Ağır hərbi texnika (tank, top, btr) və iri çaplı müasir döyüş silahları (qrantamyot, pulomyot, qrat və s.), istifadəsi qadağan olunan ballistik raket və müxtəlif zəhərli kimyəvi silahlarla erməni hərbi birləşmələri meşələrimizdə qiymətli çoxillik ağacları sıradan çıxardaraq min hektarlarla əraziləri talan etmiş, fauna və floraya ciddi ziyan vuraraq ekoloji teror törətmişlər. Ərazilərimizdə  torpaqlarımız, su mənbələri, ətraf mühit hər cür çirklənmələrə məruz qalmışdır. Erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərində torpağa, su mənbələrinə, meşələrə və ətraf mühitə vurduqları  ziyan, təkcə Cənubi Qafqaz regionuna deyil, bütövlükdə yer üzündə üzvi aləmin həyat mənbəyi olan yaşıl bitkilərə “Yaşıl Dünyamıza” qarşı törədilən ekoloji terror, həm də ekoloji cinayətdir.

Qarabağ iqtisadi rayonun meşə ekosistemlərində məlum səbəblərdən çoxillik ağac-kol bitkilərinin ayrıca fiziki və kimyəvi təsirlədən aldıqları zədələrin qiymətləndirilməsi texniki cəhətdən və zaman baxımından çətin və mürəkkəb olsa da, onların düçar olunduqları məhrumiyyətlər mahiyyət və məzmun etibarıilə həddindən artıq böyük, həm də təhlükəlidir. Onlar müxtəlif streslərlə üzləşdikləri üçün, ilk növbədə böyümə və inkişaflarından qalmış, həyatlarında çətin bərpa olunan və ya tamamilə bərpa olunmayan zədə və fəsadlara məruz qalmışdır.

Tədqiqat ərazisində antropogen amillə yanaşı, qlobal iqlim dəyişkənliyin biomüxtəlifliyə, o cümlədən zərərli orqanizmlərin inkişafına təsirləri tədqiq edilərək, zo-in yeni populyasiyalarının yaranmasını müəyyənləşdirmək üçün elmi araşdırmalara başlanılmışdır. Zərərli orqanizmlərin həyat tərzinə və inkişafına mühit amillərin təsirini qiymətləndirmək üçün, orqanizmlərin fərdi inkişafının ekoloji mühit amillərindən asılılığının başlıca qanunauyğunluqlarını əsas götürərək idarə olunmalarına dair qısa və ya uzun müddətli proqnoz hazırlanır. Proqnoz əsasında dəyişən iqlim amilinin ayrıca, hər bir zərərli orqanizmin fərdi inkişafına təsiri qiymətləndirilir, mübarizə tədbirinin aparılması dəqiqləşdirilir, başqa sözlə mübarizə işinə ehtiyacın olub-olmamasına qərar verilir.

Tədqiq olunan təbii meşə ekosistemində nisbətən üstünlük təşkil edən bitki növlərinə, o cümlədən qarağac, palıd, cökə, qovaq, püstə, qoz, meşə fındığı, itburnu, böyürtkən və s. fitosanitar baxış keçirilərək müxtəlif zərərli orqanizmlərin təsirindən bitkilərin xarici qurluşunda əmələ gələn morfofizioloji dəyişikliklər qeyd olunaraq fotoşəkillər çəkilmiş, əyaniləşdirilmişdir. Zədələnmiş və xəstə bitkilərdən nümunələr götürülmüş, laborator tədqiqatları aparılmış, aşkar olunan zərərli orqanizmlər təhlil olunaraq, növlər müəyyən edilərək, quruplaşdırılmışdır. İlkin monitorinqlər zamanı tədqiq olunan bitki növlərində aşağıdakı zərərli orqanizmlər aşkar olunmuşdur.

