Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev 10-12 sentyabr 2024-cü il tarixlərində Belarusun Minsk şəhərində “Белорусская Транспортная Неделя - 2024” çərçivəsində keçirilən “Nəqliyyat və logistika fəaliyyətinin rəqəmsal transformasiyası: vəziyyət və perspektivlər” (Цифровая трансформация ТЛД: состояние и перспективы) adlı beynəlxalq elmi-praktiki konfransda iştirak edib.
T.Babayev konfransda “Azərbaycan Respublikasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin milli seqmentinin rəqəmsallaşdırılmasına yanaşmalar” adlı təqdimatla çıxış edib. Alim, həmçinin “Yük daşımalarının inkişafı, “Şimal-Cənub” və “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizlərinin rəqəmsallaşdırılması” mövzusunda keçirilən müzakirələrdə iştirak edib.
Belarus nəqliyyat həftəsi çərçivəsində, həmçinin “Nəqliyyat və logistika” adlı XIV beynəlxalq sərgi, bir sıra beynəlxalq konfrans, seminar və dəyirmi masalar təşkil edilib. Həyata keçirilən tədbirlər hazırda ölkəmiz üçün də aktual olan mövzuların müzakirəsinə həsr olunub. Tədbirdə nəqliyyat və logistikanın inkişafında mövcud tendensiyalar, beynəlxalq nəqliyyat dəhlizləri ilə yük daşıyan sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin təmin edilməsində Avrasiya dövlətlərinin təcrübəsi, hava, avtomobil, dəmir yolu və su nəqliyyatının əsas inkişaf istiqamətləri, nəqliyyat və logistika sektorunda beynəlxalq əməkdaşlığın inkişafının əsas istiqamətləri və digər məsələlər ətrafında dünya elmi ictimaiyyəti tərəfindən fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.