Tədqiqatlarda zərərli orqanizmlərlə yanaşı, onların təbii düşmənlərinin (entomofaqlar) monitorinqi aparılmışdır. İlkin araşdırmalar zamanı, ekosistemdə iri yırtıcı hörümçək- Araneus  bisentonarius aşkar olunmuşdur. Mövcud ekoloji mühitdə aşkar olunan bu yırtıcı həşərat, faydalı entomofaqdır,  bir çox  həşərat sürfələri, tırtıllar və  yetkin fərdlərlə qidalanır, təbii tənzimləmə proseslərində aktiv iştirak edir, səmərəli fəaliyyəti yuksəkdir.

Qarabağ iqtisadi rayonun Oxçuçay və Bəsitçay ətrafı meşələrdə aparılan monitorinqlər zamanı çoxillik bitkilərin gövdə, ştamb və əsas budaqlarında güclü mexaniki zədələnmələr, uzunmüddətli xroniki yaralar, xərçəng yaraları, ağacın tam quruması, təpə quruması, əsas budaqların quruması müşahidə olunmuşdur. Həmçinin bitkinin vegetativ (yarpaq, zoğ) və generativ orqanlarında (meyvə, toxum, çiçək və çiçək qrupu) yaranan morfofizioloji dəyişikliklər qeydə alınmışdır. Tədqiqat ərazisində su mənbələrinin məcrasının dəyişdirilməsi nəticəsində bir çox bitki növlərinin kütləvi quruması müşahidə olunmuşdur. Su hövzələri, çayətrafı və eləcədə çayboyu  bitən  çoxillik ağaclar kifayət qədər rütubətli mühitdə yaşadıqları üçün onların orqanizmləri bu mühitə uyğunlaşdıqlarına görə suya tələbatları olduqca yüksək olur, su mənbələrinin istiqaməti qəsdən qəflətən dəyişdirildiyindən, bitkilər su çatışmamazlığından əziyyət  çəkirlər, uzun müddət davam edən quraqlığa  dözməyərək fiziki quruyaraq məhv olmuşdur. Ümumiyyətlə, işğal olunmuş ərazilərdə meşə bitkiləri birbaşa və ya dolayısı ilə ekoloji təcavüzə məruz qalmışdır.

Fitosanitar vəziyyətin öyrənilməsi ilə əlaqədar aparılan monitorinqlər zamanı çoxillik ağac-kol bitkilərində identifikasiya olunmuş endogen və ekzogen zərərli orqanizmlər bitkiləri hər il təkrarən yoluxaraq, onlarla bərabər birgə yaşayırlar, onların həyatı üçün qısa müddətdə ciddi təhlükə yaratmasalarda, ilk növbədə məhsuldarlığa kifayət qədər böyük ziyan vururlar, bitkilərin sağlamlığları və ömürləri tədricən azalır. Bu proses 30 il və daha çox ( 50 ilə qədər) davam edə bilir. Uzun müddət meşədaxili sanitar-profilaktiki tədbirlər aparılmadığı üçün (qurumuş ağac və qurumuş bitki hissələrinin kəsilərək təmizlənməsi və kənarlaşdırılması və s.) meşədə sıxlığ yarandığından, burada hava cərəyanı (sirkulyasiya) zəiflənmiş, xəstəlik törədicilərin və zərərverici həşəratların inkişafı üçün əlverişli şərait yaranmışdır.       

Həmçininin qeyd etmək lazımdır ki, tədqiqat ərazisində, qovaq ağaclarının müxtəlif biotik və abiotik təsirlərə həssaslığı müşahidə olunmuşdur. Ərazidə müxtəlif xərçəng xəstəliklərin simptomları olan qurumuş qovaq ağaclarına tez-tez rast gəlinmişdir. Oxşar vəziyyət qoz ağaclarında da müşahidə edilmişdir. Bitkilərin sanitar durumunu yaxşılaşdırmaq üçün, meşədaxili sanitar-profilaktiki tədbirlərin kecirilməsi və mütəmadi olaraq monitorinqlərin aparılması olduqca vacibdir.

Şaməddin QƏHRƏMANOV, Dendrologiya İnstitutunun Bitki mühafizəsi laboratoriyasının müdiri aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: